30/10/2018
13:15
10586
| A A A
Ronaldo Real Madrid-dən gedişinin əsl səbəbini açıqladı

"Real Madrid-də mənə ilk 5 ildə olduğu kimi yanaşılmadığını, bunun prezidentdən qaynaqlandığını hiss edirdim”.

Goal.az xəbər verir ki, bunu İtaliyanın Juventus klubunun və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo deyib.

Ulduz futbolçu bu ilin yayında Real-dan Juventus-a keçidinin əsl səbəblərini açıqlayıb: “Klub prezidenti mənə elə baxırdı ki, onlar üçün artıq əvəzolunmaz deyiləm. Bu da məni getmək barədə düşünməyə vadar etdi. Mətbuatda da mənim getmək barədə xahiş etdiyimi dedilər. Ancaq prezidentin məni saxlamaq istədiyi barədə təəssürat yaranmadı”.

Ronaldo seçimində maddi məsələlərin olmadığını da qeyd edib: “Söhbət pulda olsaydı, mən Çinə gedib Juventus-dakından 5 qat artığını qazanardım ya da Madriddə qalardım. Amma mən Juventus-a pula görə keçmədim. Madriddə burdakından çox qazanmırdımsa, elə bu qədər əldə edirdim. Fərq ondadı ki, Juventus  həqiqətən məni heyətinə qatmaq istəyirdi və bunu əməldə göstərdi”.

Kriştianu keçidində Zinəddin Zidanın Real-ın baş məşqçisi postundan gedişinin roluna da toxunub: “Qərarımı Zidana görə verməmişəm. Amma onun gedişi məni klubdakı durum barədə daha yaxşı düşünməyə məcbur edən nüanslardan biri idi. Florentino Peres mənə həmişə işgüzar münasibətlər mövqeyindən yanaşıb. Mənə dedikləri də ürəkdən gəlməyib. Lakin nə olursa olsun, mən Madriddə çox şey qazandım. Möhtəşəm anlar yaşadım. Bu, həm komanda yoldaşlarıma, həm də azarkeşlərimizə aiddi. Amma 9 ildən sonra klubu dəyişmək və irəli getmək vaxtı gəlib çatdı”.

Zorlamada ittiham olunan hücumçu baş verənlərin təsirindən də bəhs edib: “Əlbəttə, baş verənlər həyatıma da təsir edir. Bütün bunları sevgilimə izah etmişəm. Amma kiçik Kriştianu başa düşmək üçün hələ balacadı. Ən ağır anamla bacılarımadı. Onlar baş verənlərdən çox təsirlənib və əsəbləşiblər. İlk dəfə onları belə görürəm. Lakin mən kim olduğumu və nə etdiyimi bilirəm. Həqiqət bir gün üzə çıxacaq. Məni tənqid edən, həyatımı sirkə çevirməklə partlatmaq istəyənlər hər şeyi görəcək”.

(matc.az)