19/01/2016
16:25
3892
| A A A
“Qəbələ”də maaş və digər ödənişlərdə gecikmə olmurdu"

"Qəbələ”dən ayrılaraq, "Çernomorets”lə müqavilə bağlayan qapıçı məşqçisi Andrey Qluşenko Ukrayna mətbuatına geniş müsahibə verib.  Goal.Az xəbər verir ki, 42 yaşlı mütəxəssis "Qəbələ”dəki fəaliyyətindən və Azərbaycanda gördüklərindən danışıb.

- 2014-cü ildə Roman Qriqorçukla birlikdə Ukraynanı tərk edərək, Azərbaycana yollandınız. Həmin qərarı qəbul etməyinizdə əsas rolu nə oynamışdı?

- Roman İosifoviç "Qəbələ”dən təklif alanda mənə də onunla birlikdə Azərbaycana getməyi təklif etdi. Razılaşdım. Biz Qriqorçukla 1 ilin tanışları deyilik. Odu ki, ona xüsusi sualım olmadı. Ailəmlə məsləhətləşdim və getməyə razılıq verdim. Həmin vaxt onsuz da, Ukraynada vəziyyət yaxşı deyildi. Ancaq düşünmürəm ki, mənim Azərbaycana getməyimə əsas səbəb bu olub. Məşqçilər korpusunun bir üzvü idim və elə həmin məqamda Qriqorçuka Azərbaycandan təklif gəldi. Mən ora Roman İosifoviçə kömək etməyə getmişdim. Yəni ölkədəki vəziyyətin pis olması, klubdakı maddi çətinlik qərarıma təsir göstərməmişdi.

- Yeri gəlmişkən, həmin vaxt Qriqorçukun adı Kiyev "Dinamo”su və "Dnepr”lə birlikdə hallanırdı. Bu cür təkliflər ola-ola, Azərbaycana yollanması haqda qərar qəbul etməsi sizdə təəccüb doğurmadı?

- Biz insana güvənirik. Baş məşqçi hansı qərarı qəbul edibsə, elə də olmalı idi.

- "Qəbələ”də hansı öhdəlikləriyerinə yetirirdiz?

- "Qəbələ”nin əsas komandasında qapıçı məşqçisi işləyirdim. Bacardığım işi görmək xoşuma gəlir. Bundan əlavə, bizimlə birlikdə "Çernomorets”dən Dmitri Bezotosnı da "Qəbələ”yə getmişdi. Onunla bir-birimizi çoxdan tanıyırıq. Hələ "Zaporojye”də mənim rəhbərliyim altında oynayıb.

- "Qəbələ” ilə müqavilənizin şərtləri "Çernomorets”dəkindən çox fərqlənirdi?

- "Qəbələ” ilə müqaviləm "Çernomorets”lə sözləşməmlə, demək olar ki, eyni idi. Sadəcə, "Qəbələ”də maaş və digər ödənişlərdə gecikmə olmurdu. Bir sözlə, şikayət etmək günah olar.

- Azərbaycana yeni gedəndə təəccübləndiyiniz bir şey oldumu?

- Qəbələ balaca şəhərdi. Mehmanxana və stadiondan savayı, getdiyim yer yox idi. Məni daha çox Bakı təəccübləndirdi. Çox gözəl şəhərdi. Bakının yollarında dəhşət hərəkət var. Fikrimcə, mən ora öz maşınımla getsəydim, dərhal onu satardım (gülür). Hesab edirdim ki, Odessada avtomobili heç də həmişə qaydalar çərçivəsində sürmürlər. Ancaq Bakıilə müqayisə etsək, deyə bilərəm ki, bizimkilər çox alicənab sürücülərdi. Lakin azərbaycanlı sürücülərin də haqqını yemək olmaz. Təxminən 1 il orda yaşadım. Bir dəfə də olsun, ciddi qəza ilə rastlaşmadım. Onu da əlavə edim ki, azərbaycanlılar öz vətənlərini çox sevirlər, əsl patriotdular. Bunu hər yerdə və hər insanda görmək mümkündü.

- Bəziləri Azərbaycanın çox qonaqpərvər ölkə olduğunu deyir. Bəzən isə bunun əksini eşidirik. Bəs siz necə hesab edirsiz?

- Şəxsən mənim Azərbaycanda hər şey xoşuma gəldi. Həm insanlar, həm də ölkənin özü ürəyimcə idi. Orda oynayan legionerlərdən də heç kim narahatlıq keçirmirdi. Odu ki, mən yalnız xoş sözlər deyə bilərəm.

- Qriqorçuk və onun məşqçi heyəti "Qəbələ”nin sabiq çalışdırıcısı Yuri Syomindən yaxşı nəticə göstərə bildimi?

- Mən bu iki məşqçini müqayisə etməzdim. Fikrimcə, bu, düzgün olmaz. O ki qaldı Qriqorçukla birlikdə gördüyümüz işə, biz komandanı yüksəldə və mövsümü 3-cü pillədə başa çatdıra bildik. Əsas nəticəmiz bürünc medal yox, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq idi.

- Avropa Liqasındakı uğurlu çıxışa azarkeşlər maraq göstərirdilərmi?

- Əlbəttə. Biz oyunlarımızı Bakıda keçirirdik, çoxlu azarkeş gəlirdi. Həm onlar, həm rəhbərlik, həm də biz sevinirdik. Həqiqətən də, unudulmaz anlar idi. Azərbaycanda insanlar Avrokubok oyunlarına baxmağa gedirlər. Çempionat görüşlərində isə vəziyyət fərqlidi. İstərdim ki, çempionat oyunlarına da çox insan getsin. Axı futbol azarkeşlər üçün oynanılır. Azərbaycanda futbol inkişaf edir.

- "Qəbələ”, "Neftçi” və "Qarabağ” – Azərbaycanın bu 3 top-klubu Ukrayna çempionatında çıxış etsəydilər, turnir cədvəlində hansı yerləri tutardılar?

- Bu komandalar Ukrayna Premyer Liqasında layiqli oynayardılar. Əminəm ki, onlar avrokuboklara düşmək uğrunda mübarizə aparan Ukrayna komandaları ilə rəqabət aparardılar.

- Çox az adam bilir ki, "Qəbələ”nin idman direktoru "Arsenal”ın və İngiltərə yığmasının əfsanəsi Toni Adamsdı...

- Onunla danışmaq mənə müəssər olub. Ancaq ingilis dilini "möhtəşəm” bildiyimdən, yalnız xüsusi kəlmələrlə söhbətləşmişik. Əla insandı, üzündə həmişə gülüş olur. Hər dəfə görüşəndə adamın işi ilə yaxından maraqlanır. Rəhbərlik Adamsa güvənir, çünki işinin öhdəsindən layiqincə gəlir.

- Son illər Azərbaycana çoxlu sayda ukraynalı qapıçı gedib: Dmitri Bezotosnı, İqor Litovka. Bura "Dinamo”nun yetirməsi olan Maksim Vaylonu da əlavə etmək olar...

- "Rəvan”da çıxış edən Konstantin Maxnovskini də qeyd edərdim. Unutmaq lazım deyil ki, Ukraynada güclü qapıçı məktəbi var. Gördüyümə əsasən deyə bilərəm ki, Azərbaycanda da yaxşı qapıçı məktəbi mövcuddu. Demək olar ki, hər komandada səviyyəli qolkiperlər çıxış edir. Bəlkə də, Bezotosnı özünü "Qəbələ”də yaxşı tərəfdən göstərdiyi üçün Azərbaycanda ukraynalı qapıçılara inam artdı.

- Əsas suala gəlib çatdıq. "Qəbələ”dən ayrılıb, Ukraynaya qayıtmağınıza səbəb nə oldu?

- Ailə vəziyyətimlə əlaqədar qayıtmalı oldum. Başa düşürsüz, mən 1 il ərzində Azərbaycanda tək, ailəm yanımda olmadan yaşadım. Yaxınlarımın yanında olmaq imkanım yox idi. Uşaqlar böyüyürdülər. Böyük övladım futbolla məşğul olur. Buna görə də, üzləşdiyim vəziyyət məni razı salmırdı. Etiraf edim ki, dözə bildiyim qədər qaldım. Çünki çox önəmli oyunlar, Avrokubok görüşləri var idi. Həmin məqamda həm baş məşqçini, həm də komandanı çətin vəziyyətdə qoymaq pis başa düşülərdi. Buna görə də, Qriqorçukla danışdım və ona vəziyyəti izah etdim. Bir də həyat yoldaşıma və övladlarıma evə qayıdacağıma dair söz vermişdim. Başqa yolum yox idi. Qriqorçuk məni başa düşdü və aramızda heç bir problem yaşanmadı. Ailəmin yanında olmaq istəyirdim.

- Əgər nə vaxtsa "Qəbələ”yə qayıtmaq imkanınız olsa, bu barədə düşünəcəksizmi?

- Gələcəklə bağlı proqnoz vermək istəmirəm. Artıq "Çernomorets”lə müqavilə bağlamışam. Həm gənclərdən ibarət komandanın, həm U-19, həm də akademiyanın qapıçıları ilə məşğul olacam. Geri qayıtmağıma əngəl olmadığı üçün klub rəhbərliyinə minnətdaram. Odessa təkcə mənim yox, bütün ailəmin xoşuna gəlir.

GÜNÜN ƏN ÇOX OXUNANLARI