05/12/2018
20:42
2706
| A A A
Avropadan Ronaldoya "2"

Juventus-un ulduz futbolçusu Kriştiano Ronaldoya "Qızıl top" mükafatı üçün sorğuda Avropadan cəmi iki ölkənin jurnalisti səs verib.

Goal.az-ın məlumatına görə, bunlar Portuqaliya və Sloveniyadır. Səsvermədə ikinci pillədə qərarlaşan Ronaldoya qalan səsləri digər qitələrin nümayəndələri verib.

"Qızıl top"un qalibi xorvatiyalı Luka Modriç isə Avropanın 29 ölkəsindən səs yığıb. Azərbaycanlı idman jurnalisti, CBC Sport telekanalının əməkdaşı Rasim Mövsümzadə də məhz Modriçi bu mükafata layiq görüb. O, ən yaxşı gənc futbolçu seçilən Fransa millisinin və PSJ-nin hücumçusu Kilian Mbappeni ikinci, Misir yığmasının və İngiltərə Liverpool-unun yarımmüdafiəçisi Məhəmməd Salahı üçüncü, Chelsea-nin belçikalı orta sahə oyunçusu Eden Hazardı dördüncü, İspaniya Atletico klubunun fransalı qolçusu Antuan Qrizmannı isə beşinci pillədə göstərib.   

Azərbaycandan dəstək görməyən İspaniya Barcelona-sının ulduz futbolçusu Lionel Messi qitənin cəmi 5 ölkəsindən səs yığıb. Qrizmann avropalı jurnalistlərdən 10, Mbappe (PSG, Fransa) 7, Rafael Varan (Real Madrid, İspaniya) isə 1 səs alıb.