14/09/2018
16:08
377
| A A A
"Azərbaycanda keçirilmiş oyunların da bəzilərinə baxmışam"

AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclasında Frits Stuxlik Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri təyin edilib. Goal.az xəbər verir ki, toplantıdan sonra avstriyalı funksioner bunları deyib:

"Məni AFFA-ya UEFA məsləhət gördü. Federasiya ilə uzun müddətli müqavilə bağlamışam. Yeni Elit hakimlərinizlə bağlı planlarımız var və gənc hakimlərin cəlb olunması ilə bağlı işlər görəcəyik. Bu gün hakimlərlə görüşəcəyəm, axşam isə "Qarabağ" - "Sumqayıt" matçını izləməyə gedəcəyəm".

Avstriyalı sabiq FİFA referisi ötən il Rumıniyanın paytaxtı Buxarestdə Əliyar Ağayevin idarə etdiyi oyununda hakim-inspektoru olduğunu xatırladıb. "O, həmin qarşılaşmanı yaxşı idarə etdi. Bəlkə də buna görə yeni kateqoriyaya yüksəldi. Azərbaycanda keçirilmiş oyunların da bəzilərinə baxmışam".

F.Stuxlik hakimlərin qiymətlərinin ictimaiyyətə açıqlanmayacağını bildirib: "Konvensiyada yazılıb ki, qiymətlər yalnız hakimlərə bildiriləcək. Hazırda 3 kateqoriya var. Əliyar Ağayev yaxşı mövqedədir. Ağayevin elit kateqoriyaya yüksəlmə şansı da var. Bu, idarə edəcəyi oyunlardan asılı olacaq. Hakimlər və Hakim-İnspektorlar Komitəsinin ayrı olması UEFA-da çaşqınlıq yaratmışdı".

O, son olaraq yeni işində zamana ehtiyacı olduğunu deyib: "Xahiş edirəm mənə zaman verin. Söz verirəm ki, bir neçə həftədən sonra sizinlə görüşümdə daha geniş məlumatlar verəcəyəm".