22/12/2016
10:43
4264
| A A A
Rövşən Hüseynli: "Mənə aid olmayan söhbətə qarışmaq xasiyyətimi tərgitmək istəyirəm"
Azərbaycan futzalında legionerlər üstünlük təşkil edir. Bu növlə məşğul olan yerli idmançılarımızdan Azərbaycan millisinin və "Araz" klubunun qapıçısı Rövşən Hüseynlini xüsusi qeyd etmək olar. Kolumbiyada keçirilən Dünya Çempionatında uğurlu çıxışı ilə fərqlənən gənc qapıçının "Goal.az" saytına müsahibəsi:
- İdmana gəlişin haqda danışaq…
- İdmana gəlişim 13 il əvvəl olub. Atam güləşə qoymuşdu. 3 ay sərbəst güləşlə məşğul olmuşam. 3 medal qazanmışdım. Sonra həvəsim olmadı deyə güləşə getmədim. Futbola həvəsim vardı, qapıçı olmaq istəyirdim. Bir müddət sonra evdən gizlin dayım oğlu ilə futbola getdim. Daha sonra atamın razılığı ilə futbola gəldim. “İnter”də başladım, sonra “Neftçi İSM”, “NBC Bank”. Futzala həvəsim vardı deyə 2009-cu ildə futzala gəldim.
 
- Ailənizdə idmanla məşğul olan var?
- Məndə idmana, futzala həvəsin yaranmasında atamın böyük rolu olub. Atam peşəkar olmasa da, həvəskar şəkildə futzalla məşğul olurdu. Onun oyununu görəndən sonra futzalın böyük futboldan daha dinamik, hərəkətli olduğunu gördüm. İndi qohumlardan idmanla məşğul olanlar var, ancaq fərqli növlərlə.
 
- Güləşlə başlayıb, futbolla davam edib, sonra da futzala gəlmisən. Yenidən böyük futbola qayıtmaq ehtimalı var?
- Yox. Heç vaxt qayıtmaram. Futbol mənə asan və darıxdırıcı gəlir. Hərəkətlilik yoxdur. Topu vurub gözləyirsən ki, nə vaxt sən tərəfə gələcək. 90 dəqiqə hərəkətsiz qalırsan, ya da 1-2 epizod olur. Futzal daha çətindir, daha həyəcanlı və dinamikdir. Mən də belə xoşlayıram.
 
- Azərbaycan ilk dəfə dünya çempionatında iştirak etdi və özünü yaxşı tərəfdən göstərdi. Tarix yazanlardan biri də sən idin. Təəssüratların maraqlıdır.
- Azərbaycan futbol tarixində ilk dəfə dünya çempionatında iştirak etmək hüququ qazandı. İlk dəfə üçün 5-ci yer, məncə, pis nəticə deyildi. Təşkilatçılıq yüksək səviyyədə idi. 25 yaşım var, indiyədək müxtəlif turnirlərdə iştirak etmişəm. Dünya çempionatı ayrı həyəcan idi. Kolumbiyada keçirilirdi, vaxt fərqi var idi. Yarışa hazırlaşanda gecə hazırlaşırdıq, ordan qayıdandan sonra da uzun müddət adaptasiya ola bilmədik.
 
- Portuqaliya ilə oyunu cəza səbəbindən buraxdın. Həlledici oyunu kənardan izləmək necə hissdir?
- Çox pis hissdir. İlk dəfə idi belə şey başıma gəlirdi və 7 ildə birinci dəfə idi ki, komandanı bu qədər pis vəziyyətdə qoyurdum. Əziyyət çəkirsən, ora gəlib çatırsan və həlledici anda həm komandaya kömək edə bilməmək bir yana, həm də çətin vəziyyətdə qoyursan. Bəlkə meydanda olsam hesab fərqli olardı. Hesabda geri olanda keçirdiyim hisləri ifadə edə bilmirəm. İdman dili ilə desək, elə bil ki, ən yaxın adamını itirmisən...
 
- Taylandla oyunun sonlarında topdaşıyan oğlanla yaşanan vəziyyətdən danışaq...
- Həmin epizod çox danışıldı, qınayanlar da oldu, qınamayanlar da. Futbol oynayan, ya da o həyəcanı hiss edən adam məni yaxşı başa düşər. Həmin vaxt biz tarix yazırdıq. Qrupda Avropa, Asiya və Afrika çempionları var idi. Biz əvvəl qrup üçüncüsü kimi qrupdan çıxmağı düşünürdük. Sonra imkan yarandı ki, ikinci olaraq qrupdan çıxaq. Oyunun bitməsinə 54 saniyə qalırdı və hesab 3-3 idi. Boş mövqedə olan futbolçu gördüm və topu dərhal ötürmək istədim deyə, elə vəziyyət yarandı. Olmamalı idi. O uşaqlar bizə görə orda dayanırlar. Sonra uşağın könlünü aldım.
 
- Ən çox sevindiyin qələbə hansı olub?
- Dünya Çempionatında İranla oyundakı qələbə. Ən çox sevindiyim o olub. Oyunun bitməsinə 4 saniyə qalmış komandamızı real qoldan xilas etdim. Əyər o epizodda qol buraxsaydıq, qrup üçüncüsü kimi çıxıb-çıxmayacağımız dəqiq deyildi. Çox sevinmişdim.
 
- Unutmadığın məğlubiyyət hansıdır?
- Dünya çempionatında Portuqaliya ilə oyunda iştirak etməsəm də məğlubiyyət pis təsir etmişdi. Karyeram ərzində ən çox pis olduğum Avropa çempionatında Rusiyaya məğlubiyyət olub. İlk dəfə idi Azərbaycanı elə böyük turnirdə təmsil edirdim. Bəlkə də pis təsir etməsinin əsas səbəbi bu idi.
 
- "Mən bu səhvi etməsəydim, komanda uduzmazdı" - dediyin olub?
- Komandanın məğlubiyyəti ilə nəticələnən elə ciddi bir səhvim olduğunu xatırlamıram. Ancaq İranla və Taylandla oyunda sarı vərəqələr alıb, Portuqaliya ilə oyunu buraxmağım yadımdan çıxmır. Meydanda olsam, bəlkə nəticə fərqli olardı, bilmirəm.
 
- İdmançılardan dostluq etdiyin var?
- Bütün futzalçılarla aram yaxşıdır. Futbola gələndən Ümid Paşayevlə dostluq edirəm. İndi idmanla məşğul olmur. Daha çox ünsiyyətdə oluram deyə, komanda yoldaşlarımla dostluq edirəm.
 
- Sosial şəbəkələrdən aktiv istifadə edirsən...
- Düzdür, boş vaxtlar olanda istifadə edirəm. Ancaq qədərində. Məşqlər və yarışlar olanda azı 4-5 saat əvvəl internetdən uzaq oluram. Mənə gələn mesajlardan, zənglərdən xəbərsiz oluram.
 
- Xanımlarda üstünlük verdiyin keyfiyyətlər?
- Hər şeylə razılaşan qadınları sevmirəm. Xanımda ilk fikir verdiyim anlayışlı olmasıdır. Özündənrazı, heç nəyi bəyənməyən insanları heç sevmirəm. Özünü olduğu təbəqədən yüksək aparan qızlar çoxdur, bu kənardan çox pis görünür. Səmimi və güləriz olmaqları daha yaxşıdır.
 
- Emosional insansan. Nə səni özündən çıxarır?
- Sual deyəsən səhv oldu (gülür). Düzdür, emosianal adamam. Ancaq yarışlarda özümü cilovlayıram. Çünki biz turnirlərdə Azərbaycanı təmsil edirik, bir növ ölkənin güzgüsüyük. Ona görə çalışıram səbrli davranım. Hərdən bu alınmır. Əsas da komanda yoldaşlarımızla belə hallar yaranır. Meydançada kimsə mənə qulaq asmayanda özümdən çıxıram. Məsələn, Fineo ilə yola gedə bilmirik. 2 futbolçu gəlir hücuma, sağı ona tapşırıb, özüm solu tuturamsa, görürəm o da solu tutur. Belə hallarda əsəbləşirəm. Ən çox özümdən çıxdığım Taylandla oyun idi. Oyuna çox yaxşı, sürətli başlamışdıq. Hər şey yaxşı gedirdi 2-0 öndə idik. Sonra bizdə boşluqlar yarandı və hesabda geri düşdük. Hesab 13-8-ə qədər getdi. Biz öz oyunumuzu oynasaydıq, onlar bizə 2-dən artıq qol vura bilməzdilər.
 
- Tərgitmək istədiyin xasiyyət?
- Bir şeyin çox dərinliyinə gedirəm. Həqiqəti bilirəmsə, haqsızlıq olanda mənə aid söhbət olsa da da, olmasa da da reaksiya verirəm. Mənə aid olmayan söhbətə qarışmaq xasiyyətimi tərgitmək istəyirəm. Çünki haqlı olsam da, axırda mən pis oluram.
 
- İlk gəlirini nəyə xərcləmisən?
- Futbolda ilk qazancım 20 manat olub. O pula atama, anama və qardaşıma hədiyyə almışdım. İndiyə qədər həmişə çalışmışam ki, ailəmi çətinliyə salmayım. Həmişə istəmişəm ki, özüm qazanım və istəklərimi həyata keçirim. Gələcəkdə övladlarıma da başa salacam ki, hər şeyləri özləri qazansınlar.
 
- Boş vaxtlarını necə keçirirsən?
- Vaxt çox olanda gəzməyi xoşlayıram, rayona, ya da xaricə gedirəm. Vaxt az olanda qardaşımla, yaxın dostlarımızla görüşüb istirahət mərkəzlərinə gedirik.
 
- Musiqi ilə aran necədir?
- Musiqiyə çox qulaq asıram. Yarışlara xüsusi musiqilərə qulaq asaraq hazırlaşıram. Hər yarışdan əvvəl "Two Steps From Hell" qrupunun "Protectors of the Earth" (Yer kürəsinin mühafizəçiləri) mahnısına qulaq asıram, oyun, epizodlar gözümün qarşısında canlanır. Yaxşı təsir edir.
 
- Xarici ölkələrdə nə çətinlik yaradır?
- Səfərlərdən təkcə Kolumbiyada vaxt problemi vardı. Dil problemi olması normaldır. Bir az yeməklərlə bağlı çətinlik olur. Mətbəx Avropa mətbəxi olur, ancaq hazırlanma qaydası fərqli olur. Biz öyrəşmişik dadlı yeməklərə. Azərbaycan mətbəxində ən çox sevdiyim "Naxçıvan buğlaması"dır. Bir də heç vaxt etiraz etməyəcəyim "pomidor-yumurta"dır, çox sevirəm.
- Hansı səhvi bağışlamazsan?
- Xəyanəti heç vaxt bağışlamaram. Mənə qarşı edəni də, özüm kiməsə qarşı etsəm, özümü də bağışlamaram. Yalanı da bağışlamaram. Çünki, mən bir hərəkəti etsəm, dostum bilib pis olacaqsa belə, düzünü deyərəm, səhvim varsa üzr də istəyərəm. Bağışlamasa belə, bilərəm ki, mən düzünü demişəm, rahat olaram.
 
- Digər idman növləri ilə aran necədir?
- Futzalla məşğul olsam da, futbol izləməyi sevmirəm. Bir baxdığım "Real" - "Barcelona" oyunudur, bir də "Qarabağ"ın Avroliqa oyunlarını qaçırmıram. Son vaxtlar cüdo diqqətimi çəkir. Bibim oğlunu yarışlara aparıram deyə, həm də izləmək imkanım yaranır.
 
- İdmançı kimi hansı uğurları qazanmaq istəyirsən?
- Təzə başlayanda Azərbaycanın ən yaxşı qapıçısı olmaq istəyirdim, şükür ki, bunu bacardım. Qapıçı iştirak etdiyi turnirlərin ən yaxşısı olmaq istəyir. Dünya çempionatında buna yaxın idim, komanda sona qədər getmədi deyə alınmadı. Bir də əsas istəklərimdən biri, legioner həyatı yaşamaqdır.
 
- Qarşıdan Yeni İl gəlir. Şaxta babadan arzun?
- Ən böyük arzum odur ki, insanlardan kim nəyin həsrətindədirsə, ona çatsın. Ola bilər ki, kiminsə yemək, kiminsə diqqət, kiminsə gülməyə ehtiyacı var, Allah onları sevindirsin. İdmançılar isə ili zədəsiz başa vursunlar.
 
- Yeni ili harda keçirməyi planlaşdırırsan?
- Xarici ölkədə keçirmək istəyirəm. Ötən il də xaricdəydim, ancaq qayıtdım. Bu il bayramı fərqli keçirmək istəyirəm.

Ən çox fanatı olan yerli klub?

QARABAĞ
%
QƏBƏLƏ
%
KƏPƏZ
%
SUMQAYIT
%
ZİRƏ
%
İNTER
%
NEFTÇİ
%
AZAL
%
1363 səs