21/01/2016
18:04
4913
| A A A
Çingiz Abdullayev: "Nəinki futbola, hətta məşqlərə də gedirəm"

"Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev müsahibə verib. Goal.Az həmin müsahibəni təqdim edir:

- Ötən il "Neftçi"nin Müşahidə Şurasının sədri seçildiz. "Neftçi"də nə yeniliklər eləmisiz?
- Mən gələn kimi qərara gəldik ki, birinci növbədə cavan futbolçular yetişdirməliyik. Çünki "Neftçi" Azərbaycanın brendidi və bu brendin adı altında daha çox azərbaycanlılar oynamalıdı. Mən gələndə "Neftçi"dən bir nəfər də milli komandada da oynamırdı, indi doqquz nəfər oynayır. Amma çətinliklər də var. Biz xarici oyunçular almaq istəsək də, problemlər yaşayırıq, onlara maaş dollarla ödənilməlidi.

- Siz həm də məhsuldar yazıçısız, yüz doxsan...
- Dörd.

- Mən yüz doxsan üç bilirdim.
- Bax, yüz doxsan dörd kitabın hamısı burdadı (əliylə kitab rəfini göstərir-red.).

- Yəni demək istəyirdim ki, məhsuldar yazıçı olmaqla yanaşı beynəlxalq təşkilatlarda təmsil olunursuz, AYB-də katibsiz. Üstəlik ötən il "Neftçi"yə prezident gəldiz. Bu ehtiyac hardan yarandı?
- Mənə təklif elədilər, qəbul elədim. Bəlkə o biri klublar təklif etsəydilər, qəbul etməzdim, amma "Neftçi" bizim rəmzimizdi, buna görə də təklifi geri çevirmək olmazdı. İstəyirəm bir misal gətirim. Bu əlimdəki sənəd "Real" Madridin "Annual Report"udu, klubun prezidenti mənə məktubla bir yerdə göndərib. İndi mən ona məktub yazacam, məktuba da ispan və fransız dillərində olan kitablarımı əlavə edəcəm.

- Sizin əsərlərinizi oxuyub, bilmirsiz?
- Onu bilmirəm. Sözümü nəyə gətirirəm? Mən hesab edirəm ki, öz nüfuzumla "Neftçi"yə kömək edə bilərəm. Buna görə razılıq verdim.

- Bəs yazıçı kimi vaxtınıza heyfiniz gəlmədi?
- Mən uşaqlıqdan futbolu sevirəm. Məndən çox adam soruşur ki, sənin futbola getməyə vaxtın var? Nəinki futbola, hətta məşqlərə də gedirəm.

- Məşqlərdə iştirak edirsiz.
- Nəinki məşqlərdə, keçən il iki dəfə Avstriya və Türkiyədə komandanın toplanışı olub, ikisinə də getmişəm.

- Futbolla əlaqədar beynəlxalq tədbirlərdə, görüşlərdə yazıçı Çingiz Abdullayevi görəndə təəccüblənirləmi?
- Yox. Adətən klub prezidentləri məşhur adamlar olur. Məşqçi olsaydım, təəccüblənərdilər, mən axı Müşahidə Şurasının sədriyəm.

- Tutalım, bu gün səhər durub "Neftçi"yə gəlmisiz. Burda görüşdük. Sonra nə edəcəksiz? Ümumiyyətlə, günün hansı saatı yazırsız, hər günmü yazırsız?
- Hər gün yazmıram. Amma səhər ümumiyyətlə doqquzda durmuram. Səhərlər günüm belə olur: On birə yaxın dururam, Yazıçılar Birliyinə gedirəm. Orda iki saat oturandan sonra bura - "Neftçi"yə - gəlirəm. "Neftçi"də iki-üç saat oturandan sonra yenidən Yazıçılar Birliyinə qayıdıram. Orda da beşə kimi oturandan sonra tədbirlərə gedirəm. Tədbirlərsiz günüm olmur. Axşamlar həftədə bir dəfə "Neftçi" də qarşılaşma olur. Axşam evə gəlib səkkiz, ya doqquzda iki saat yatıram, sonra durub səhərə kimi işləyirəm; ya kitab yazıram, ya da oxuyuram, səhər altı-yeddiyə kimi.(kulis.az)

GÜNÜN ƏN ÇOX OXUNANLARI