24/01/2016
00:45
6769
| A A A
İstedadını 5 manata satanlar

Bir ara "Malaqa"ya keçidi ilə tanınan U-19 millimizin futbolçusu Qara Qarayev vətənə dönməsi ilə yenidən gündəmə düşdü.

Təbii ki, gedişindən fərqli olaraq, dönüşü mənfi gündəm yaratdı. Səbəb isə futbolçunun İspaniyada səbir edib daha yaxşı karyera qurmağı yox, evin içində "3-5 manat" nağd pulu seçməsi idi. Hər halda AFFA tərəfindən verilən rəsmi açıqlamaya inansaq, futbolçu ona yaradılan bütün şəraitə və çəkilən zəhmətə baxmayaraq, Piriney yarımadasında qalmaqdan imtina edib və Bakıda qalıb ailəsinin yanında futbol oynamaq istədiyini bildirib. Ardınca da "İnter"lə anlaşıb. Əslində, bu problem tək Qaranın deyil, Azərbaycan futbolunun problemidir. Neçə illərdi mətbuat bu haqda yazır, danışır, amma təəssüf ki, Azərbaycan futbolçusunun təfəkkürü dəyişmir.

Bizdə xaricdə oynayacaq səviyyədə futbolçu yetişmir desək, yalan olar. Çünki Azərbaycan futboluna böyük pullar yatırılan dönəmə qədər ölkə xaricində xeyli futbolçumuz çıxış edib - Nazim Süleymanov, Vəli Qasımov, Şahin Diniyev, Dmitri Kramarenko, Qurban Qurbanov, Rasim Abışov, Kamal Quliyev, Samir Əliyev, Mahmud Qurbanov, Fərrux İsmayılov və digər futbolçular xarici çempionatlarda rahatlıqla oynayıblar. Hələ biz İranda legioner həyatı yaşayanları demirik. Halbuki yeni nəsil heç adları çəkilən ölkələrin I Divizion klublarına da transfer olunmurlar. Təbii ki, burada klublarımızın futbolçulara layiq olmadıqları və ətək-ətək verdiyi pulların da təsiri olub. Evin içində 400-500 minlik fantastik transfer təklifi alan heç bir yerli futbolçu perspektivi, daha güclü karyeranı düşünüb və özünə əziyyət verib ölkədən kənara çıxmaz. Elə futbolumuza və futbolçularımıza da məhz bu amil zərbə vurur. Xüsuilə, ölkə futboluna milyonların axdığı son 10 ildə bunun acısını daha çox çəkdik. Düzdür, müəyyən dövrlərdə Rəşad Sadıqov, Mahir Şükürov və qismən də Ruslan Abışov ölkə xaricində qısa müddətli də olsa, karyera qura bildilər. Qalanlar haqqında isə bunu demək olmaz. 6-7 il əvvəl Rauf Əliyev, Əfran İsmayılov, Elvin Məmmədov, Cavid Hüseynov, Rahid Əmirquliyev, Vaqif Cavadov, Araz Abdullayev və digər futbolçular yığmanın gələcəyi sayılırdılar. Hər kəs gözləyirdi ki, onlar qısa zamanda ölkə xaricinə can ataraq daha böyük karyera quracaqlar və səviyyələrini artıracaqlar. Bunun nəticəsində yığma komandanın da səviyyəsi qalxacaq. Lakin təəssüf ki, bunların heç biri baş vermədi. Çoxları perspektivi pula dəyişməyə razılaşdı.

Goal.az həmin futbolçuların bir neçəsinin siyahısını təqdim edir:

Araz Abdullayev

2008-ci ildə Berti Foqts ona ilk dəfə 16 yaşında yığma şans verəndə hamı tezliklə bu qarayanız, arıq, solaxay oğlanın Azərbaycanın Avropada layiqli təmsilçisi olacağını düşünürdü. Çünki Arazın həqiqətən də əla driblinqləri, yüksək texnikası, sürəti və yaxşı futbolçu olmaq üçün digər xüsusiyyətləri var idi. 2011-ci ildə "Everton"a transferi ona olan ümidləri daha da artırdı. Təəssüf ki, heç də hər şey ictimaiyyət gözlədiyi kimi olmadı. "Everton"da özünü göstərə bilməyən Abdullayev daha sonra Yunanıstanın "Panionis" klubuna icarəyə verildi. Lakin orada da möhkəmlənə bilməyən yarımmüdafiəçi yenidən "Neftçi"yə qayıtdı. İngiltərə və Yunanıstanda futbolçu kimi inkişaf etmək şansını qaçırdan Araz əvəzində özündənrazılığı, jurnalist və azarkeşlərə hörmətsizliyi, törətdiyi avtoqəza ilə özü haqda mənfi imic formalaşdırdı. Hazırda Arazın 16 yox, 25 yaşı var. Avropada oynamaq şansını əldən verən futbolçu çempionatın ortabab klublarından olan "Neftçi"də çıxışını davam etdirir.

Əfran İsmayılov

2009-cu ildə "Qarabağ"da Rauf Əliyevlə birlikdə bomba kimi partlayan və qısa zamanda ölkənin ən güclü və istedadlı futbolçusuna çevirilən Əfran xüsusilə Avropa Liqasındakı oyunu ilə adından söz etdirdi. Çoxları onun da qısa zamanda ölkə xaricinə yollanacağını və daha da irəli gedəcəyini gözləyirdi. Özü də Türkiyədən Əfrana çox yaxşı təkliflər gəlmişdi. Lakin ölkə futbolunda milyonların cövlan elədiyi bir vaxtda İsmayılov da çətinlikdən qaçaraq evin içində qazanmağı üstün tutdu. Xüsusilə də "Bakı"ya keçidi onun karyerasında ən böyük səhvi oldu. Bu kluba heç cürə uyğunlaşa bilməyərək olan oyununu da itirdi. Düzdür, sonradan tədricən formasını bərpa etməyə başladı ki, yenidən ölkə xaricinə getmək şansı əldə etdi. Lakin bu dəfə növbəti səhvini edərək yenə pullu "İnter"i seçdi. Hazırda 28 yaşına qədəm qoyan Əfran parlamağa başladığı "Qarabağ"da forma geyinir. 2 ildən sonra 30-u haqlayacağını nəzərə alsaq, onu da itirdiyimizi deyə bilərik.

İlqar Qurbanov

İlqar Qurbanov haqqında xüsusi danışmaq lazımdır. Çünki digər futbolçularımız Azərbaycanda oynaya-oynaya xaricə getmək şansını əldən buraxıblarsa, İlqar xaricdə oynaya-oynaya karyerasını pula qurban verərək öz ayağı ilə vətənə qayıdıb. Gənc yaşlarında Türkiyədə öz oyunu ilə tanınan, hətta "Fənərbağça"nın əvəzedici komandasının kapitan sarğısını daşıyan İlqarın qısa zamanda əsas komandada da özünü sübut edəcəyinə ümid edirdik. Hər halda istedadı, böyük potensialı olmasaydı, onu Türkiyənin U-15, U-16 və U-17 millilərinə çağırmazdılar. Lakin 2004-cü ildə Qurbanov gözlənilmədən "Fənərbağça"nı tərk edərək Azərbaycana qayıtdı və "Xəzər Lənkəran"la müqavilə bağladı. Halbuki, "Fənərbağça"nın əsas komandasına düşmək çətin olsa da, Superliqanın istənilən ortabab klubunda rahatlıqla oynaya bilərdi. Lakin İlqar pulu seçdi. Çünki 2004-cü ildə Azərbaycan futbolunda inqilab baş verdi və futbola milyonların axını başladı ki, bu mənada da "Xəzər Lənkəran" ön planda idi. Məhz bu seçimi ilə İlqar gə karyerasına zərbə vurdu. Düzdür, futbolçu 2007-ci ildə yenidən Türkiyəyə qayıtdı və "Sivasspor"la müqavilə bağladı. Ancaq bu İlqar o İlqar ola bilmədi. 1 il sonra I Liqa klubu "Boluspor"a yollanan Qurbanov 2009-cu ildə yenidən vətənə qayıdaraq "Olimpik-Şüvəlan"la müqavilə bağladı. 2011-ci ildən "Qarabağ"da olan 30 yaşlı futbolçu daha çox ehtiyatda oturmaqla yadda qalır.

Vaqif Cavadov

İlqar Qurbanovun dayısı oğlu Vaqif də qohumunun yolu ilə getdi. Moskvada MOİK məktəbi keçən Cavadov bu komandanın əvəzedici komandasına qədər irəliləyə bildi. Qalırdı bir qədər də artırıb əsas komandaya düşmək. Hətta bu olmasaydı belə, Rusiyanın digər ortabab klublarına keçmək mümkün idi. MOİK məktəbi onun üçün prestij sayıla bilərdi. Ancaq İlqarın yolu ilə gedən Vaqif karyeranı, əziyyəti yox, asan yolu, yəni, pulu seçib 2007-ci ildə Bakıya gəldi və "Qarabağ"la müqavilə bağladı. Hələ o vaxt bu addımına görə mətbuatda sərt tənqid olunsa da, özü bu tənqidlərlə razılaşmayaraq "Qarabağ"a keçidini karyerasında irəli atılmış addım hesab etdi. Düzdür, Vaqif "Qarabağ"da və yığmada aparıcı futbolçulardan birinə çevrildi. Lakin Avropaya çıxa bilmədi. Baxmayaraq ki, 2010-cu ildə onun üçün imkan yaranmışdı. "Qarabağ" rəhbərliyinin dəstəyi ilə Hollandiyaya yollanan Vaqif "Tvente" ilə müqavilə bağladı. Ancaq Hollandiyada heç cür özünü göstərə bilmədi. Daha artıq əziyyətə qatlaşmayaraq geri qayıtdı və pullu "Bakı" ilə müqavilə bağladı. Sonradan ardıcıllıqla "Qarabağ", "İnter" və "Qəbələ"də oynayan sabiq MOİK-li hazırda o günə qalıb ki, ayı 3-4 min manata autsayder "Sumqayıt"da oynamağa razılaşıb.

Mirkamil Həşimli

İlqar və Vaqifin müasir davamçısı. Mirkamil də İlqar kimi "Fənərbağça"da parladı, artırdı və bütün klubun sevimlisi oldu. Hətta oyunların birində zədələnəndə klubun prezident Aziz Yıldırım tribunadan meydanya enib Mirkamilin zədəsi ilə maraqlanmışdı. Onu bir ara əsas komandanın da məşqlərinə dəvət etmişdilər. Ancaq təəssüf ki, Həşimli də digər həmyerliləri kimi iradəsiz çıxdı. "Fənərbağça"nın əsas heyətinə düşməyin çətin olduğunu görən Mirkamil Türkiyədə özünə başqa klub axtarmaqdansa, Azərbayacana qayıtmağa üstünlük verdi. Bununla o da karyerasını təhlükə altına atdı. "Neftçi"də oynamaq şansı qazanmayan futbolçu "Zirə"yə keçəndən sonra onu meydanda gördüm deyən olmayıb.

Samir Məsimov

Moskva "Lokomotiv"nin yetirməsi də daha əvvəl haqqında danışdığımız həmyerlilərindən "örnək götürüb”. Rusiyada qarşısında daha geniş perspektiv olmasına baxmayaraq "Neftçi"dən gələn daha rahat təklifi seçdi. Bununla da günü-gündən oyununu itirdi və hazırda "Neftçi"də heç daimi oynamaq şansı qazanmır.

Vurğun Hüseynov

Tovuz futbol məktəbinin yetirməsi "Turan"da öz oyunu ilə diqqət çəkdi. Hətta deyilənə görə, o vaxtlar onunla "Qalatasaray"ın gənclər komandası da maraqanırdı. Qısa müddət sonra "Qəbələ"yə keçən Vurğun yığmaya mütəmaddi dəvət alırdı. Bir ara adı Türkiyə klubları ilə hallansa da, digərləri kimi kənara çıxmaqda maraqlı olmadı. İndi isə 28 yaşı var və autsayder "Sumqayıt"da gününü keçirir.

Rahid Əmirquliyev

Bir ara mətbuatda 2007-c il Ç empionlar Liqasının ilkin təsnifat mərhələsinin "Xəzər Lənkəran" - "Dinamo" (Zaqreb) qarşılaşmasında Rahidlə Luka Modriçin ikili mübarizəsini əks etdirən foto paylaşmışdı. Şəklin məğzi də bu idi ki, aradan bu qədər illər keçib, Modriç hazırda "Real"ın şərəfini qoruyur, Rahid isə hələ də "Xəzər Lənkəran"dan qırağa çıxmayıb. Nəhayət, 2016-cı ildə çıxdı. Amma təəssüf ki, həmin kənar heç də Avropa klubu yox, yerli "Qarabağ" oldu. Deyilənə görə, Rahidi Xorvatiyanın "Riyeka" klubu istəyirdi. Lakin Xorvatiya kimi futbol ölkəsinə gedib daha da artırmaq, daha da irəli getmək şansından istifadə etmək əvəzinə, evdə qalıb 5 manat artıq qazanmağı seçən Əmirquliyev yəqin ki, bununla da Avropaya getmək şansını böyük ölçüdə itirdi. 

Qara Qarayev - 1

"Qarabağ"ın Qara Qarayevi bu yaxınlarda "Mersin İdman Yurdun"dan təklif alsa da, özünün də dediyi kimi, ailəsini qoyub getmək istəmədi. Bununla da Türkiyədə legioner həyatı yaşamaq şansını əldən vermiş oldu.

Qara Qarayev - 2

Qaranın kiçik adaşı da böyük həmkarlarının yolu ilə getdi. "Malaqa"da qalıb az məvacibə oynayıb 18 yaşının tamam olmasını gözləməli, mart ayında isə peşəkar müqavilə bağlamalı idi. Lakin bundan imtina edən Qara Bakıya qayıdıb "İnter"in təklif etdiyi aylıq 3-4 minlik müqaviləyə razılaşdı. İspaniya kimi futbol ölkəsindən imtina edib "İnter"i seçən futbolçunun nə qədər irəli gedəcəyini isə zaman göstərəcək.

Cavid İmamverdiyev

Bir arada Kiyev "Dinamo"sunun heyətində oldu, əvəzedici komandada hazırlıq keçdi. Lakin orda qalıb möhkəmlənməyi bacarmayınca, yenidən "Neftçi"yə qayıtdı. 

Amit Quluzadə

Amit də bir ara Türkiyədən vurdu, Portuqaliyadan çıxdı. Amma bu ölkələrin heç birində özünə cığır aça bilmədi və hazırda Vaqif və Vurğunla birlikdə autsayder "Sumqayıt"da forma geyinir.

Orxan Əliyev

Bir ara çox reklam edildi. Kamran Quliyevin "Sumqayıt"ın körpəsi" adlandırdığı futbolçu Portuqaliyanın məşhur "Portu" klubunun düşərgəsində oldu, əvəzedici komandada məşq elədi. Ancaq şansdan istifadə edib özünü göstərə bilmədi və geri qayıtdı. Son 1 ildə isə "Sumqayıt"la "Xəzər Lənkəran" arasında "yol ölçür”. (Het-trik news)

GÜNÜN ƏN ÇOX OXUNANLARI