21/12/2016
17:32
548
| A A A
"Biz "Lyon"la müharibə aparmırıq"

Fransa çempionatının 18-ci turunda baş tutmuş "Monaco" - "Lyon" (1:3) oyunundan sonra meydan sahibi klubun direktoru Vadim Vasilyevin açıqlamaları qarşı tərəfdə ciddi narazılıq doğrumuşdu. Rusiyalı funksioner "Lyon"a hakimlərin kömək etdiyini demişdi. Goal.az xəbər verir ki, Vasilyev "L`Equipe" müsahibəsində sözlərinin arxasında durduğunu qeyd edib.

- Bazar günü mətbuata verdiyiniz açıqlamalar müzakirə mövzusuna çevrildi. Konkret olaraq nə demək istəyirdiniz?

- Daha sakit şəraitdə danışmaq xoşdur. Mən hakim idarəçiliyindən şikayət etməyi sevmirəm. Bu, 4 il ərzində yalnız bir dəfə - 2015-ci ildə Çempionlar Liqasının 1/4 final mərhələsində "Juventus"a qarşı oyundan sonra olmuşdu. "Lyon"la oyun ətrafındakı xüsusi atmosferi müzakirə etmək istərdim. Bu barədə məndən öncə də danışanlar vardı.

- "Lyon"un prezidenti Jan Mişel Olas sizin aqressiyanın səbəbini anlaşılmaz olduğunu və hər zaman "Monaco" klubuna simpatiya bəslədiyini bildirib. O, sizi üzr istəyəndən sonra bağışlayacağını vurğulayıb...

- "Lyon"un maliyyə problemləri olanda (red. 2013-cü ildə) biz onları dəstəkləmişik. Olasın Peşəkar Liqanın inzibati şurasına daxil edilməsinə çalışmışam. Ona hörmət edirəm. Amma maraqlı statistika var. "Lyon" Liqa 1-də hamıdan çox say üstünlüyü ilə oynayan və penalti yerinə yetirən (7) komandadır. Buna görə Fransa futbolunda videotəkrarlardan istifadə olunmasına tərəfdaram.

- Demisiz ki, bir sıra klubların rəhbərləri sizinlə həmrəydir.

- Əlbəttə. Bir neçə dəstək məktubu almışam. Hər kəsə məlum olan faktları demişəm. Son 3 ildə bu barədə pərdəarxası danışıqlardan xəbərdaram. Lakin bu barədə fikrimi açıq ifadə edən ilk şəxs mən oldum

- Bəlkə, əsəbi olduğunuz üçün belə demisiz?

- Xeyr. Bütün sözlərimin arxasındayam. Bəyanatın formasında emossional görünsə belə. Səhv heç nə deməmişəm.

- Cənab Olas qeyd edib ki, bu ittihamı sübut etməsəz, ciddi sanksiyalarla üzləşə bilərsiniz...

- O, istədiyini deyə bilər. Biz müharibə aparmırıq. Amma haqqında danışılası müəyyən tendensiya mövcuddur. Dar mühitdə fikir bildirə bilərdim. Lakin mətbuata açıqlama verdim.

- "Lyon" prezidentindən üzr istəmək istəmirsiz ki?

- Hansı səbəbə? Situasiyanı aydınlaşdırmaq lazımdır. "Lyon"a hakim simpatiyası nə qədər çox qabardılsa, problem də tez həll olunar. Əsas məsələ isə ümumilikdə hakimlik səviyyəsini artırmaqdır.

- Qarşı tərəf hesab edir ki, siz oyunun baş hakimi korrupsiyada ittiham etmisiz.

- Əsla. Məni düzgün başa düşməyiblər. Başqa şeyi nəzərdə tutmuşam.

- "Monaco"nun baş məşqçisi hakimlikdən gileylənmədi. O, Benjamin Mendinin qırmızı vərəqə aldığı epizodda rəqib futbolçunun təxribatçı davranışına diqqət çəkdi. Siz də bu cür düşünürsüz?

- Leonardo Jardim haqlıdır. Oyunda təxribata yol verilirdi. "Saint-Etienne"nin çalışdırıcısı Kristof Qaltye həmin qarşılaşma barədə fikir bildirəndə demişdi ki, bu davranış tərzi "Lyon" üçün səciyyəvidir. İş də bundadır.

- Bu "problemi" necə həll etmək olar?

- Müntəzəm, uca səslə danışmaqla. Onda nəsə sükunət nöqtəsindən hərəkət edə bilər. Bu işi belə qoymayacam. Həmişə klubumun maraqlarını müdafiə edəcəm.