25/01/2016
00:11
5355
| A A A
Kamran Ağayev: "Bir neçə dəfə meydana zədəli halda çıxmaqla vəziyyətimi daha da ağırlaşdırdım"

"İnter"in qapıçısı Kamran Ağayevin müsahibəsini təqdim edirik:

- Türkiyə toplanışı necə keçdi?
- Son matçımızı Qazaxıstan "Atırau"suna qarşı keçirdik (0:0). Fikrimcə, pis oynamadıq. Şadam ki, toplanış müddətində zədə almadım. Təxminən üç həftə ərzində komandanın bütün məşqlərində iştirak etdim. Təəssüf ki, heyətimizdə itkilər var. Buna baxmayaraq, bütövlükdə, yaxşı toplanış keçdik.

- Yəqin ki, sizin üçün yeganə mənfi məqam Almaniya "Verder"i ilə sınaq matçında Pisarrodan qol buraxmq oldu...
- (gülür) Bunda təəccüblü heç nə yoxdur. Toplanış ərzindəki hər bir oyuna yorğun halda çıxırsan, 100 faiz gücünü qoya bilmirsən.

- "İnter"ə keçidinizdən razısınız?
- Keçmişəmsə, razı qalmalıyam. Çünki bu, mənim seçimimdir.

- Burada qalmağı hədəfləyirsiniz?
- Xeyr. Mənim "Karşıyaka"da zədə ilə bağlı problemim oldu. Bir neçə dəfə meydana zədəli halda çıxmaqla vəziyyətimi daha da ağırlaşdırdım. Amma indi mənim əvvəlki formamı bərpa etmək imkanım olacaq.

- Bəs çempionat başa çatanda, yayda nə etməyi planlaşdırırsınız?
- Yenidən xaricə getmək istəyirəm. Ən azından belə bir arzum və planım var. Amma indi ən çox "İnter"lə çempionatın və ya kubokun qalibi olmaq barədə düşünürəm.

- Georgi Lomaya ilə rəqabət necədir?
- O, təcrübəli qapıçıdır. Amma start heyəti baş məşqçi müəyyənləşdirir. Mən də əsas heyətdə yer almaq üçün mübarizə aparacağam.

- Üçüncü dövrənin ilk üç turunu buraxmalı olacaqsınız...
- Maraqlıdır ki, "Qəbələ"də həmin diskvalifikasiyanı məhz "İnter"ə qarşı oyunda almışdım. "İnter"in futbolçusuna zərbə endirmək istəməmişdim. Amma elə alınmışdı. Həmin vaxt bu hadisə ilə bağlı böyük ajiotaj yaradıldı. Əlbəttə, indi üç tur komandama kömək edə bilməyəcəyimə çox təəssüflənirəm.

GÜNÜN ƏN ÇOX OXUNANLARI