11/08/2016
11:20
54949
| A A A
Nicat Rəhimov: “Azərbaycan millisinin məşq bazası əxlaqsızlıq yuvasına bənzəyir"

Qazaxıstan millisinin heyətində Olimpiya çempionu olan həmyerlimiz Nicat Rəhimov yığmamızdan gedişinin səbəbini açıqlayıb.

Goal.az xəbər verir ki, Nicatın yığmanın düşərgəsini tərk etməsində bolqarıstanlı baş məşqçi Zlatan Vanevin böyük “əməyi” olub: “O, hər şeyə göz yumurdu. Bu səbəbdən də Vanevi vecimə almırdım. Hər gün məşq başlayanda mənə “səni yığmadan uzaqlaşdıracam, federasiyadan aldığın 500 manatı kəsəcəm” deyirdi. Bu səbəbdən atam məni təlim-məşq toplanışından uzaqlaşdırıb, İslam Həmrəyliyi Oyunlarına özü hazırladı. Sonra eşitdik ki, məni yarışa aparmayacaqlar. Atam bunun səbəbini Azərbaycan Ağır Atletika Federasiyasının icraçı-direktoru İsgəndər Əsgərov və baş məşqçi Vanevdən soruşub. Deyiblər ki, Nicatı sən hazırlayacaqsan, gedib İslamiadanın qalibi olacaq və deyəcəksən ki, mən hazırladım”.

Rəhimov ağırlıqqaldırma idman növünü seçməsini və qazandığı uğurları atasının adı ilə bağlayıb. O, Ağır Atletika Federasiyasının icraçı-direktoru İsgəndər Əsgərovun atasına “çörək satan” deməsinə də aydınlıq gətirib: “Mən də İsgəndər müəllimə sual verirəm: atam çörək satandırsa, məni İslam Həmrəyliyi Oyunlarına necə hazırlaşdırırdı və necə qalib olurdum? Siz bundan qorxdunuz. Çünki atam keçmiş SSRİ dövründə Azərbaycanın şərəfini qoruyub və məni uşaqlıqdan bu idman növünə özü cəlb edib. Sinqapur Olimpiadasında və Avropa çempionatında onun rəhbərliyi altında qalib olmuşam. 2002-ci ildə “Spartak” İdman Cəmiyyətində baş məşqçi işləyib və sonra öz ərizəsi ilə işdən çıxıb. Bəli, hazırda atam çörək sexinin müdiridi, bəs sən kimsən, həndbolçu…”.

(apasport.az)