15/10/2018
15:31
9135
| A A A
Real-dan imtina edənlər

Unikal nəticələrə malik Real 13 dəfə çempionlar liqasının qalibi adını qazanıb. "Kral klubu"nun rekord göstəricini təkrarlamaq mümkünsüz görünür. Təbii ki, belə bir komandanın formasını geyinmək istənilən futbolçunun arzusu sayılır. Lakin məşhur klubun heyətində yer aımaq istəməyən futbolçular da var.

Goal.az müasir dövrdə Real-a “yox” cavabı verən futbolçuları təqdim edir .

10. Roy Kin

Manchester United-in kapitanı 2006-cı ildə karyerasını başa vurmaq niyyətində idi. Lakin gözlənilmədən Real-dan təklif aldı. Kin “Santyaqo Bernabeu”dan imtina etdi. Fikirləşdi ki, 34 yaşında klub dəyişməyin mənası yoxdur. Bununla belə, irlandiyalı Seltic komandasına keçməyə razılıq verdi. Bir ildən sonra futbolçu karyerasına son qoydu. Yeri gəlmişkən deyək ki, Roy Kin sonralar Real-la bağlı fürsəti əldən verdiyi üçün peşiman olduğunu demişdi.



9. Patrik Viyera

Bu futbolçu 2004-cü ildə “kral klubu”ndan aldığı təklifə əhəmiyyət vermədi. Hərçənd ki, onun çıxış etdiyi Xayberri klubu ilə madridlilər razılığa gəlmişdi. Necə deyərlər, hər şey qaydasında idi. Lakin son anda Patrik transferdən imtina etdi. Klubunu dəyişmək istəmədiyini bildirən futbolçu komandasından ayrılmayacağını dedi. Növbəti mövsümdə isə gözlənilmədən Juventus klubuna transfer olundu. “Qoca senyora”da uzun müddət qala bilməyən Viyera sonradan İnter-lə anlaşdı. Karyerasını isə Manchester City-də başa vurdu

8. Pol Poqba

Müasir dövrün ən tanınmış futbolçularından olan Pol Poqba karyerasının ilk vaxtlarında “Old Trafford”da top qovurdu. Burada bütün bacarığını göstərə bilməyəcəyini düşünən Pol Juventus-a keçdi. Yeni komandasında şöhrət tapan futbolçu digər klubların diqqətini cəlb etməyə başladı. Tanınmış komandalar perspektivli oyunçunu əldə etməyə can atırdı. Xüsusilə, Manchester United və Real onu heyətə gətirmək barədə düşünürdü. Fransız hər iki kluba maraq göstərsə də,”qırmızı şeytanlar”ı seçdi.

7. Luis Suares

2013-2014 mövsümündə Liverpool-da əla oyun göstərən Suares bir sıra aparıcı klubların diqqətini çəkdi. Real və Barcelona hücumçunu əldə etmək üçü daha çox canfəşanlıq edirdi. Hətta bu hücumçunun dünya çempionatında Corco Kellinini dişlədiyinə görə diskvalifikasiya edilməsi də bu klubların niyyətinə mane olmadı. Madridlilər unutmuşdular ki, uruqvaylı Barcelona azarkeşidir. Suares katalonlardan gələn təklifi dərhal qəbul etdi. Hücumçu məhz bu klubda parladı. Komandanın heyətində keçirdiyi 198 matçda 152 qol vura bilib.

6. Canluici Buffon

Xatırlayırsınızsa,2006-cı ildə İtaliya futbolunda böyük qalmaqal yaşandı. Nəticədə, Yuventus çətin vəziyyətlə üzləşdi və aşağı diviziona yuvarlandı. Futbolçuların qiyməti uculaşdı. Amma “qoca senyora”dan ucuz qiymətə oyunçu almaq istəyənlərin sayı artdı.” Rahat həzm edilənlərdən” biri Yuventus-un qolkiperi Canluici Buffon idi. Real təcrübəli qapıçını əldə etmək istəyənlər arasında yer almışdı. Lakin italiyalı komandasını çətin anlarda atmaq istəmədi və\ bu hərəkətinə görə fanatların sevgisini qazandı. Növbəti mövsüm Yuventus yuxarı diviziona qayıtdı. Madridlilərdən imtin edən Buffon doğma klubunda ən yaxşı futbolçulardan biri oldu

5. Kilian Mbappe

Müasir dövrün ən perspektivli futbolçulrından biri olan Kilian Mbappe “kral klubu”ndan imtina edib. 2017-ci ildə bu futbolçunun transferi uğrunda PSG və Real mübarizə aparırdı. Gənc futbolçunu hər iki klub maraqlandırırdı. Kilian Ronaldonun azarkeşi kimi Madrid klubuna keçə bilər və sevdiyi hücumçu ilə yanaşı oynaya bilərdi. PSG isə onun öz ölkəsinin komandası idi. Buna görə də, gənc hücumçu yerlilərini seçdi. Deyilənlərə görə, Mbappe burada çox qalmayacaq. Real onu heyətə gətirmək cəhdindən əl çəkməyib. Bəlkə, bu dəfə transfer alınacaq.

4. Stiven Cerrard

Stiven iki dəfə Real-dan imtna edib. 2004-cü ildə burada forma geyən əfsanəvi Zinəddin Zidan Liverpool-un yarımmüdafiəçisini yanında görmək istəyib. Lakin Cerrard komandasından ayrılmadı və növbəti mövsümdə Avropa kubokunu qazandı. İkinci dəfə 2010-cu ildə Real növbəti təklif göndərdi. Yenə də müsbət cavab ala bilmədi. 30 yaşlı Stiven ən böyk arzusunun Liverpool-un heyətində İngiltərə çempionu adını qazanmaq olduğunu bəhanə etdi. Cerrardın bu arzusu çin olmadı. Bununla belə, Real-dan imtina etdiyi üçün peşiman olmadığını bildirdi.

3.İvan Rakitiç

“Kral klubu”na iki dəfə “yox” deyənlərdən biri xorvatiyalı yarımmüdafiəçi İvan Rakitiçdir. Sevillia-da çıxış etdiyi 3 ildə əla oyun göstərən İvan İspaniya çempionatının lider klublarının diqqətini özünə çəkə bilmişdi. Xorvat Barcelona-nı seçdi. Lakin Madrid klubu ondan əl çəkmək niyyətində deyildi. Barcelona-da keçirdiyi iki mövsümdən sonra Rakitiç Real-dan daha bir təklif aldı. Komanda məqsədinə çatmaq üçün Luka Modriçi vasitəçi kimi ortaya atmışdı. Amma plan baş tutmadı. Rakitiç həmyerlisinin təklifinə rədd cavabı verdi. Hazırda Kataloniya klubunun fanatlarının sevimlisidir.

2.Françesko Totti

Roma-nın kapitanı Real-dan 3 dəfə imtina edib. Bu, Tottinin özünəməxsus rekordu sayılır. “Kral klubu”nun prezidenti Florentino Peres Tottini komandasında görməyi çox istəyirdi və şəxsən özü transfer təklifi etmişdi.

3 dəfə təklifdən imtina edən kapitan doğma komandasından ayrılmaq istəmədiyini, ayrılmaq məqamında Barcelona-nı seçəcəyini açıq şəkildə elan etmişdi. Sonralar isə öz vətənində oynamağı daha məqbul hesab etdiyini bildirmişdi.

1. Neymar

Madrid klubu uzun illər Neymarla maraqlanıb. Braziliyalı ilə müəyyən danışıqlar da aparılmışdı. Lakin bir müddətdən sonra danışıqları saxlayan Real yenidən braziliyalının oyunlarını izləməyə qərar verdi. Neymar Santos klubunda liderə çevriləndə Real fürsəti əldən verdiyini başa düşdü. İstedadlı hücumçu əldən çıxmışdı. İmkanı əldən verən madridlilər Neymarı heyətə gətirmək məqsədilə ona müqavilə təklif etdi. İnciyən “sambaçı” bu təkliflərdən qəti şəkildə imtina etdi. Əslində, Neymar Barcelona-da oynamaq istəyirdi və buna görə madridlilərdən üz döndərmişdi. 2013-cü ildə Kataloniya klubu ilə müqavilə bağladı. 4 mövsümdən sonra PSG-nin heyətinə qatıldı. Neymarın yaxın vaxtlarda Rea-la transfer ediləcəyi deyilir.