14/10/2021
11:56
714
| A A A
De Byazi Kosovo yığmasına rəhbərlik etmək istəyir

Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Kosovo yığmasının “sükanı arxasına” keçmək istəyir.

Goal.az xəbər verir ki, italiyalı mütəxəssis bu barədə “indeksonline” nəşrinə açıqlamasında deyib.

Kosovo yığmasının baş məşqçisi Bernar Şalland vəzifəsindən istefa verib. Buna komandanın DÇ-2022-nin seçmə mərhələsindəki uğursuz çıxışı səbəb olub. B qrupunda yer alan və keçirdiyi son iki oyunda Gürcüstana 1:2, İsveçə isə 0:3 hesabı ilə uduzan Kosovo 4 xalla sonuncu sırada qərarlaşıb. Şalland 2018-ci ildən bu komandaya rəhbərlik edirdi.

Artıq Kosovo Futbol Federasiyası yeni baş məşqçi axtarışlarına başlayıb. Kosovo millisini çalışdırmağa əsas namizədlərdən biri də Canni De Byazidir. O, sözügedən kollektivə başçılıq etməyə hazır olduğunu bildirib:

“Mənə belə bir təklif gəlsə, qəbul edərəm. Bir aydan sonra AFFA ilə müqaviləmin müddəti başa çatacaq. Amma Kosovo Futbol Federasiyası ilə danışığım olmayıb. Təkliflərə açığam və bu komandaya rəhbərlik etmək mənim üçün yaxşı olardı”.

65 yaşlı mütəxəssis Bernar Şallandın Kosovo yığmasından istefa verməsinə təəssüfləndiyini söyləyib:

“Onu yaxşı tanıyıram. Amma məşqçi işi belədir”.