10/01/2019
17:11
4151
| A A A
Liverpool-a gəlişi ilə planları suya düşən Klopp - "Dünyada futboldan daha qiymətli şeylər də var”

Hamımızın alışdığı görüntü:  Yurgen Klopp heybətli duruşu ilə, əlləri cibində, arxası ehtiyat oyunçular oturacağına tərəf, baxışları isə rəqibin üzərində...

Baş məşqçiləri çalışarkən izləmək, fikirlərinin və taktikalarının dəyişimini müşahidə etmək – Kloppu hələ futbolçu olduğu vaxtdan cəlb edirdi. Bu səbəbdəndir ki, karyerasını bitirəndə daha artığını kəşf etmək istəmişdi. 2001-ci ildə Mainz-in sağ cinah yarımmüdafiəçisi ikən yaşadığı ani dəyişim, Borussia Dortmund yolunu tutacağı 2008-ci ilə qədər təxirə salınmışdı.

2015-ci ilin sentyabrında Borussia Dortmund-la ayrılaraq çıxdığı 4 aylıq tətildən sonra, ediləsi işlər siyahısını yeniləyərək, futbolu və futbolçunu idarə etməyi öyrənmək məqsədi ilə yeni bir yolçuluğa çıxmağa qərar verdi.

Klopp istədiklərini reallığa çevirmək üçün planlar qurarkən, meneceri Mark Kosiçkə özünü Lan Ayre kimi təqdim edən birindən zəng gəldi. Liverpool-un o dönəmdəki prezidenti məşqçinin “Enfild”ə gəlmək istəyib-istəməyəcəyini soruşurdu.

Bundan sonra tərəflər arasında görüntülü danışıq baş tutdu. Burda isə məqsəd, müqavilə detalları barədə danışmaq yox, zəng edənin həqiqətən də Liverpool prezidenti olub-olmadığını dəqiqləşdirmək idi. Şübhələr aradan qaldırıldıqdan sonra, gözəl söhbət baş tutur. Sonrakı iş Liverpool-un sahibləri ilə toplantıda iştirak etmək idi.

Oktyabrın ilk günündə, Fenway Sports Group-un sahibi Con Henri, icraçı direktoru Tom Verner və meneceri Mayk Qordon, Nyu-Yorkda yerləşən Shearman&Sterling hüquq bürosunda daha öncədən haqqında uzun-uzadı araşdırma apardıqları adamla görüşəcəklərdi: Yurgen Kloppun fəlsəfəsi, iş prinsipi, statistik göstəriciləri, futbolçu və klub rəhbərliyi ilə münasibətləri, mətbuatla əlaqələri, qısaca, bütün bu və digər məlumatları özündə əks etdirən 60 səhifəlik dosye. Və bu “toplu” bir şey deyirdi: “Klopp Liverpool üçün möhtəşəm seçimdir”.

Klopp meneceri Kosiçk ilə birlikdə heyətin yanına çatanda FSG məruzəsində bəhs olunan adam qanlı canlı onların qarşısında idi. Alman məşqçinin cəzbediciliyi inkar olunmaz olsa da, heyətin diqqətini əsas çəkən məqam, Kloppun kəskin düşünmə bacarığı, futbol fəlsəfəsi və Liverpool-da həyata keçirmək istədiyini ifadə etmə tərzi idi. O gün “Lexington Avenue”da keçirilən toplantıda hər kəs üçün hər şey tamam idi... 

Klopp bir həftə sonra, “Hope Street Oteli”ndəki 8 nömrəli otaqda onu Liverpool-un yeni baş məşqçisi edəcək müqaviləni imzalayırdı.

“Bir illik fasilə vermək istəyirdim - bu dəfə azarkeşlərin sosial media hesablarımdan harada olduğumu təqib edib, küçələrdə məni qarşılaması olmadan...”

“Planım ilk dörd ayda, sözün əsl mənasında, heç bir iş görmədən tətil etmək idi. Daha sonra fərqli yerlərə gedəcəkdim. Çünki, məşqçiliyə başladığım gündən əvvəlki gün hələ də futbolçu idim. O vaxtdan bəri davamlı olaraq çalışdım. Beləliklə, düzgün şəkildə səyahət etmək və futbola digər böyük insanların gözü ilə baxmaq fürsətim olmadı. Bunu gerçəkləşdirməyi çox istəyirdim. Ancaq indi yenidən işim var və belə fürsətim yoxdur”.

“Fövqəladə, fövqəladə” deyir öz-özünə, futbol fəlsəfəsi və bilgisini artırmaq planlarının suya düşməsinin ardından ona hədiyyə edilən bu yeni macəra və meydan oxuma fürsəti üçün.

“Almaniyada keçirdiyim 14 ilin ardından dəyişikliyə çox ehtiyacım vardı. Orda hər şeyi bilir, hər komandanı tanıyırdım. Mənə 5-ci liqadan bir komanda haqqında soruşsaydınız, azı 4 ya da 5 futbolçusunun adını çəkə bilərdim”.

“Sonra İngiltərəyə gəldim və burada hər şey mənim üçün yeni idi. Əvvəllər də Premyer Liqanı izləyirdim. Amma Almaniyada daha çox öz Liqam və Çempionlar Liqası ilə maraqlanırdım. Sonra bura gəlirsiniz və bir klubla qarşılaşacaqsınız – deyək ki, Hull City ilə - komandadan tək bir futbolçunu belə tanımırsınız”.

“Oyunlara hazırlaşmaq üçün aşağı-yuxarı 3 gün vaxtınız olur və siz rəqiblərinizin oyunlarını fərqli bir şəkildə izləmək məcburiyyətində qalırsınız. Rəqiblərimin nə etdiyi ilə bağlı ən kiçik bir fikrim belə yox idi. Amma Almaniyada bütün klubların hər şeyini bilirdim”.

“Liverpool-da işə ilk başladığım vaxtlar çox çalışırdıq, çünki öyrənməyimiz lazım olan çox şey vardı. Üstəlik, Avropa Liqasında mübarizə aparırdıq. Dürüst olmaq lazımdırsa, bu vəziyyət xoşuma gəlirdi, özüm üçün yeni bir meydan oxuma...”

“Almaniyada baş məşqçi kimi uzun müddət çalışdıqdan sonra, normal olaraq, bəzi rutinlərdən qurtulmaq və yeni bir başlanğıc istədim. Bunu gerçəkləşdirməyimin xüsusi bir hal olduğunu düşünürəm. Dəyişimin kəskin gücünü üzərimdə hiss edirəm”.

“İndi üç il əvvəlkindən daha yaxşı məşqçiyəm”

İngiltərədə yaşamaq fikri, Kloppun hələ peşəkar futbolçu karyerasına başlamadan əvvəl diqqətini çəkmişdi. Gəncliyində bir aylıq bu ölkəni gəzmək və tanımaq fürsəti də olmuşdu. Otel və hostellərdə pul ödəməmək üçün təmizlik işləri görürmüş... Hostellərdəki “5 dollara yemək+qəhvəaltı” təkliflərindən təsirlənən Kloppun adaya olan marağı həmin vaxtdan başlamışdı.

Borussia Dortmund-da çalışdığı 7 il müddətində İngiltərə klublarının diqqət mərkəzində idi. Manchester United, TottenhamManchester City klubları fərqli zamanlarda uğurlu baş məşqçi ilə dialoqa keçmişdi. Yaxın çevrəsindəki insanlar “Westfalen”dən ayrıldığı zaman onu sonrakı dayanacağının İngiltərə olduğuna inandıra bilmişdi. Liqada nəfəskəsici mübarizə, gərginlik, amansız rəqabət ortamı və azarkeşlərin fövqəladə coşqusu Yurgen Kloppun xarakteri ilə üst-üstə düşürdü.

Hamısından önəmli olan Kloppun ingilis dilini bilməsi idi. Fikir və göstərişlərini başqasının vasitəsi ilə çatdırmaq fikri ona çox uzaq idi.

Artıq ağıllarda bir sual vardı. Hansı İngiltərə klubunun Kloppla tam uyğunlaşması və qaynayıb-qarışa bilməsi idi. Kloppun ətrafındakılarda fikir bir idi: Liverpool. 

Mersisayd klubu Kloppu 2 dəfə - 2011 və 2012-ci illərdə “yoldan çıxarmağa” çalışmışdı. Üçüncü dəfə isə, Kloppa Dortmund klubuna sədaqəti mane olmayacaqdı. Oktyabrın 4-ündə Brendan Rocerslə yollar ayrıldı. Kloppun hazırlıq üçün vaxtı az idi, o daha çox bir məqama – fikirlərinin qarşı tərəfdən dəqiq anlaşıldığına – diqqət etmişdi.

“Özümü dil baxımından inkişaf etdirməli idim” deyən Klopp, “Hələ də istifadə etdiyim ingilis dili tətbiqini, ilk dəfə, həmin vaxt telefonuma yüklədim. İngiliscəmi inkişaf etdirmək məcburiyyətində hiss edirdim. Mən və yaşıdlarım ingilis dilini Almaniyada öyrənib. Ancaq bildiklərimizi inkişaf etdirmə imkanımız çox olmurdu”. 

“İclaslardan əvvəl futbolçulara söyləyə biləcəyim kəlmələrin düzgün tələffüzünü öyrənirdim. Dillə bağlı etdiklərim elə bunlar idi. Əslinə qalsa, çox çalışmırdım”. 

Liverpool-la 3+1 illik müqaviləyə imza atan Klopp ilk çıxışında azarkeşləri komandaya şübhə ilə deyil, inamla yaxınlaşmağa səslədi. Onlardan səbrli olmağı və keçmişlə indini müqayisə etməmələrini, futboldan zövq almalarını istədi: “Keşmiş bizim üçün sadəcə istinad yeridir. Uğurlarla dolu tarixinizi getdiyiniz hər yerdə bel çantanızda daşıdığınız kimi özünüzə yükləyə bilməzsiniz”.

Kloppun ayağının tozu ilə verdiyi açıqlamalar, hamının paylaşdığı hisslər idi. Bölünmüş və çarəsiz atmosfer içində olan azarkeşlər üçün bu sözlər çox diqqətli seçilmişdi.

“Liverpool-da bəzi işlərin yolunda getmədiyi ortada idi. Klubda yeni bir münasibət yaratmalı idik. Hər şeyin də təməlində bir şey vardı – insanlar”.

“Yeni baş məşqçi kluba gələndə, adətən, bu durum hərkəsin xoşuna gəlir. O andan etibarən, hər şey pisə doğru gedə bilər, çünki sən hamının gözləntilərini qarşılaya bilməzsən”. 

“Bura ilk gələndə insanların məndən olan gözləntiləri barədə fikir bildirə bilmərəm. Borussia Dortmund-la etdiklərimin eynisini istədikləri şübhəsizdir”.

“Dortmund-da da yeni bir başlanğıca ehtiyac vardı. İnsanlardan gözlədiyim yeni işə başladığımda bizə vaxt vermələri idi. Çünki, bunu etməsəniz, növbəti oyuna çiyninizdə 400 oyunluq o yüklə çıxmağınız lazım olur”.

“Komandaya yeni bir sima gətirilməsi yaxşıdır. Ancaq keçmişdə çətinliklərlə qarşı-qarşıya qalmısınızsa, hər şeydən şübhə duyursunuz. Ən ümidverici şeylərdən belə”.

“Bir çoxlarının, “Yaxşı, yeni bir adam var artıq. Ancaq hər şey yenə əvvəlki kimi olacaqmı? Bir neçə uğurlu oyun və sonda yenə sıfır nəticə” deyə düşündüyündən əminəm”. 

“Əslində, indiyə qədər olanlar da bunu təsdiqləyir” – deyə bildirir Klopp. “Bunu daha əvvəl də demişəm. Nə vaxt kuboklar qazanmağa başlayacağımızı bilmirəm, ancaq əminəm ki, bu klub nələrsə qazanacaq. Nə vaxt olacağını bilmirəm, bu səbəbdən də o an gələnə qədər ən yaxşı vaxtlarımızı keçirməliyik. Dünyanın dadını çıxaraq, futboldan zövq alaq”. 

Ötən ilin mayında Real-la keçiriləcək Çempionlar Liqası finalı öncəsində Liverpool klubu Kiyevdəki “Şevçenko Park”da azarkeşləri üçün macəralarla dolu keçən mövsümdən sonra zəfərlərini qeyd etmələri və Kiyevə qədər gəlib böyük xərcə girən azarkeşlər üçün bir toplantı təşkil etdi.

Boss Night, The Anfield Wrap və Redmen tv-dən də dəstək görən tədbir hələ də yaddaşlardadır və haqqında danışılır – Hər yaş və sosial zümrədən insan, komandasına ən zərərsiz şəkildə dəstək olmağa çalışır, çiyin-çiyinə əylənir, yumruqlar havaya qalxır, səslərini komandaları üçün yüksəldir və bu unudulmaz təcrübəni içərək qeyd edirdilər.

Qarşılaşmadan sonra xəyal qırıqlığı olsa da, azarkeşlərdə artıq yerlərində saymadıqlarına dair inam hissi daha üstün idi.

“Burda insanların coşqusu bizimlə iç-içə idi. İnsanların diqqəti, bütün o hissləri möhtəşəm idi”.  Klopp kluba ilk gəldiyi vaxtlar azarkeşlərin ondan olan gözləntiləri qarşılamağa çalışdığını qeyd edir: “Bunu davam etdirə bilməliyik. Çünki, bu əladır və belə də olmalıdır. Dünyada futboldan daha qiymətli şeylər də var”.

“Ancaq bir oyunu izləməyə getdiyinizdə ondan daha önəmli bir şey qalmır. Qərarınızı artıq vermiş olursunuz: Bu an həyatımdakı hər şeyi unudub stadiona gedəcəm, həftənin, ayın, bəlkə də, həyatımın ən gözəl 95 dəqiqəsini yaşayacağam”. 

“Hələ də yaşadıqlarımın son dərəcə özəl olduğunu və bunların bir parçası olduğum üçün özümü şanslı hiss edirəm. Bu nöqtədə, bir Liverpool azarkeşi, ya da əməkdaşı olmaq fantastik, həqiqətən də möhtəşəm bir şeydir”.

Kloppun Liverpool-da işə başlaması milli komandaların oyunlarına təsadüf etmişdi. Həmin günləri belə xatırlayır: “İlk günlər rahat keçdi. Məşqlərə akademiyadan bir neçə futbolçu cəlb etdik. Daha sonra milli komandalardan qayıdan futbolçular da bizə qoşuldu. Əsl iş isə bundan sonra başladı. Komandanı 2 günə Tottenham-lə oyuna hazırlamaq lazım idi”.

Komandanın ilk məşqçilərindən biri Pep Linders Kloppun ilk iclasını belə xatırlayır: “İlk toplantısı inanılmaz idi. Oyunçuların hamısı Melwod-dakı iclas otağında idi. Klubun bütün əməkdaşları da orda idi deyə, say kifayət qədər çox idi. Bütün xidməti işçiləri tək-tək futbolçulara göstərib: “Uşaqlar, bunların kim olduğunu bilirsiniz?, Bu insanlar sizin 100 faizli performans göstərə bilməyiniz üçün sizə kömək edən insanlardır. Onlarını adlarını bilirsinizmi?”

“Bütün texniki işçilər, yeməkxanada çalışan sevimli ikili Karol və Karolinadan pərdəarxası bütün işləri görən hər kəs tək-tək orda nə işlə məşğul olduğunu bildirdi. O toplantıda Klopp bizə bir-birimizə qarşı olan öhdəliklərimizi anlatdı: əlimizdən gələnin ən yaxşısını etmək öhdəliyini. Bizə hər kəsin hər şeyə cavabdeh olduğunu dedi”. 

Sıra komandadan gözləntilərinə gəldikdə, Klopp fikirlərini qısa və dəqiq ifadə etdi

“Lövhəyə böyük hərflərlə “KOMANDA” (T.E.A.M.) yazdığını xatırlayıram. Olmağımızı istədiyim də bu idi. “T” qorxunc kəlməsini (terrible) qarşılayır, yəni qorxunc bir komanda olmaq – təəssüf, daha yaxşı söz tapa bilmədim. “E” istəkli (enthusiastic), “A” iddialı (ambitious), “M” isə güclü metal maşınlar (metally-strong machines)”.

“Bəzi zamanlar, həqiqətən də, belə oynayırıq. Qarşı-qarşıya gəlinməsi çox qorxunc rəqib oluruq - coşqulu, istəsəniz çılğın da adlandıra bilərsiniz – bir komanda oluruq. Sözsüz ki, son dərəcə, istəkli və iddialıyıq, zehni baxımdan da getdikcə güclənirik. Demək olar, bütün oyunçularım maşın kimi işləyirlər. Bu da istədiyim şey idi”.

Linders Liverpool-un indiki inkişafının Kloppun sayəsində olduğunu düşünür: “İlk danışığını etdiyimiz günə dönüb, bu günə qədər məqsədimizə çatmaq üçün etdiyimiz hər şeyi görə bilərsiniz. Bu inanılmazdır. Bəzən bir liderin əlindəki ən güclü silahı xarakteri olur. Kloppun komanda özəlliklərini təyin edən də onun  xarakteridir. İlk gəldiyi vaxtdan bunu görə bilərsiniz”.

 

“Onlara ilk izah etdiyim bu idi: önəmli olan tək iradlar mən dediklərimdir".

"Başqalarının nə dediyinin mənim üçün o qədər də önəm daşımır. Əlbəttə, tənqidlər ola bilər, ancaq bunları görməzdən gəlməlisiniz. Açıq danışmaq lazımdırsa, mən tənqidləri önəmsəmirəm. Çünki, biri gəlib mənə pis bir seçim (taktika və s) üçün məğlub olduğumuzu deyirsə, bunu ondan əvvəl mən özüm də bilirəm. Əlbəttə, uğursuz nəticə olarsa, bunun fərqinə varan ilk mən oluram. Bir oyun uduzursunuz “məşqçi heç nə bilmir”, digər oyunda qalib gəlirsiniz “bu adam dahidir” deyirlər. Həqiqət isə bu ikisinin arasındadır. Burda işləmək üşün əla mühit yaratmışıq. Komandaya ilk gəldiyimdə heç kim komandanı bəyənmirdi – hətta, klubun özü belə. Bunu açıq demədilər. Demələrinə də gərək yox idi, hiss edə bilirdim. Liverpool-da olmaq üçün özlərini yetərincə yaxşı hiss etmirdilər, çünki onlara hiss etdirilən bu idi. Komandadan məmnun olan tək adam mən idim. Mən “çox əla heyətdir” düşünərkən, digərləri əksini düşünürdü. Yox, bu komanda çox yaxşıdır, çünki bizimdir. Hər şeyi bir anda dəyişdirə bilmirsinizsə, üstündə bu qədər baş sındırmaq nəyə lazımdır? Bunu anlamıram. Səviyyəmizi yüksəltmək o zaman üçün qarşımızdakı ilk məqsədlərdən idi. İndiki əsas oyunçularımız o zaman gənc idilər. Bütün oyunçularla fərqli-fərqli çətinliklər yaşamışıq. Finallarda yaşadığımız üzüntüləri kənara qoysaq – hərçənd bu mümkün deyil – nə olursa olsun, etdiklərimiz uğur hekayəsindən başqa bir şey deyil”.

Kiyevdəki finalda 1-3 məğlubiyyəti başda olmaqla, bütün nəticələrə tək-tək baxdıqda bunların təcrübə və paylaşılmış hekayə olduğunu düşünür.

“Daha özgüvənli hala gəlmək üçün davamlı irəliləməli və bu müddətdə təbii nəticələr əldə etməlisiniz. Bizi indiki daha güclü halımıza gətirən də elə budur. Heyətə yeni futbolçular qatmışıq, ancaq onların təkbaşına nəyisə dəyişdirməsi imkansızdır. Bunu unutmamalıyıq. İnsanlar Virgil Van Dik haqqında düşündüklərini bilirəm. O yaxşı insan, üst səviyyədə futbolçudur. Ancaq o belə müdafiəmizdəki problemləri tək başına aradan qaldıra bilməzdi. Futbol belə bir iş deyil. Eynilə Alissonun 500 oyun ard-arda qapısını toxunulmaz saxlaması kimi. Oyun bunu mümkünsüz edir. Oyunçulara bütün istək və tələblərinizi yazdığınız bir kitabı verib, ordan oxuduqlarını dərhal anlayıb həyata keçirməsini gözləyə bilməzsiniz”.

2015-ci ilin 31 dekabrında “Enfild”də West Bromwich-ə qarşı oyunda 90-cı dəqiqədə Oricinin bərabərlik qoluna sinəsinə döyə-döyə sevinirkən, oyunun sonunda isə futbolçular əl-ələ qapı arxası tribunaya tərəf yürüyəcəkdi. 2:2 seviniləcək hesab olmasa da, gəldikləri yer və çatmaq istədikləri hədəf düşünüldükdə alman mütəxəssisin sevincini bu şəkildə ifadə etməsi məntiqli görünür.

O hadisədən 1 ay əvvəl isə Kloppun Liverpool-da aldığı  ilk məğlubiyyəti Skott Danın oyunun bitməsinə 8 dəqiqə qalmış vurduğu qolla Crystal Palace-dan gəlmişdi. Buraxılan qoldan sonra Liverpool azarkeşləri toplu şəkildə stadionu tərk etməyə başlamışdı. “82 dəqiqə və hər şey bitmiş kimi davranıldı” deyərək üsyan edəcəkdi Klopp o oyundan sonra. “Arxamı döndüm və o an özümü çox yalnız hiss etdim. Matçın nə vaxt bitəcəyinə biz qərar verməli idik”.

West Bromwich-lə oyunun son dəqiqəsində vurulan qol zamandan asılı olmayaraq, oyunçuların və azarkeşlərin oyundan hələ bir şey çıxara biləcəklərini göstərirdi. Bu məşqçi üçün önəmli irəliləyiş idi.

 

“İlk gündən azarkeşlərin bizim üçün nə qədər önəmli olduqlarını bilmələrini istədim”

“Futbolda hər zaman azarkeşlərin önəmi barədə danışırlar, ancaq bunu onlara hiss etdirmirlər. Tərəfdarlarla sağlam münasibət qurduğunuzdan əmin olmalısınız. Azarkeşlər olmasaydı bu səviyyədə oynaya bilməzdik. Buna ehtimal belə vermirəm. Onları təqdir edə bilməlisiniz, bu isə mənim üçün çətin deyil. Bu mövzuda İngiltərə və Almaniyada vəziyyət fərqlidir. West Bromwich-lə oyundan sonra azarkeşlərə tərəf gedib onlara təşəkkür etmək istədim. Bu böyük mübahisələrə səbəb oldu. Niyə belə böyük məsələ kimi qarşılandı bilmirəm. Görünür, ingilislərin belə duruma alışıq olmadıqlarını belə çətin yolla öyrənməyim lazım imiş. Halbuki, istəyim azarkeşlərlə bütün bir komanda olduuğumuzu göstərmək idi, tamamilə bütövləşmək. Bunun mənası belədir: Performansa cavabdeh mənəm, atmosfer üçün isə onlar. Bu ikitərəfli qazanc deməkdir. Yaxşı nəticə göstərərək yaxşı atmosfer yaratmaq asandır. Ancaq pis oynadığımızda bizim daha çox dəstəyə “ayağınızı yerə möhkəm basın, özünüzə gəlin” sözünü eşitməyimizə ehtiyac var. Dünyanın ən yaxşı atmosferi olan stadionuna sahib olmağımızı arzu edirəm. O zaman edəbiləcəklərimizin sərhəddi olmayacaq. İndi Liverpoollular üçün əla dövr yaşayırıq. Çox da pozitiv olmayan dünyada hər şeyin yaxşıya doğru getdiyi bir komandamız var”.

Klopp bir uğuru tək qazanmaqdansa, çox adamla – komanda ilə qazanmağın daha çox xoşbəxtlik doğurduğunu xüsusi vurğulayır.

“Mən komanda oyunçusuyam. Ən çox sevdiyim iş budur. Tennisi futbola qurban verməyimin səbəbi də budur. Dostlarımın ətrafımda olmasını və daha böyük bir şeyin bir parçası olmağı sevirəm. Melvod-da çalışan hər kəs işə gələrkən doğru yerdə olduğunu hiss edir. Bizim üçün düşündüklərindən də çox önəmlidirlər. İşin sonunda qərarları verən şəxs mənəm. Ancaq elə bir münasibət yaratmışıq ki, qərar vermədən əvvəl hər şeylə bağlı məlumatlandırılır və onların fikirlərini öyrənirəm. Ən qüvvətli özəlliyim hissiyatımın güclü olmasıdır. Çox ağıllı deyiləm, ancaq anladığım bəzi məqamlar da var. Bəzi mövzularda məndən daha çox bilgi sahibi olan insanlar var, biz onları işə götürürük. Bu mövzuda özgüvənim yüksəkdir, mükəmməl olmadığımı bilirəm və mükəmməl olduğumun düşünülməməsini istəyirəm. Sual verməkdən, öyrənməkdən çəkinmirəm”.

 

 Kloppla 3 il, 0 kubok...

Bu təəccübləndirən nəticə, sosial media platformalarında, radiolarında və onunla bağlı yazılarda əsas gündəm mövzusudur. Alman mütəxəssis “Enfild”i yenidən məbəd halına gətirməsi, klubu təkrar qitənin ən güclülərindən etməsi, klubun transfer siyasəti və digər işlərə rəğmən, tənqid oxlarının onun bacarmadığı tərəflərə tuşlanacağını bilir.

“Kimsə məni tənqid etmək istəsə, 3 ildə kubok qazanmayacağımı vurğulayacaq, bunu bilirəm. Oynadığım son 6 finaldan məğlub ayrılmışam (Üçünü Liverpool-la – Liqa kuboku, Avropa Liqası və Çempionlar Liqası). Bundan zövq aldığımı deyə bilmərəm, ancaq fərqli nöqtədən baxmaq lazımdır. Bəli, uduzduq. Bu möhtəşəm sayılmasa da, finala qədər gəlmək də asan deyil. Olimpiya oyunlarına gedib gümüş medal qazansanız bu böyük uğurdur, futbolda isə heçnədir. Səhərlər yuxudan oyananda “İndi başqa final oynayacağam” demirəm. Bu belə bir iş deyil. Qazanmaq istəyirəm, bu mənim öhdəliyimdir. Heç kim geriyə baxıb, “burda yaşadığımız ən gözəl günlər Klopp burdaykən hər şeydən zövq aldığımız, ancaq heç nə qazanmadığımız o dönəmdir, ən əyləncəli günlər idi” düşünməz. Bacarmaq istədiyiniz şey bu deyil, görülməsi vacib olan işlər və vaxtımız var. Hər şey sürətli dəyişir. Dürüst olmaq lazımdırsa, indi bəzi şeyləri bacarmaq, keçmişdə kubok qazanmaqdan daha çətindir. Klub, bəlkə də, uzun zamandır olmadığı qədər yaxşı formadadır, ancaq güclü olan tək biz deyilik, başqa klublar da var. İndiki halda sizə vəd edəcəyim bu formada irəliləməkdir. Mübarizə aparmağımız gərək olan şey digər klubların da inkişaf etməsidir. Yəni, siz 20% irəli gedərkən, onlar 20% geri getmirlər. Onlar da siz istəyənləri istəyir. Bu cəlbedicidir, ancaq həm də çətindir. İlk toplantımda dediyim ki, biriləri papaqdan dovşan çıxaracağımı gözləyirsə, bu gələcəkdə bizə problem yarada bilər, çünki bunu bacarmıram”.

“Olduqca çalışqanam və çox yaxşı maaşım var. Bu da çox çalışmağımı tələb edir. Gördüyüm iş də budur, fərqli problemlər və fərqli çıxış yolları tapmağa çalışıram. Edə biləcəyim tək şey sahib olduğum hər şeyi ortaya qoymaq. Sevgimi, qəlbimi, təcrübəmi – hər şeyimi bu klub üçün verirəm”.

“Çox çalışaraq özünüzü gələ bildiyiniz ən yaxşı nöqtəyə gətirib, məqsədinizə çatmaq üçün istifadə etməlisiniz”.

“Bir kubok qazandığımız zaman, bu şəhər yanacaq. Təbii ki, yaxşı mənada”...

Zeynəb Əliyeva

Çempionlar Liqasının qalibi hansı klub olacaq?

BARCELONA
%
MANCHESTER UNITED
%
LIVERPOOL
%
PORTO
%
JUVENTUS
%
AJAX
%
MANCHESTER CITY
%
TOTTENHAM
%
3638 səs