18/10/2018
11:31
9816
| A A A
Təklif gözləyən məşhur baş məşqçilər - SİYAHI
Hazırda dünyada çox sayda tanınmış mütəxəssis var ki, işləmir. Onlar hər an böyük klublardan birinin başına keçə bilər.
Goal.az təklif gözləyən məşhur mütəxəssislərin bəzilərini təqdim edir.
Zinəddin Zidan gözləyir
Futbolçu karyerasını bitirdikdən sonra məşqçiliyə başlayan və ilk işindən "5" qiyməti alan Zinəddin Zidan hazırda Avropanın aparıcı klubları ilə adı yanaşı çəkilən bir nömrəli mütəxəssisdir.
4 yanvar 2016-cı ildə baş məşqçisi təyin olunduğu Real-da ilk mövsümdə La Liqanın qalibi olan fransalı mütəxəssis Çempionlar Liqasını ardıcıl 3 dəfə qazanaraq tarixi uğura imza atıb. O, Madrid klubu ilə həmçinin 2 dəfə UEFA Super Kubokunu və 1 dəfə klublararası dünya çempionluğunu qazanıb. 
Real-dan sürpriz şəkildə ayrılan Zidanın hansı klubla anlaşacağı maraq doğurur. Yayda adı Qəər yığması ilə yanaşı çəkilən mütəxəssis hazırda Manchester United-in baş məşqçi postuna ən real namizəd hesab olunur. Hətta onun ingilis dilini öyrənmək üçün Londona yollandığı da bildirilir.
Vengerin istirahəti bitir
Dünyanın ən güclü çempionatı hesab olnan İngiltərə Premyer Liqasında Arsenal-ı 22 il çalışdıran Arsen Venger yerini Unai Emeriyə verərək istirahətə çəkilib. London klubu ilə 3 dəfə Premyer Liqanın, 7 dəfə Federasiya Kubokunun, 7 dəfə İngiltərə Super Kubokunun qalibi olan fransız mütəxəssis beynəlxalq turnirlərdə uğur qazana bilmədiyindən azarkeşlərin hədəfinə çevirilmişdi.
Arsenal-dan ayrılandan sonra əvvəlcə adı Bayern Munchen ilə yanaşı çəkilən, sonradan PSG-nin idman direktoru olacağı deyilən Venger 2019-cu ilin əvvəlində fəaliyyətə başlayacaq. Bu barədə o, "Bild"ə müsahibəsində deyib: "Yaxşı istirahət etdim. Artıq işləmək vaxtıdır. Düşünürəm ki, yanvarın 1-dən yenidən fəaliyyətə başlayacağam".
Konte İtaliyaya dönə bilmədi
Rusiyalı milyarder Roman Abramoviçin sahibi olduğu Chelsea-də 3 iyul 2016-cı ildə fəaliyyətə başlayan və ilk mövsümündə çempionluq sevinci yaşayan Antonio Konte ikinci mövsümündə Federasiya Kubokunu qazansa da, yerini Mauritsio Sarriyə verməli oldu.
Chelsea-dən ayrılacağı dəqiqləşəndən sonra adı Juventus və İtaliya millisi ilə yanaşı çəkilsə də, 49 yaşlı mütəxəssis heç bir posta gələ bilməyib. Juventus 4 mövsümdə A Seriyasında çempionluğu heç kimə güzəşt etməyən və komandanı 2 dəfə Çempionlar Liqasında finala çıxaran Massimiliano Alleqri ilə yola davam edir, İtaliya millisinin baş məşqçi postuna isə Roberto Mançini gətirilib.
İtaliya mediası bu günlərdə Kontenin mövsümə uğursuz başlayan Real-ın baş məşqçi postuna namizəd olduğunu yazır.
Monaco-dan yeni gedib, amma...
Bir neçə gün əvvəl Monaco-dan istefaya göndərilən Leonardo Yardimin hələ bir müddət istirahət etməsi gözlənilir. 2014-ci ildə knyazlıq klubunda işə başlayan 44 yaşlı venesuellalı mütəxəssis komandanı 2016/17 mövsüsündə PSJ-ni 8 xal qabaqlayaraq Fransa çempionu etmiş və eyni mövsümdə Çempionlar Liqasında yarımfinala çıxartmışdı.
Başda Kilian Mbappe olmaqla bir çox ulduzu itirən Monaco bu mövsüm ilk 9 turda 6 xal topladığından Yardim istefaya göndərildi. Onun yeni iş yerini hər kəs maraqla gözləyir.
Mourinyonun kölgəsində qalan Andre Villaş-Boaş
Uğurlarına görə Joze Mourinyonun kölgəsində qalmasına rəğmən öz sözünü demiş portuqaliyalı Andre Villaş-Boaş da təklif gözləyən mütəxəssislərdəndir.
Peşəkar futbolçu olmadan məşqçiliyə başlayan mütəxəssis 2010/11 mövsündə Porto-nu Portuqaliya çempionu, ölkə kubokununun və Çempionlar Liqasının qalibi etməklə bütün dünyaya məşhurlaşan 40 yaşlı mütəəxssis ardınca Chelsea və Tottenham-i çalışdırsa da, uğur qazana bilməmişdi. 2014-2016-cı illərdə Zenit-ə başçılıq edən Villaş-Boaş Rusiya çempionatının, kubokunun və Super Kubokunun qalibi ola bilmişdi.
Son olaraq Çinin "Şanxay SIPG" klubunu çalışdıran portuqaliyalı istefa verdikdən sonra avtomobil idmanına maraq salıb. O, hətta 2018-ci ildə Qətər Rallisinə də qatılıb. Amma 4-cü etapda qəzaya düşərək yarışdan çəkilib. 
O, Zinəddin Zidanın istefasından sonra Real-ın baş məşqçi postuna namizəd hesab edilirdi.
Leicester-də tarix yazdı...
İşsiz mütəxəssislərdən biri də Klaudio Ranyeridi. 66 yaşlı italyan mütəxəssis ötən mövsüm Fransanın Nantes klubunu çalışdırıb və komanda mövsümü 9-cu pillədə başa vurub.
Ranyeri karyerası ərzində Napoli, Fiorentina, Valencia, Atletiko, Chelsea, Valencia, Parma, Juventus, Roma, İnter, Monaco klublarını və Yunanıstan millilərini çalışdırsa da, ən böyük uğurunu Leicester-də qazanıb. 2015/16 mövsümündə komandanı tarixində ilk dəfə İngiltərə çempionu etsə də, növbəti mövsüm uğursuz nəticələr səbəbindən istefaya göndərilib.
Fanat.az