04/12/2018
10:28
1097
| A A A
Modriç Ronaldo və Messinin hegemonluğuna son qoydu

"Qızıl top"u qazanan Xorvatiya millisinin və İspaniya Real Madrid-inin futbolçusu Luka Modriç hazırda İtaliya Juventus-unda çıxış edən sabiq komanda yoldaşı Kriştianu Ronaldo ilə Barcelona-da çıxış edən Lionel Messinin 11 illik hegemonluğuna son qoyub.

Goal.az-ın məlumatına görə, Ronaldo 2008-ci ildə İngiltərə Manchester United-inin, 2013, 2014, 2016 və 2017-ci illərdə Real Madrid-in heyətində bu mükafata sahib olub. Messi isə 2009, 2010, 2011, 2012 və 2015-ci illərdə dünyanın ən güclüsü sayılıb. Sonuncu dəfə "Qızıl top" 2007-ci ildə fərqli futbolçuya - Milan-ın braziliyalı yarımmüdafiəçisi Kakaya qismət olub.

Budəfəki seçkidə portuqaliyalı hücumçu 2-ci, argentinalı forvard 5-ci yeri tutub. Messi 2006-cı ildən sonra ilk dəfə liderlər "üçlüy"ünə düşə bilməyib. Amma o, UEFA-ya üzv ölkələrin çempionatlarının bombardirlərinə verilən "Qızıl buts"un builki sahibi olub.

Modriç həm də Real Madrid-in indiyədək "Qızıl top" qazanmış 7-ci futbolçusu olub. Əvvəllər "kral klubu"ndan bu mükafatı Alfredo di Stefano (1957, 1959), Raymon Kopa (1958), Luiş Fiqu (2000), Ronaldo (2002), Fabio Kannavaro (2006) və Kriştianu Ronaldu əldə edib. Bununla da Madrid təmsilçisi Barcelona, Juventus və Milan-ı keçib. "Qızıl top"ların ümumi sayında isə Real Madrid Barcelona ilə bərabərləşib. İndi onların hərəyə 11 belə mükafatı var.

Qeyd edək ki, "Qızıl top"a ilk dəfə xorvatiyalı futbolçu yiyələnib. Əvvəllər bu ölkənin futbolçuları arasında ən yüksək göstərici Davor Şukerə məxsus olub. 1998-ci il dünya çempionatının bombardiri yalnız Zinəddin Zidana uduzaraq, ikinci yeri tutub.  (report)