08/09/2018
12:21
14867
| A A A
"Tanrı hamını bağışlayacaq, hətta Devid Bekhemi də..."

İngiltərə millisi 1998-ci ildə keçirilən dünya çempionatının 1/8 final mərhələsində mübarizəni dayandırmalı oldu. Bu mərhələdə Argentina millisi oyunsonrası penaltiilər seriyasında daha dəqiq oldu. Bekhemin qırmızı vərəqəsi ingilislərin cçempionatla vidalaşmasına səbəb oldu. Matç artıq başa çatmış, Sent-Entyen stadionu boşalmşdı. Yaxınlıqdakı avtomobil dayanacağında bir nəfər için-için ağlayırdı. Bu, İngiltərə millisinin faciəsinə səbəb olan Devid Bekhem idi.

Oyunun əvvəllərində hər şey ingilislər üçün yaxşı gedirdi. Devid komanda yoldaşı Ouenə əla ötürmə etdikdən sonra Dieqo Simeone ilə toqquşdu. Yerə yıxılan Devid rəqibini ayağı ilə vurdu. Matçın hakimi Kim Milton Nilsen qəsdən edilən hərəkətə görə Bekhemi meydandan qovdu. İngiltərə azlıqda qaldı. Onsuz da gərgin olan oyun ingilislər üçün daha da çətin keçməyə başladı. Matçın qalan hissəsini Bekhem kənardan izləməli oldu. O, komanda yoldaçlarından İns və Bettinin penaltilər seriyasında qeyri-dəqiq zərbələrini buradan izləyirdi. Qovulmasaydı, bəlkə də ilk zərbəni Devid vuracaqdı.

Səhəri gün İngiltərə millisi vətənə qayıdırdı. Heç kimin üzü gülmürdü. Devid qərara gəldi ki, tez bir zamanda Nyu-Yorka getmək lazımdır. Həyat yoldaşı Viktoriya onu gözləyirdi. ABŞ-a getməklə həm də ingilis jurnalistlərdən qaçmağa çalışırdı. Hər halda, Nyu-Yorkda ingiltərəli jurnalistələrə rast gəlməyəcəkdi.

Devid yanılırdı. Onunla bağlı xəbərlər ABŞ-a da gəlib çıxmışdı. Con Kennedi hava limanında futbolçunu mətbuat nümayəndələri gözləyirdi. Devid dərhal uzaqlaşmaq istəsə də mümkün olmadı. Jurnalistlər, fotoqraflar ona taksiyə oturmağa imkan vermirdilər. Arxa oturacağa sığınan futbolçudan müsahibə almaq istəyənlərin sayı çox idi. Nəhayət, sürücü qapını bağlaya bildi. Nyu-Yorkda Devid olanları unutmağa çalışırdı. Tez-tez gəzməyə çıxır, vaxtını xoş keçirmək istəyirdi. Belə anlarda Viktoriya da yanında olurdu. Amma qəlbində həmin matç kök salmışdı, rahat ola bilmirdi.

Onu Ferqüssonun zəngi sakitləşdirdi: “Darıxma, hər şey yaxşı olacaq. Sən Manchester United-in futbolçususan. Nə lazımdırsa, edəcəyik”.

Bekhemə elə gəlirdi ki, hər şey artıq arxada qalıb. Əslində isə, problemlər indi başlayırdı. Dünya çempionatından əvvəl bütün İngiltərə Devidi ilahi bir qüvvə kimi qəbul edirdi. Munidaldan sonra isə hər şey dəyişdi. Futbolçu tənqid və təhqirlərə məruz qaldı.

Əvvəlcə jurnalistlər onun Nyu-Yorkdakı evini mühasirəyə aldılar. Eyni vəziyyət Londonda yaşayan valideynlərinin evində də baş verdi. Mətbuat nümayəndələri futbolçunu və ailəsini bir an rahat buraxmırdılar. Qapı açılan kimi mikrofonlar və kameralar ailəyə tuşlanırdı. Hətta bəzi jurnalistlər həyətdə çadır qurmuşdular. Bekhemə növbəti zərbəni “The Mirror” qəzeti vurdu. “10 şir və 1 axmaq uşaq” adlı məqalə ona həsr olunmuşdu. “The Sun” isə futbolçunun uşaqlıq şəklini nişangaha qoymuşdu - “Əsəbisiz? Öz hirsinizi bu nişangaha atəş açmaqla soyudun”.

Devid Londona qayıdanda hava limanında onu polislər qarşıladı. Ona elə gəldi ki, həbs olunacaq. Polislər isə qorumaq üçün gəlmişdilər. Gülməli vəziyyət yaranmışdı. Təyyarədən polis əhatəsində çıxmalı oldu. Gözləmə zalında 50-yə yaxın jurnalist Bekhemi gözləyirdi. Hər tərəfdən ona suallar yağırdı. Amma o sualların heç birinə cavab vermək istəmədi.

Bununla canını qurtardığını düşünən futbolçunu daha acı mənzərə gözləyirdi. DÇ-2018-dən əvvəl fanatlar Bekhemin manikenlərini almışdılar. Mundialdan sonra isə hər biri 400 funt olan manikenlər yollardakı işıq dirəklərini bəzəyirdi. “Devid işi” kilsədən də yan keçməmişdi . Babtislərin Mançesterdəki kilsəsinin girişində belə bir lövhə asılmışdı: “Tanrı hamını bağışlayacaq, hətta Devid Bekhemi də”. Futbolçunun ünvanına hər gün təhqiramiz məktublar gəlirdi. Telefonda hədələnməsi adi hala çevrilmışdi. Hətta bir dəfə zərfin içində ona güllə göndərilmişdi. Bir sözlə, Bekhemin həyatı zəhərə dönmüşdü.

Bekhem Mançesterdəki "Living Room" kafesinə tez-tez gedirdi. Kafenin daimi müştəriləri onu narahat etmirdi. Amma vəziyyət dəyişmişdi. Növbəti dəfə kafeyə gələndə müştərilər Devidə nifrətlə baxırdılar. Futbolçu küncdəki masada əyləşsə də, nifrət dolu baxışları hiss edirdi. Devid bir daha burada görünmədi. Dostları zarafatla deyirdilər ki, evdən çıxanda qoruyucu jilet geyinsin. “Özümü tamamilə itirmişdim. Nə edəcəyimi bilmirdim. Hər yerdə nifrət dolu baxışlarla qarşılaşırdım. Dəli olmaq dərəcəsinə çatmışdım. Dostlarımın yanında gülürdüm ki, psixoloji təzyiqdən uzaq olum”, - deyə həmin dövrü xatırlayan futbolçu demişdi.

Vəziyyət dəyişməmişdi. Bir dəfə gecə yarısı həyətdəki hay-küy Devidi yuxudan oyatdı. Dərhal polis bölməsinə zəng edən Bekhem nə baş verdiyini öyrənmək üçün bayıra çıxdı. Qaranlıqda oturan bir nəfər Devidə baxırdı. Qorxudan evə dönən futbolçu yenidən polisə zəng edir. Polis həyətə çatanda həmin adam həyətdən getmişdi. 23 yaşlı Devid həyatında ilk dəfə idi ki, bu cür təzyiqlərə məruz qalırdı. O, qorxmağa başlamışdı. Evdən çölə çıxmır, heç kimlə ünsiyyət qurmurdu. Nyu–Yorkda yaşayan həyat yoldaşı Viktoriyaya zəng edərək İngiltərəyə gəlməməsini tapşırdı.

Klub onun üçün xüsusi qoruyucular ayırmışdı. Vəziyyətin ağırlaşdığını görən Bekhem İspaniya və ya İtaliyaya köçməyi düşünürdü. Azarkeşlərin və komandasının dəstəyi onun Manchester United-də qalmasına səbəb oldu.

O, növbəti mövsümdə əla oyun nümayiş etirməklə özünü sübut etmək istəyirdi. Birinci turun ilk oyunu “Old Trafford”da Leicester-ə qarşı oldu. Azarkeşlər Devid Bekhemi alqışlarla qarşıladılar. “Oyun ərzində minlərlə insan məni salamlayırdı. Hiss edirdim ki, onlar məni dəstəkləyirlər. Bu, mənim üçün hər şeydən vacib idi. Məhz həmin matçdan sonra daxilən rahatladım”, - Bekhem demişdi.

“Old Trafford” onu alqışlayırdı. Ölkənin digər stadionlarında isə nifrətlə qarşılanırdı. Çempionatın ikinci turunda Manchester United səfərdə West Ham-la oynayırdı. Stadionun qarşısına toplaşan yüzlərlə yerli fanat Bekhemi təhqir etdi. Bekhem yalnız polisin köməyi ilə stadiona daxil ola bildi. Oyun ərzində isə yerli azarkeşlər onun ünvanına təhqir yağdırdılar. Analoji hal ölkənin digər stadionlarında da özünü büruzə verirdi. Devid əla oyun nümayiş etdirsə də, fanatların təhqiri dayanmırdı. Bekhem həmin günləri belə xatırlayır: “ Çalışırdım ki, məni təhqir edənlərə fikir verməyim. Yalnız futbol barədə düşünmək istəyirdim . Bəzən özümlə bacara bilmirdim. Hərdən oyunu buraxaraq stadiondan getmək istəyirdim. Belə anlarda komanda yoldaşlarım köməyimə çatırdı”.

Çempionlar Liqasının 1/4 finalında İnter-lə oyunda Bekhem əla çıxış etdi. Komandası 2:0 hesablı qələbə qazandı. Hər iki qol Devidin ötürməsindən sonra vuruldu. Bu qələbə onun üçün vacib idi. Həmin matçda italiyalıların heyətində Dieqo Simeone də yer almışdı. Oyunda qalmaqal yaşanmadı. Simeone və Devid qucaqlaşaraq futbolkalarını dəyişdilər. Bu oyundan sonra Bekhem cempionatda gözəl oyun nümayiş etdirə bildi. Artıq onu narahat edən hadisələr arxada qalmışdı. İngiltərə kubokunun yarımfinal matçında Devidin Arsenal-ın qapısına vurduğu qol komandasına qələbə qazandırdı. Bayern Munich ilə final matçında isə Manchester United-in hər iki topu Bekhemin örürməsindən vuruldu. BÜtün komanda final qələbəsini meydanın mərkəzində qeyd edirdi. Devid isə künc bayrağının yanına qaçdı: “ Həmin an nədənsə Argentina ilə oyunumuzu xatırladım. Məhz həmin matçdan sonra həyatım cəhənnəm əzabına dönmüşdü. Bayrağın yanında qələbəni bayram edəndə yaşadıqlarım mənə yuxu kimi görünwrdü. Mövsümün nəticələrinə görə, Bekhem UEFA-nın bir neçə mükafatına (Ən yaxşı oyunçu, ən yaxşı yarımmüdafiəçi, ən yaxşı klub oyunçusu) layiq görüldü. “İlin ən yaxşı futbolçusu” nominasiyasında ikinci oldu.