Avropa çempionatında oynamaq üçün klubunu dəyişməlidir
"Newcastle United" heyətini "Tottenham"in futbolçusu Endryus Taunsendlə gücləndirmək istəyir. Noyabr ayından bu barədə düşünən "sağsağanlar" artıq bir neçə həftədir ki, ingilis yarımmüdafiəçinin transfer məsələsi ilə məşğuldur. Taunsendin noyabrda fiziki hazırlıq üzrə məşqçi Natan Qardinerlə insidenti onun 2 həftə heyətdən uzaqlaşdırılması ilə nəticlənmişdi. Futbolçu oktyabrın 22-dən əsas komandada oyun keçirməyib. Goal.az xəbər verir ki, "Newcastle" 2016-cı ilin ilk ayında qarşı tərəfə bu transfer üçün 10.5 milyon funt təklif etsə də, istəyi baş tutmayıb. Qış dönəmində Conco Şelvi, Anri Savyeni heyətinə cəlb edən klubun "Tottenham"la qiymətdə razılığa gəldiyi deyilir.
Güman edilir ki, "Watford", "West Bromwich" və "Southampton" klublarının da maraq dairəsində olan Taunsend İngiltərə millisiylə AVRO-2016-ya qatılmaq şansını saxlamaq üçün komandasını dəyişməyə məcbur olacaq.