"Messi və Ronaldonun fanatı deyiləm"
Moskva "Lokomotiv"nin bombardiri Umar Baye Niasse Rusiya mətbuatının suallarını cavablandırıb. "Galatasaray"ın da diqqətində olan seneqallı futbolçu "Chelsea"nin ona marağı, Droqbanın məsləhətləri və böyük pullardan karyera naminə imtinanın fəlsəfəsindən danışıb. Goal.az müsahibəni təqdim edir.
- "Lokomotiv"in baş məşqçisi İqor Çerevçenkoya necə xitab edirsən? "Məşqçi", "cənab", yoxsa sadəcə soyadı ilə?
- Avropasayağı ünsiyyəti, adı ilə müraciəti üstün tuturam. Həqiqətən, isti münasibətimiz var. O, baş məşqçi olmayanda bir-birimizlə zarafatlaşır, yaxşı ünsiyyət qururduq. İqor baş məşqçi təyin olunandan sonra münasibətimizdə problem olmadı. Düzü, səs-küylü ünsiyyəti sevmirəm.Diqqətimi futbola yönəldirəm.
- Mövsümün əvvəli sənin və məşqçin üçün uğurlu alındı...
- Mövsümə yaxşı başladıq. Təssüf ki, sonradan oyunumuzda biraz eniş oldu. Amma "Lokomotiv" Avropa Liqasında qrupdan çıxdı. Rusiya Premyer Liqasında liderlər qrupundayıq. Geridə qalan 6 ay uğurlu idi. Əlbəttə, daha yaxşı çıxış etmək mümkün idi.
- "Lokomotiv" azarkeşləri ardıcıl bir neçə ay səni komandanın ən yaxşısı seçirdi. Bu, sənin üçün vacibdir?
- Futbolda hörməti hiss etmək o qədər də asan deyil. Buna görə azarkeşlərin etimadı məni sevindirir. Amma nəzərə alaq ki, qol vururamsa, mənə ötürmə edən var. Ötürmə verən varsa, müdafiə etibarlı oynayıb. Müdafiə yaxşıdırsa, deməli, qapıçı özünəinamlıdır. Böyük klubda ancaq bu cür ola bilər. Bütün komanda yoldaşlarıma təşəkkür edib qeyd etmək istəyirəm - Niasse həmişə ən yaxşı olmaq istəyir. Hər oyun və hər məşqdə. Bu, "Lokomotiv"in - oyunçu və əməkdaşların, inkişafa səy göstərməsi üçün motivasiyadır.
- Özünü Premyer Liqanın digər hücumçuları ilə müqayisə edirsən?
- Bu çətin işdir. Gəlin, statistikaya yox, keyfiyyətə diqqət edək. Mənim müsbət cəhətlərim çoxdur. Cərimə meydançasına ötürmə zamanı hava mübarizəsində qalib gəlirəm, güclü və hündürəm. Müdafiənin arxasına atılan toplara çatıram. Çünki daha sürətliyəm. Bəli, Niasse öz sürətinə əmindir. Yerlə ötürmələri qəbul edib topu özümdə saxlayaram. Buna texnikam imkan verir. Vəziyyət çətindirsə, topu uzaqlaşdıra bilərsiz və mən sona qədər mübarizə aparıb rəqibi təzyiqdə saxlaram. Bu komponentlərin hər hansında güclü olan hücumçular çoxdur. Amma Niasse fərqli üslubları birləşdirə bilir. Hətta ən yaxşı olmasam da, çempionatda oynayan digər forvardlar mənim səviyyəmə çatmaq üçün səylə çalışmalıdır. Çünki mən də hər zaman üzərimdə işləyirəm.
- Mövsümün ilk yarısında bir neçə baxımlı qol vurmusan. Onlardan ən yaxşısı hansıdır?
- Avroliqanın qrup mərhələsində "Sporting"ə səfərdə vurduğum qol. Lissabon təmsilçisi "Lokomotiv"in gücünü göstərdiyi böyük Avropa klubudur. Oyunda vurduğumuz qollar komandaya özgüvən verdi. Öz qolunu asanlıqla xatırlayıram. Qilyerme mənə ötürmə verdi. Topu qəbul edib düşündüm: "Umar, qarşında müdafiəçilər var. Gözləyirlər ki, onları keçməyə çalışacaqsan. Yaxud geri ötürmə verəcəyini gözləyirlər. İşini gör". Bunlar bir saniyədə beynimdən keçdi. Artıq 10 dəqiqədən sonra top qapıda idi. "Spartak"ın da qapısına yaxşı qol vurmuşdum. Derbidə qazanılan qələbə çox mühümdür. Daha iki vacib qol "Zenit"in qapısından keçilmişdi. Onların müəllifi mən olmasam da, komanda üçün əhəmiyyəti böyük idi.
- Səninlə Joze Mourinyonun maraqlanması doğrudur?
- Belə idi. Dəqiqləşdirsəm, Mourinyo adımı bilirdi. O, "Chelsea"yə kimi uyğun gələcəyi ətrafında Droqba ilə məsləhətləşmişdi: mən, yoxsa Emenike? Joze nigeriyalı hücumçunu, Droqba məni qeyd etmişdi. "Chelsea"nin çalışdırıcısı haqqımda bilirdi və transfer haqqında götür-qoy edirdi. Bu səbəbdən onu məim üçün lazımsız vaxtda istefaya göndərdilər. Eybi yoxdur. O burda, mən burda. Bəlkə, böyük kluba baş məşqçi təyin olundu. Mən də həmin vaxta qədər onun rəhbərliyi altında oynamaq üçün səviyyəmi artıraram.
- "Chelsea" Loik Remini satmaq istəyir. Belə olan halda London klubuna forvard lazım olacaq. Sən potensial transferlər arasında deyilsən ki?
- Remi güclü oyunçudur. "Chelsea"də qol maşını Diyeqo Koşta var. Amma komandaya hücumçu lazımdır. Siyahıda olduğumu dəqiq bilirəm, amma rəsmi təklif almamışam. Futbolda hər şey 2-3 günə həll olunur. Məni istəsə, belə kluba "yox" deyə bilmərəm. Hələlik "Lokomotiv"in futbolçusuyam. Bu klubun maraqlarına hörmət edirəm.
- Hədəflər məlumdur. Fikrincə, klubun qarşısında hansı tapşırıqlar qoyulub?
- Növbəti oyuna hazırlaşmaq barədə düşünməliyik. Avroliqanın 1/16 finalında bizi "Fenerbahçe" ilə oyun gözləyir. Bu komandanı keçsək, turnirin yarımfinalına qədər gedə bilərik. Daxili çempionatdan danışsaq, "Zenit" və CSKA bəzən xal itirir. Biz hər şeyi özümüz etməliyik.
- "Fenerbahçe"də məşhur futbolçular var. Məsələn, Van Persinin özü...
- Qulaq asın, Türkiyə çempionatında ilk oyunumu "Galatasaray"a qarşı keçirmişdim. Rəqibin heyətində Droqba, Sneyder kimi böyük futbolçular çıxış edirdi. Didye 1 qol vurdu, kiçik klubun hücumçusu olan Niasse isə 2. "Akhisar" 2:1 hesabıyla qələbə qazandı. Adlar barədə düşünmürəm. Məqsədimizə konsentrasiya olmaq lazımdır. Təcrübə göstərir ki, "Fenerbahçe"dən geri qalmırıq.
- Böyük futbolçulardan danışdıq. Messinin 5-ci "Qızıl top"unu qazanmasına münasibətin necədir?
- Bu barədə düşünməmişəm. Düzü, Messi və Ronaldonun fanatı deyiləm. Sevdiyim futbolçular Cerrard və Şvaynştaygerdir. Onlar ağıllıdır, komanda üçün oynayır və əzmkarlıq göstərirlər. Messi və Ronaldo da ağıllı futbolçulardır, amma bu, fərqlidir. Biri Barselonada, digəri Madriddə yaşayır. Bütün dünya onların rəqabətin yazır. Neymar, Suaresi isə unudurlar. Levandovski də çox qol vurur. Amma "Qızıl top"a sahib çıxması üçün özündə ciddi artım etməlidir.
- Həyat yoldaşın İngiltərədə yaşayır. Deməli, Premyer Liqada oynamaq istəyirsən?
- Mövsüm ərzində yoldaşım Moskvada olur. Qalan vaxtlarda isə Mançesterə gedir. Bu baxımdan İngiltərə çempionatı mənə uyğundur. Seneqal millisindən bir sıra uşaqlar orda top qovur. Oyun tərzimə görə də Premyer Liqa yaxşı variantdır.
- Droqba ilə dostluğun davam edir?
- Türkiyədə oynamışıq. Ünsiyyətimiz daha asan idi. Lakin indi də əlaqəmiz kəsilməyib.
- O, sənə hansı məsləhətləri verir?
- "Dayanma. hər şeyi düzgün edirsən. Mənim nail olduqlarıma çata bilərsən". Didyenin parlaq karyerası var. Bunu təkrarlamaq üçün işləmək lazımdır.
- Yeri gəlmişkən, Türkiyədə oynamaq istədiyini də demişdin...
- Xeyr. Orda mənə çoxlu pul verə bilərlər. Amma Niassenin hədəfləri başqadır. Mənə top-çempionat klublarının təklifləri maraqlıdır.
- Luis Suarez vaxtilə demişdi ki, "Ajax"da oynadığı vaxt "Zenit"dən təklif alıb. "Mən pul kisələrinə görə deyil, böyük titullar üçün mübarizə aparıram" - uruqvaylı qeyd etmişdi...
- İndi düşünün ki, Suarez "Barca"da nə qədər qazanır? Futbol məqamı bu mənanı daşıyır. Onu dərhal pullara qurban vermək olmaz.
- Rusiyada 6 aydır, yaşayırsan. Nəyi bəyənirsən, nə xoşuna gəlmir?
- Çətinlik, hava şəraitidir. Amma heç də bütün ruslar şaxtanı sevmir. Buna görə şikayətlənmirəm. Çoxları Rusiya haqqında xoşagəlməz şeylər deyir. Rasizm, əyyaşlıq, qeyri-səmimilik. Bunlar cəfəngiyyatdır. Burda problemim yoxdur. Bəli, küçədə gedəndə mənə baxırlar. Çünki qaradərili oğlana tez-tez rast gəlmirlər. Bu normaldır.
- Moskvada sevimli yerlərin var?
- Arbat küçəsində Asiya restoranı. Mən müsəlmanam. Həyatımda alkoqol içəmişəm və donuz əti yeməmişəm. Ona görə rus mətbəxi mənə uyğun gəlmir. Əsasən Seneqal yeməkləri yeyirəm.
- Asudə vaxtında nə edirsən?
- Oxumaq istəyəndə kitab oxuyuram. Yatmaq lazım olanda yatıram. Vaxta görə yox, instinkt əsasında yaşayıram. Həyat fəlsəfəm belədir.