16/08/2018
10:15
13476
| A A A
Real Madrid-dən 70 ilin ən pis göstəricisi

UEFA Super Kuboku matçında "Atletico"ya 2:4 hesabı ilə uduzan "Real Madrid" bir sıra antirekordlara imza atıb.

Goal.az-ın məlumatına görə, "kral klubu" son 70 ildə mövsümə ən pis başlanğıcını yeni baş məşqçi Xulen Lopetegi ilə gerçəkləşdirib. Bu komanda sonuncu dəfə 1948-ci ildə Maykl Kipinqin rəhbərliyi altında mövsümün açılış oyununda "Celta"ya uduzub - 1:4.

"Real Madrid"in bir oyunda 4 topla uduzduğu sonuncu oyun 3 il əvvələ təsadüf edib. Həmin vaxt Rafael Benitesin rəhbərlik etdiyi "kral klubu" "Barselona"ya yenilib - 0:4. Bu komanda beynəlxalq turnirin finalında isə 2000-ci ildən sonra ilk dəfə məğlubiyyətə düçar olub. Sonuncu belə məğlubiyyət Argentina "Boka Xuniors"u ilə Qitələrarası Kubok oyununa təsadüf edib - 1:2. Həmin il madridlilər həm də UEFA Super Kuboku qarşılaşmasında Türkiyə "Qalatasaray"ına uduzublar. Əsas vaxtı 1:1 hesabı ilə yekunlaşan görüşün taleyi əlavə vaxtda vurulan qolla həll olunub - 1:2. 

Həmin ildən etibarən "Real Madrid" ardıcıl 13 final oyunundan qalib ayrılıb. Başqa sözlə, "kral klubu" XXI əsrdə ilk dəfə həlledici qarşılaşmada uduzub. 

Digər tərəfdən, Lopetegi son 3 ildə ilk dəfə uduzub. Sonuncu dəfə 51 yaşlı mütəxəssis 2015-ci ildə Portuqaliya "Porto"suna rəhbərlik etdiyi vaxt "Maritimo"ya yenilib - 1:3.

Qeyd edək ki, "Atletico" əsas vaxtı 2:2 hesabı ilə başa çatan UEFA Super Kuboku matçının əlavə vaxtında qələbəyə nail olub - 4:2. Görüş Estoniyanın paytaxtı Tallində keçirilib. (Report)