14/09/2018
18:28
2485
| A A A
Azərbaycanın 2 idman kanalı ortaq məxrəcə gəlib

“CBC Sport” telekanalı bəyanat yayıb. Goal.az xəbər verir ki, bəyanatda Çempionlar Liqası, Avropa Liqası və futbol üzrə İspaniya çempionatının oyunlarının əvvəlcədən nəzərdə tutulduğu kimi, Azərbaycanda bir yox, iki kanalda yayımlanacağı qeyd olunub:

"Azərbaycanın futbol azarkeşlərinin və auditoriyanın maraqlarını nəzərə alaraq, bu mövsüm “CBC Sport” TV-nin Azərbaycan ərazisində yayımı üzrə müstəsna hüquqlara malik olduğu UEFA Çempionlar Liqası, UEFA Avropa Liqası və futbol üzrə İspaniya çempionatının ölkə ərazisinə yayım əhatəsini genişləndirmək və auditoriyanın daha çox sayda oyun izləməsini təmin etmək məqsədilə “CBC Sport” və “İdman Azərbaycan” telekanalları arasında memorandum imzalanmışdır.

Memorandumun müddəalarına əsasən, yuxarıda adıçəkilən yarışlar çərçivəsində eyni vaxtda başlanan və “CBC Sport”un efirində yayımı mümkün olmayan oyunların siqnalı “İdman Azərbaycan” telekanalına təmənnasız şəkildə ötürülür.

Azərbaycan teleməkanında ilk dəfə bu cür addım atan “CBC Sport” TV ümid edir ki, izləyicilər və Azərbaycandakı futbol azarkeşləri bu yenilikdən razı qalacaq, həmçinin, bu cür addımlar gələcək layihələr üçün örnək rolunu oynayacaq".