25/11/2021
13:32
757
| A A A
Rafael Ağayev: "İlin sonunda karyeramla bağlı qərar verəcəyəm"

"İtaliya futbolunu çox sevirəm. Onların da xarakterində bizə çox oxşarlıq var: çılğın, qısqanc və istiqanlıdırlar. Amma rəqib olaraq kim olursa-olsun, mənim bir nəfərlə düşmənçiliyim və ya idmanda prinsipim varsa, onun bütün xalqa və ya millətə aidiyyatı yoxdur. Çünki hər ölkədə yaxşı və pis insanlar var".

Goal.az xəbər verir ki, bu fikirləri Azərbaycan karateçisi Rafael Ağayev "İdman TV"yə müsahibəsində deyib.

5 qat dünya və 11 qat Avropa çempionu Tokio-2020 Yay Olimpiya Oyunlarının finalında italiyalı Luici Busaya uduzmasından danışıb. 36 yaşlı idmançı şəxsi qarşılaşmalarda rəqibindən üstün olduğunu xatırladıb:

"Çoxları fikirləşir ki, Rafael Tokio-2020 Yay Olimpiya Oyunlarından sonra Busadan revanş almalıdır. Amma mən belə düşünmürəm. Rahatlıqla deyirəm ki, bizdə revanş ola bilməz. Çünki üz-üzə gəldiyimiz görüşlərdə 11 dəfə mən, 5 dəfə o, qalib gəlib. Çalışacağam ki, gələcək yarışlarda onunla düşsəm, gözəl döyüş olsun və qələbə qazanım. Bu, istəklərimdən və qarşıya qoyduğum məqsədlərimdən biridir. Ona görə hər zaman hazır olmaq lazımdır. Düşünürəm ki, bunu həyata keçirəcəyəm".

Ağayev karyerası ilə bağlı məsələyə ilin sonunda aydınlıq gətirəcəyini sözlərinə əlavə edib: "Karatenin 2024-cü il Paris Yay Olimpiya Oyunlarının proqramında qalıb-qalmayacağı sual altındadır. Bu ilin sonunda fikrimi toplayıb öz karyeramla bağlı qərar verəcəyəm. Ya yarışlarda iştirak edəcək, ya da tatamidən kənarda idmançılarımızı hazırlayacağam. Baş məşqçimiz Qurban Tağıyevdir. Heç vaxt heç kimin yerində gözüm qalmayıb. Karate ailəsi olaraq birlikdə qərar verəcəyik. Uyğun görülərsə, mən də bütün məşqçilərlə birlikdə çalışacağam".