"Neymarı "Real"a gətirə bilərəm"
"Delhi Dynamos" klubunda baş məşqçi işləyən Roberto Karlosun "Real"a qayıtmaq ehtimalı barədə xəbər vermişdik. Braziliyalı mütəxəsis yanvarın 15-də Madrid klubunun təmsilçiləri ilə görüşüb gələcək karyerasına aydınlıq gətirəcək. Goal.az xəbər verir ki, Karlos "Real"da Zidanın köməkçisi olacağı halda həmyerlisi Neymarın transferinə də vasitəçilik etməyi düşünür.
"Neymarı "Real"a gətirə bilərəm. O, hələ gəncdir. Növbəti mövsüm "Qızıl top" mükafatının finalçıları arasında daha ön yerdə olacağına əminəm".
Bir müddət öncə "kral klubu"nun prezidenti Florentino Perez braziliyalı hücumçunun transferi üçün onun atası ilə əlaqə saxlamış və rədd cavabı almışdı.
Qeyd edək ki, Karlos 1996-2007-ci illərdə "Real"ın sol cinah müdafiəçisi kimi oynayıb. 11 mövsüm komandanın uğurları üçün tər tökən müdafiəçi 370 oyunda 47 qol vurmuşdu. "Sambaçı" bu klubda, ümumilikdə 13 titula sahib çıxıb.