05/10/2018
15:13
10696
| A A A
Real'ın futbolçuları barədə nə bilirik? - xəstəlik, səfalət, nifrət

Dünya futbolunun nəhənglərindən olan Real-ın futbolçularını, demək olar ki, hamı tanıyır. Bu futbolçular indi rahat həyat yaşayır, maddi çətinliklər onları sıxmır. Lakin çoxları bilmir ki, cah-cəlal içində yaşayan bu futbolçuların əksəriyyəti kasıb ailədə böyüyüb. Bəzilərinin uşaqlıq dövrü xəstəliklərin əhatəsində keçib.  

 

 

Keylor Navas

Keylor Kosta-Rikada kasıb ailədə dünyaya gəlib. Ailə gündəlik çörəyini güclə tapırdı. Bu cür həyata dözməyən valideynlər 4 yaşlı Keyloru və 2 yaşlı qızlarını nənələrinin yanında qoyaraq Amerikaya köçürlər.  Belə qərar ağır olsa da, valideynlərin başqa yolu yox idi. Amerikaya yola düşməzdən əvvəl atası Teylora demişdi ki, sevdiyi işlə məşğul olsun.  Söhbət futboldan gedirdi. Gələcək qolkiperin atası bir az pul toplaya bilmişdi. Həmin vəsait Teylorun məşq etdiyi futbol məktəbinə ödəniləcəkdi.  Beləliklə, qənaət olunan pul balaca oğlanın arzularına qapı açdı.

Teyloru gələcəyə aparan yol hamar deyildi. Bir neçə komanda ona etiraz etdi. Balaca boyu və cılız bədəni ona mane olurdu. 1999-cu ildə bəxti üzünə güldü. Teyloru doğma şəhərinin Deportivo Saprissa klubuna qəbul etdilər. Burada 11 il çıxış etdi. Navas həftədə iki dəfə ibadət üçün evangelist kilsəsinə gedirdi. Gələcək həyat yoldaşı Andrea Salasla burada qarşılaşıb. Cütlük bir ildən sonra ailə həyatı qurub.

 

 

 

Naço

7 yaşından futbol oynayan Naço hər gün bir neçə litr su içirdi. Onun bu hərəkəti anasının diqqətindən qaçmadı və balaca Naçonu həkim müayinəsindən keçirdilər. Məlum oldu ki, qanda olan şəkərin miqdarı normadan dəfələrlə çoxdur. Uşağa 1-ci tip şəkər diaqnozu qoyuldu.  Futbol oynamaq qəti şəkildə qadağan edildi. Həyatını futbola həsr etmək istəyən uşaq üçün, bu, ağır zərbə idi. Bir müddət sonra anası Naçonu ailə həkiminə göstərdi. Analizlərin cavabını diqqətlə araşdıran həkim tamamilə əks qərar verdi: futbolla ciddi məşğul olmaq lazımdır, nəinki uzaqlaşmaq. Amma qidalanmaya nəzarət etmək lazım idi. Naço sevincindən nə edəcəyini bilmirdi. O, hər şeyə razı idi. Təki futbol oynasın.

Elə həmin vaxtdan hər gün yemək zamanı insulindən istifadə edir, qanda şəkərin miqdarını ölçür. Naçonun dediyinə görə, bu cür rejimin müsbət cəhətləri var: düzgün qidalanma, istirahət. Bütün bunlar idmançı üçün vacib amildir.

Kazemiro

Kazemiro, demək olar ki, atasız böyüyüb. Onun 5 yaşı olanda atası ailəni tərk edib və bir daha geri qayıtmayıb. Anası əlindən gələni edib ki, oğlu heç bir çətinlik çəkməsin, yaxşı təhsil alsın. Əzab-əziyyətə qatlaşam ana buna nail olub. Kazemiro atasını xatırlamadığını deyir: “Atamı küçədə görsəm tanımaram. Çünki onun sifət cizgilərini xatırlamıram. Atamı görmək istərdim. Hərdən düşünürəm ki, Tanrı bizi ayırıb”.

Ailə darısqal, şəraiti olmayan  bir evdə yaşayırdı. Burada rahat şəkildə dincəlmək, doyunca yatmaq mümkün deyildi. Buna görə də, hər oyundan qabaq komanda yoldaşlarının evində gecələməli olurdu. 

14 yaçı olanda Kazemironun  orqanizmində hepatit virusu tapıldı. Buna görə 3 ay məşqlərdə iştirak etmədi. Xəstəliyi ən cüzi fiziki yükü belə, tab gətirə bilmirdi. “Futboldan ayrılmalıydım. Təkcə xəstəliyə görə belə düşünmürdüm. Ümumiyyətlə futboldan getmək istəyirdim. Amma ailə vəziyyətim buna imkan vermirdi. Güc tapmalı, ailəm üçün çörək qazanmalı idim. Qazanc yolu isə mənim üçün futboldan keçirdi”, -  Kazemiro xatırlayır.  

16 yaşında olarkən Kazemironu San-Paulu komandasına götürdülər. Amma həmin vaxt “sambaçı” artıq “ulduz xəstəliyi”nə tutulmuşdu. Yeniyetmə futbolçu xeyli kökəlmişdi, gecələri barlarda keçirirdi. Hətta bəzən məşqlərə də, sərxoş gəlirdi. Komandanın məşqçisi onun bu hərəkətlərinin qarşısını almaq üçün xüsusi bir metod düşünmüşdü: futbolçunun matçlarda aldığı hər sarı vərəqə məşqçi tərəfindən qırmızı kimi qəbul edilirdi və Kazemiro dərhal oyundan çıxarılaraq əvəzlənirdi. Bu metod fayda verdi. Əvəzləndiyinə görə məvacibi azalan Kazemiro tamamilə dəyişdi.    

 

Маrkо Аsensio

Onun adı ilə bağlı maraqlı söhbətlər gəzir. Atası ispan, anası hollanddır. Anası hollandiyalı futbol ulduzu Marko van Bastenə rəğbət bəslədiyi üçün oğluna Marko adı verib. Uşaq vaxtındam Real-da oynamaq barədə düşünən Asensio arzusuna çatıb: “Nədənsə həmişə Real klubuna bağlı olmuşam. Ən böyük arzum bu klubda yer almaq idi. Arzum həyata keçdi”.

Bir dəfə ailə dəniz kənarında Florentino Pereslə qarşılaşdı. Asensionun anası ona yaxınlaşaraq şəkil çəkdirməyi xahiş edir və deyir ki, Marko nə vaxtsa Real-da oynayacaq. Bir müddət sonra Asensionun agenti Real klubundan təklif gəldiyini deyir. Daha sonra Peres özü Markoya zəng edir.

Luka Modriç

Təəccüblü olsa da, xorvatiyalı azarkeşlər Modriçi sevmir. Hətta onlar bu futbolçunun 2018-ci ilin dünya çempionatında Xorvatiya milisinin tərkibində yer almasına etiraz etmişdilər. Bəzi azarkeşlər özlərinə 10 nömrəli futbolka hazırladaraq soyad yerinə “mən xatırlamıram” sözünü yazdırmışdılar. Bu nifrət nədən yaranmışdı? Məsələ bundadır ki, Modriç Zaqreb Dinamo-sunun keçmiş baş məşqçisi Zdravko Mamiç barədə istintaqa verdiyi ilkin ifadədən imtina etmişdi. Xorvat futbolunun “kölgədə qalan ağası” adlandırılan Mamiç həbs edildiyi zaman Luka Modriç də ifadə verməli olmuşdu. Mamiç ölkənin futbol həyatında əsas fiqur sayılırdı. Trasferlərə qarışır, bu işdən milyonlar əldə edirdi. Deyilənlərə görə, təkcə Modriçin transferindən 15 milyon avro əldə etmişdi. Nəhayət, məsuliyyətə cəlb olunan Mamiçin istintaqında Modriç ifadə versə də, sonradan  ifadəsini geri götürmüşdü. Məhz  bu hərəkəti xorvatlarda Modriçə qarşı nifrət oyadıb. Azarkeşlər onu bağışlaya bilmir.

 

Kərim Benzema

Kərimin valideynləri Əlcəzairdən köçərək Lion şəhərində yerləşiblər. Ailə kasıb yaşayırdı. 9uşağı saxlamaq asan deyildi. Balaca  Kərim bütün günü həyətdə top qovurdu. Bir müddətdən sonra futbol məktəbinə qəbul edildi və gələcəyin tanınmış futbolçusunun uğurlu karyerası belə başladı. 18 yaşı olanda onu Fransa millisinin Yunanıstanla yoldaşlıq oyununa dəvət etdilər. Amma zədələndiyi üçün həmin görüşdə iştirak edə bilmədi. Əlcəzair Futbol federasiyası onu öz ölkəsinin millisinə çağırdı. Amma Benzema imtina etdi: “Mənim valideynlərim Əlcəzairdə doğulub. Bu ölkəni həmişə sevəcəyəm. Amma həmişə Fransa millisində oynayacağam”    

2011-ci ildə Benzemanın artıq çəki ilə bağlı problemi ortaya çıxdı. Real-ın idman direktoru Zinədin Zidan onu İtaliyanın Merano şəhərindəki klinikaya yolladı. Xeyli müalicə alan Kərim 7 kilo arıqladı. 

Benzema dəfələrlə qalmaqalların mərkəzində yer alıb. 2010-cu ildə onu və  millidə komanda yoldaşı olan Frenk Riberini həddi –buluğa çatmamış Zaxiya Dexa adlı bir qıza təcavüzdə günahlandırdılar. Hay-küy yaradan istintaq uzun müddət davam etdi. Riberi dərhal günahını etiraf etsə də, Benzema heç nəyi boynuna almaq istəmədi. Nəhayət, 2014-cü ildə  Zaxiya həmin vaxt 20 yaşında olduğunu etiraf etdi.