24/08/2018
16:00
11523
| A A A
Real Madrid Ronaldonu niyə itirdi?

Yay transfer pəncərəsi bağlanmaq üzrədir. Artıq son transferlər həyata keçirilir, danışıqlar yekunlaşır. Transfer pəncərəsi bütün klublar üçün vacib mərhələ sayılır. Məhz bu dövrdə yeni oyunçular alınır, komandalar yeni mövsümdə uğur qazanmaq naminə kifayət qədər pul xərcləyirlər. Belə demək mümkünsə, transfer pəncərəsi qazanmaq üçündür, itirmək üçün yox. İtirənlər arasında ən çox Real-ın adı hallanır. Bu, doğrudan da, belədir. Kriştiano Ronaldo kimi bir futbolçunu əldən verən komandanın itirənlər sırasında olması təbiidir.

“Kral klubu” Ronaldonu niyə itirdi?

Çoxlarını düşündürən bu suala müxtəlif aspektlərdən yanaşmaqla cavab vermək olar. Əksəriyyət hesab edir ki, Ronaldo komandanın baş məşqçisi Lopeteqi ilə yola getmədiyinə görə klubdan ayrılıb. Portuqaliyalını xarakterizə etmək, onu tanıtdırmaq, yəqin artıq olardı. Karyerasının 9 ilini Real-a həsr edən Ronaldonun fitri istedad sahibi olması inkar edilə bilməz. Bütün dünya bunu qəbul edir. Adətən, komandalar öz oyununu məhz belə futbolçuların üzərində qurur. Ronaldo kimi hücumçular qələbənin tam yarısı hesab olunur. Kriştiano çox qol vuran futbolçudur. Təəssüf ki, komandanın “qol silahı” olan bu cür futbolçuların əməyi bəzən layiqincə qiymətləndirilmir. Ronaldo məhz belə halla qarşılaşdı. Portuqaliyalı hücumçu fərdi oyuna üstünlük verir və təbii ki, daha çox rəqibə aid olan hissədə yer alır. Lopeteqinin oyun sistemi isə başqa cürdür. Baş məşqçi hesab edir ki, hər bir futbolçu istənilən mövqedə oynamağı bacarmalıdır. Belə konsepsiya yalnız bir funksiyası olan futbolçu üçün çətinlik yaradır. Oyun ərzində yalnız qol vurmaq barədə düşünən hücumçu istənilən mövqedə necə çıxış edə bilər? Lopeteqi kollektiv oyun tərəfdarıdır. Bu mənada onu başa düşmək olar. Amma Ronaldo kimi futbolçulara meydanda imkan yaratmaq daha vacibdir. Portuqaliyalı yeni baş məşqçinin yeni tələblərilə razılaşmadığına görə Real-dan ayrılmalı oldu. “Kral klubu” itirdi. Ronaldodan sonra komandanın əvvəlki oyun üslubu da, dəyişib. Matç ərzində komandasının bütün yükünü öz çiyinlərinə götürə biləcək lider yoxdur. Lopeteqi komandanı lider ətrafnda deyil, yeni futbolçularla formalaşdırmağı daha üstün tutan məşqçilərdəndir. Təcrübəli mütəxəssis bütün karyerası ərzində bu üsulla çalışıb. Real onun üslubunda oynamağa məhkumdur. Bir məsələni də xatırlatmaq yerinə düşər. Ronaldosuz Real-a azarkeşlərin də marağı azalıb. Doğma komandanın oyunlarında əvvəlki atmosfer indi yoxdur. Tribunalar əvvəlki kimi dolu olmur.

Real-ın lideri kim ola bilər?

Bu mövzu İspaniya mətbuatında tez–tez yer alır. KİV nümayəndələri heab edir ki, Ronaldonun liderlik postuna iki futbolçu namizəddir: İsko və Beyl. Diqqətlər məhz bu iki futbolçuya yönəlib. İsko yeni baş məşqçinin tələblərinə tam cavab verir. Bu futbolçu istənilən mövqedə oynamağa can atır. Hətta İsko bəzən komanda yoldaşlarını öz mövqelərindən sıxışdırıb çıxarır. Yəni onu meydanın hər yerində görmək mümkündür. İsko yerini tez–tez dəyişməklə bütün komandanı hərəkətləndirir. Meydanda daim hərəkətdə olmaq boş zonaların yaranmasına səbəb olur. Komandanın hücum ssenarisinin qurulmasında İskonun xüsusi rolu var. Lopeteqiyə məhz belələri lazımdır. İsko yeni lider olmaya bilər. Amma komandanı xaosdan çıxara bilən futbolçuya çevrilmək imkanı kifayət qədərdir. O, komandanın əhatəli oyun nümayiş etməsinin taktikasını qurmaq bacarığına malikdir.

Lopeteqinin oyun prinsipləri Beyl üçün uyğun deyil. Amma buna alışmaq Beyl üçün çətin olmaz. Ronaldonun gedişindən sonra komandada qalan bu futbolçu özünü sübut etməlidir. Beyl Real-dan ayrılmağa çox yaxın idi. Onun komandadan ayrılacağı tam dəqiqləşmişdi. Lakin Ronaldonun fransferi Beyl üçün yeni imkanlar yaratdı. Onun qarşısında yeni yol açıldı. Real kimi bir komandanın lideri olmaq naminə Lopeteqinin yeni konsepsiyasını qəbul etmək olar.

“Kral klubu”na yeni transferlər lazımdırmı?

Loreteqi Ronaldosuz Real-ın hücum xəttini kompekləşdirə bilib. Klub 4-3-3 sxemi ilıə oynayır.Yeri gəlmişkən, Lopeteqi məşqçilik karyerası ərzində məhz bu sxemdən istifadə edib. Klubun əldə etdiyi 18 yaşlı Vinisius və Lukas Vaskes öz oyunları ilə fərqlənməyi bacaran futbolçulardır. Hər ikisi müxtəlif mövqelərdə oynamağa üstünlük verir. Baş məşqçinin yeni konsepsiyası ilə üst –üstə düşən oyun üslubu budur. Asensio da klubun ulduzlarından birinə çevrilməyə yaxındır. Baş məşqçi Sebalosun xidmətindən yararlanmağı da vacib sayır. Klub lazım olan futbolçuları əldə edib. Bu baxımdan Loeteqinin yeni transferlər edəcəyinə inanmaq çətindir. Yeri gəlmişkən deyək ki, Superkubok uğrunda matçda Sebalos Kazemironu əvəzlədi. Bu, gözlənilməz əvəzləmə idi. Lopeteqinin bu addımı təəccüblə qarşılanmaqla yanaşı, belə bir sual da yaratdı: Kazemiro üçün narahat günlər başlayır?

Lopeteqinin konsepsiyasına məhəl qoymayan Ronaldo komandadan ayrıldı. Baş məşqçi ilə razılaşmaq istəməyən Kazemiro isə hələlik öz yerindədir. Bu futbolçu aparıcı olsa da, yeni üsluba uyğun deyil. Kazemiro meydanda topsuz hərəkət edə bilən biridir. Amma bir funksiyanı yerinə yetirmək onun üçün daha asandır.

Superkubok matçında Lopeteqi özünün oyun üslubunu sınaqdan çıxarmağa qərar verdi. Həmin vaxt Real Atletico-dan üstün idi.

Lakin məşqçinin sınağı üstünlüyün əldən verilməsi ilə nəticələndi. Kazemironun əvəzlənməsi “kral klubu” nun xeyrinə olmadı. Atletico ilə oyunda Real-ın qarşısına tələb qoyulmuşdu: topa nəzarət etməklə rəqibi nəzarətdə saxlamaq. Bu, əvvəlki baş məşqçi Zidanın oyun üslubunun tam əksinə olan bir qərar idi. Real topa 78 faiz nəzarət etməyi bacardı. Amma Atletico–nun qələbəsinə mane ola bilmədi. Matç göstərdi ki, komandanın bütövlükdə yeni konsepsiya ilə oynamağa alışması üçün vaxta ehtiyac var. Lopeteqi isə tələsir. Onun inadkarlığı nə ilə nəticələnə bilər? Ronaldo kimi bir hücumçunu itirən Lopeteqi başqalarının da komandadan getməsinə səbəb olcaqmı? Bunu zaman göstərəcək.