22/10/2015
15:05
4703
| A A A
“Qalatasaray” qələbə qazandı, Moskvada və Parisdə “sülh” bağlandı
Futbol üzrə UEFA Çempionlar Liqası yarışlarının qrup mərhələsində III turun oyunlarına yekun vurulub. 
Goal.az xəbər verir ki, bu turun mərkəzi qarşılaşması Parisdə keçirilib. "A” qrupunda mübarizə aparan Fransanın "PSJ” klubu öz meydanında "Real Madrid”i qəbul edib. Görüşdə hesab açılmayıb. Qrupun digər qarşılaşmasında İsveçin "Malmö” komandası Ukraynanın "Şaxtyor” klubunu 1:0 hesabı ilə məğlub edib.

"B” qrupunun favoriti "Mançester Yunayted” Moskva səfərində xal itkisi ilə üzləşib. "MOİK”in müqavimətini qıra bilməyən "Qırmızı şeytanlar” 1:1 hesablı heç-heçə ilə razılaşıb və xallarının sayını 4-ə çatdırıb. Qrupun digər görüşündə Almaniyanın "Volfsburq” klubu Hollandiyanın "PSV Eyndhoven” kollektivinə 2:0 hesabı ilə qalib gəlib.

"C” qrupunda isə lider "Benfika” (Portuqaliya) komandası İstanbulda "Qalatasaray” qarşısında "büdrəyib”. Hesabı portuqallar açsa da, "Qalatasaray” sonradan iki top vuraraq görüşün axarını öz xeyrinə dəyişməyi bacarıb - 2:1. "Atletiko Madrid” isə evdə turnirin autsayderi "Astana” (Qazaxıstan) kollektivini 4:0 hesabı ilə darmadağın edib.

"D” qrupunda keçirilən "Yuventus” (İtaliya) - "Borussiya” (Münhenqladbax, Almaniya) matçı 0:0 hesabı ilə yekunlaşıb. "Mançester Siti” (İngiltərə) isə son dəqiqələrdə K. de Bruynenin vurduğu qolla "Sevilya”nı 2:1 hesabı ilə məğlub edib.
GÜNÜN ƏN ÇOX OXUNANLARI