13/01/2016
17:17
4896
| A A A
Amil Yunanov: "“Qarabağ”a asan təslim olmayacağıq"
Goal.az "Sumqayıt”ın hücumçusu Amil Yunanovun müsahibəsini təqdim edir:
 
 
- Hazırda qış transfer pəncərəsidir. Təkliflər var?
- Ümumiyyətlə təkliflərlə maraqlanmıram. "Sumqayıt”dan ayrılmaq istəmirəm. Bütün fikrimi məşqlərə cəmləmişəm.
 
 
- Mövsümün ikinci yarısında "Sumqayıt”ın əsas hədəfi nədir?
- Mövsümün ilk yarısını layiq olmadığımız yerdə başa vurduq. Biz daha yaxşı pillələrdə olmalı idik. Bütün oyunlara ciddi hazırlaşıb, daha çox xal toplamağa çalışacağıq. Həmçinin Azərbaycan Kubokunda da uğurlu çıxış etmək istəyirik. "Qarabağ”a asan təslim olmayacağıq.
 
 
- Mart ayında milli komandamızın təlim-məşq toplanışı olacaq. Təklif gözləyirsiniz?
- Hər bir futbolçuda olduğu kimi mənim də, ən böyük arzum milli komandanın formasını geyməkdir. Mart ayında milliyə dəvət alacağımı fikirləşməmişəm.
 
 
- Əgər Robert Prosineçki sizə təklif göndərməsə, bunu özünüzə haqsızlıq kimi hesab etmərsiniz?
- Mən bunu heç vaxt haqsızlıq kimi hesab etmərəm. Hər bir məşqçinin öz seçimi var. Əgər milliyə dəvət almasam daha çox çalışaram ki, yığmaya çağırılım.
 
 
- Komandaya Vaqif Cavadov transfer oldu. Heyətdə yerinizi itirməkdən qorxrmursunuz?
- Vaqif Cavadov Azərbaycan futbolunda öz sözünü demiş oyunçulardandı. Çox sevindirici haldır ki, O "Sumqayıt”da çıxış edəcək. Çox şadam ki, hücumda Vaqif kimi forvardla çıxış edəcəm. Heyətimizdə çoxlu təcrübəli futbolçular var ki, onlardan öyrənmək lazımdır. İnşallah Vaqif Cavadovun bizə faydası çox olar. Həm də mən sırf hücumda oynayıram. Cavadov isə cinahlarda çıxış edir. Samir müəllim mənə nə zaman şans versə, canla-başla vuruşmağa hazıram.
 
 
- Aktivinizdə 6 qol var. Mövsümü neçə qolla başa vurmağı planlaşdırırsınız?
-  İnşallah, bunu zaman göstərəcək. Mən istəyirəm ki, daha çox qol vurum. Bacardığım qədər daha çox fərqlənməyə çalışacam. Hər bir hücumçu kimi mənim də, ən böyük arzum Premyer Liqanın bombardiri olmaqdır. Əsas məqsədim budur. Öz qollarımla komandama kömək etmək istəyirəm. İnşallah, əziyyətimin bəhrəsini görərəm.
 
 
- Sosial şəbəkə hesabında özünü "Milli Vardy” adlandıraraq şəkil paylaşmısınız…
- Bu fotonu yaxın dostlarımdan biri düzəltmişdi. Şəkil də xoşuma gəldi və paylaşdım. Ceymi Vardi güclü hücumçudur. Bu il O çox uğurlu çıxış edir. Amma özümü Ceymi Vardiyə oxşatmıram. Sadəcə şəkil çox xoşuma gəlmişdi (gülür).  (Sportal.az)
 
GÜNÜN ƏN ÇOX OXUNANLARI