14/01/2016
23:13
4291
| A A A
Zlatan Vanev: "Azərbaycandan gedəndən sonra mənim günahsız olduğumu dedilər"

Goal.az ağırlıqqaldırma üzrə Azərbaycan millisinin sabiq baş məşqçisi, bolqarıstanlı mütəxəssis Zlatan Vanevin müsahibəsini sizə təqdim edir:


- Azərbaycan millisindən ayrıldıqdan sonra sorağınız yoxdu. Nə işlə məşğulsuz?

- Hazırda Bolqarıstandayam. Burada məşqçi kimi çalışıram. Ölkənizdən qayıtdıqdan sonra fəaliyyətimi öz klubumda davam etdirirəm.

- Bu sizin yeni iş yerinizdi?

- Yox. Azərbaycana gəlməzdən də burada çalışırdım. İndi də doğma komandamlayam.

- Təxminən 1 ildi Azərbaycanı tərk etmisiz. İdmanımızı, xüsusilə də ağır atletlərimizin çıxışını izləyirsizmi?

- Əlbəttə. Axı, mən 4 il bu komandada çalışmışam. İdmançılarınızın çıxışını izləməyim də normaldı. Yetirmələrimdən biri hələ də millinizdədi. Bu, Valentin Xristovdu.

- Ölkəmizdə çalışdığınız vaxt yığmamıza cəlb olunan həmyerliniz Boyanka Kostovanın uğurlarından yəqin ki, xəbəriniz var. Dünya çempionluğunu rekordlarla qazanan ağırlıqqaldırandan bu nəticəni gözləyirdizmi?

- Boyanka bundan sonra da çox uğurlar qazanacaq. O, dünyada ən yaxşı atletlərdən biridi.

- Yetirməniz olan Xristovun məşqinə hələ də nəzarət edirsizmi?

- Yox. Mən hələ ötən ilki Avropa çempionatı öncəsi onu Azərbaycanda qoyub getdim. Məşq prosesinə nəzarət etməsəm də, çıxışlarını diqqətdə saxlayıram.

- Həm Xristov, həm də Boyanka üçün uğurlu alınan dünya çempionatı Azərbaycan idmanı üçün xoşagəlməz halla nəticələndi. Yığmamız növbəti dəfə dopinq qalmaqalı ilə üz-üzə qaldı. Bundan xəbəriniz varmı?

- Mən Azərbaycanda işləmirəm. Bu səbəbdən nəsə deyə bilmərəm. Ötən ilin martından Bolqarıstandayam və ölkənizdə bu idman növü ilə nələr baş verdiyindən xəbərim yoxdu.

- Dopinq qalmaqalını da heç eşitməmisiz? Axı, yetirməniz olan Xristov da qadağan olunmuş preparatlar istifadədə günahlandırılanlar sırasındadı...

- Bunu eşitmişəm. Bu hər bir idmançı üçün xoşagəlməz haldı.

- Valentinin dopinqdən istifadə etdiyinə inanırsızmı?

- Əsla. Amma yenə dəqiq nəsə deyə bilmərəm. Çünki artıq onu mən hazırlamıram.

- Necə düşünürsüz, A testi müsbət nəticələnən Xristovun B testi nə göstərəcək? Bu ona ikinci dəfə, yəni ömürlük cəzalanmaq bahasına başa gələ bilər...

- Hazırkı statistika göstərir ki, A probunda dopinq tapılan idmançıların 99 faizində B probu da eyni nəticəni verir. Ümid edək ki, Xristovda belə olmayacaq və o, Olimpiadada çıxış edəcək.

- Yetirmənizin dopinqdən istifadə etdiyinə inanmırsız. Bəs necə olur ki, onun orqanizmində dopinq tapılır?

- Bilmirəm. Nəsə deməyə belə çətinlik çəkirəm.

- Amma yığmamızın ətrafında ilk belə böyük qalmaqal sizin vaxtınızda yaşanıb. Həmin vaxt 18 idmançımız diskvalifikasiya olmuşdu ki, onlar arasında yetirməniz də vardı...

- Hazırda dünyada olan vitaminlərin 80 faizinin tərkibində qadağan olunmuş preparatlar var. Həmin dərmanlar ağır atletikada qadağan olunub.

- Bəs necə olur ki, bu vitaminlərdən istifadə edənlərin heç də hamısı deyil, xüsusilə də bizimkilər "ilişir”?

- Vitaminləri alarkən, onların tərkibinin normal olduğuna inanırsan. Sonradan məlum olur ki, heç də belə deyil. Hər istehsalçı öz vitaminlərinin daha çox satılmasını istəyir.

- Belə çıxır ki, alınan dərmanlara nəzarət düzgün deyil.

- Əlbəttə, nəzarəti daha düzgün şəkildə qurmaq lazımdı.

- İlk dopinq qalmaqalının ilk günahkarlarından biri siz sayılmışdız. Amma sizin yoxluğunuzda da millimiz eyni aqibətlə üzləşdi. Belə çıxır ki, səbəbi sizdən kənarda axtarmaq lazımdı?

- Bildirim ki, hətta Gənclər və İdman Nazirliyində də mənim günahsız olduğumu dedilər. Onlar dopinq məsələsini araşdırdıqdan sonra bu qənaətə gəlmişdilər.

- Bəs onda niyə qalmaqalın ardından postunuzu tərk etdiz?

- Bu tam başqa – ailə məsələləri səbəb oldu. Onlar məndən uzaqda yaşayırdılar. 4 il Azərbaycanda çalışdıqdan sonra ailəmin yanına dönməyə qərar verdim. Artıq uşaqlarım böyüyüb, onların yananda olmaq lazımdı. Onlardan uzaqda mənə çox çətin idi. Oğlum da ağır atletika ilə məşğul olur.

- Nazirliyin araşdırma apardığını söylədiz. Bəs bu nə göstərdi?

- Bilmirəm.

- Bu qalmaqaldan sonra danışmamısız. Bəlkə indi açıqlayasız, günahkar kim idi?

- Mənə vətənimə qayıtdıqda da günahsız olduğumu dedilər. Bu səbəbdən də bir daha deyirəm ki, heç nədən xəbərim yoxdu. Düşünürəm ki, Azərbaycan ağır atletikası bundan sonra da yaxşı inkişaf edəcək, Olimpiadada medal qazanacaq. Ümid edək ki, bu dəfə "qızıl” olacaq. Ölkənizdə yaxşı idman infrastrukturu var. İdman da çox sürətlə inkişaf edir. (Apasport)

GÜNÜN ƏN ÇOX OXUNANLARI