23/12/2016
17:12
5106
| A A A
Sain Fərhad Fərmanlı: "Rejissorlarımız "ekşn" deyəndə düşünür ki, filmdə mütləq maşın aşmalıdır"

Döyüş janrında olan filmlər geniş kütlənin maraq dairəsindədir. Bu filmlərdə yer alan aktyor həm idman, həm də incəsənəti özündə birləşdirməlidir. Kənardan nə qədər asan görünsə də, əslində çətin və məsuliyyətli işdir. Buna aktyor, döyüş səhnələri üzrə xoreoqraf və kaskadyor Sain Fərhad Fərmanlı ilə söhbətimizdə bir daha əmin olduq. Həyatının 20 ilini döyüşə həsr edən həmyerlimiz fəaliyyətini hazırda Ukraynada davam etdirir. Azərbaycanda qısamüddətli səfərdə olmasından istifadə edib onunla biraz söhbətləşdik. S.F. Fərmanlı "Goal.az"ın suallarını məmnuniyyətlə cavablandırdı.

- Özün haqqında məlumat verərdin.

- Sain Fərhad Fərmanlı. Bakı şəhərində anadan olmuşam. 9-10 yaşımdan idmandayam. İlk olaraq karate ilə məşğul olmağa başladım. Bir sıra döyüş növlərində təcrübəm var. Son olaraq Vinq Çunun sirrlərini öyrənməyə çalışıram. Təxminən 5 ildir filmlərə dəvət alıram. Aktyor və döyüş xoreoqrafı kimi fəaliyyət göstərirəm. "Action Academy MMC"nin təsisçisiyəm. Bu qurumun məqsədi Azərbaycanda "action" - döyüş janrını inkişaf etdirməkdir. Hazırda əlimdən gələni edirəm.

- Kapoeira və karatenin bir sıra növlərində müəyyən səviyyəyə çatmısan. Bunlardan hansı sənin döyüş ruhuna daha uyğundur?

- Doğrudur. Şotakan, Vado-ryu, Qocu-ryu və nəhayət Kyokuşinkay karate-do ilə məşğul olmuşam. Kyokuşinkay mənə daha uyğundur. Vinq Çunla birlikdə özünəməxsus üslubda bu növdən faydalanıram.

- Vinq Çun dünya kinosuna Brüs Li kimi şəxsiyyət bəxş edib. Sənin bu döyüş sənətinə maraq göstərməyinə nə səbəb oldu?

- Təbii ki, bu döyüşün elementlərini ilk olaraq Brüs Linin filmlərində görmüşdüm. Şərq döyüş növlərinə yaxşı bələdəm . Vaxtilə buddizmlə maraqlanırdım. Vinq Çunda məni əsas cəlb edən döyüş texnikası oldu. Burda əllərdən istifadə qaydası çox xoşuma gəldi. Hər yeni növ insanın yaddaşını "itiləyir", məsuliyyət oyadır. Bu yaxınlarda Vinq Çunda birinci səviyyə imtahanını uğurla keçdim. Məşqlərdə bu növün fikirləri canlandırmasını müşahidə etdim. İncəliklərə getməyi sevirəm. Hər bir işdə yaradıcılıq olmalıdır.

- Çəkildiyin filmlərdə Vinq Çun texnikalarından istifadə etməyi düşünrsən?

- "Obyekt 77" qısametrajlı flimində bu döyüş sənətinə yer vermişik. Azərbaycanda Vinq Çunu brend etmək məqsədimiz var. Bu isə sırf sifariş olunan döyüş səhnəsindən asılıdır. Orda Vinq Çundan tam və ya qismən istifadə oluna bilər. Sübut etmək istəyirik ki, Azərbaycanda həm istedadlı döyüş aktyorları, həm də dünyada artıq brendə çevrilən Vinq Çun nümayəndələri var.

"Əvvəllər bura gələndən 1 ay sonra həvəsdən düşürdümsə, axır vaxtlar elə gəldiyim gün məni ətalət basır"

Müsahibimiz Beynəlxalq Döyüş Sənətləri Assosasiyasına (MAA-I) üzv olduğunu qeyd edir. Sözügedən təşkilatın baş qərargahı Almaniyada yerləşir və 120 ölkədə nümayəndəliyi var. Maraqlıdır, Azərbaycanda döyüş aktyorluğu niyə lazımi səviyyədə deyil? Bu sahənin peşəkarı Sain Fərhad Fəmanlı  problemi ətraflı izah edir. "İncəliklərə getməyi sevirəm" - deməsi boşuna deyilmiş.

- Ukraynada yaşamağın nə ilə əlaqədardır?

- Orda heç kim 3-5 çempionluğu, idman ustası olması, bir neçə vəzifəni tutması ilə öyünmür. Yaradıcı insanlar daha çoxdur. Ukraynada işindən lazımi qədər stimul ala bilirsən. Daima inkişaf etmək imkanın var. Orda müxtəlif seminarlara qatılıram, həvəslənirəm. Sonra deyirəm, gedim, Bakıda nəsə edim. Əvvəllər bura gələndən 1 ay sonra həvəsdən düşürdümsə, axır vaxtlar elə gəldiyim gün məni ətalət basır. Burda "boş qazanlar" çoxdur. Peşəkar səviyyədə iş görə bilmirik. Azərbaycanda döyüş aktyorunun inkişafı üçün workshop, master-klass, seminarlar az təşkil olunur. Mən teatrlara, aktyor və idmançılara təklif etdim ki, bu sahədə xüsusi seminarlar verim. Maraq göstərmədilər. Çünki bir çox idmançılar təkəbbürlüdür. Güman edirlər ki, yumruq-təpik atmaqla filmdə döyüşü lazımınca göstərə bilərlər. Aktyorlarımızın başı isə səviyyəsiz seriallara qarışıb. Tom Kruza paxıllıq etməkdənsə, onun kimi kaskadyorluq öyrənib döyüş filmlərinə çəkilmək üçün vaxt tapa bilmirlər. Bəhanə də gətirirlər ki, bu sahə bizdə inkişaf etməyib. Döyüş aktyorluğunun inkişaf üçün əlindən gələni edənlər var, dəstək yoxdur. İnanıram dövlət səviyyəsində bu sahəyə diqqət yetiriləcək. Əksinə, Ukraynada sənəti sevən səmimi insanlar çoxdur. Səni daha yaxşı başa düşürlər. Dialoqlar bilik əsasında qurulur.

- Qeyri-peşəkarlıq, ixtisasartırmanın zəifliyini qeyd etdin. Ümumi götürəndə Azərbaycanda döyüş aktyorluğunun inkişafına nə mane olur?

- Gəlin, hissə-hissə nəzərdən keçirək. Rejissorlarımız "action" (ekşn) deyəndə düşünür ki, filmdə mütləq helikopter partlamalı, maşın aşmalıdır. Bu janr onlara o qədər yaddır ki, kaskadyor  və döyüş xoreoqrafını fərqləndirə bilmirlər. Xırdalıqlardan danışmağa heç dəyməz. Onlara köməyimi təklif etmişəm, istəməyiblər. İnkişafın qarşısını alan başqa amil tənbəllik və gələcəyə planların olmamasıdır. İnsanlar çalışır ki, bu günlə yaşasın. 2-3 il zəhmət çəkib karyera qurmaq az adamı maraqlandırır. Düşüncə tərzinin dəyişməməsi bizim sahənin də axsamasına gətirib çıxarır.

- Qeyd etdin ki, bəzi rejissorlar döyüş xoreoqrafı və kaskadyor arasındakı fərqi bilmir. Bəlkə, özün izah edəsən?

- Kaskadyor fransızca "kaskad" sözündəndir, mənası "şəlalə"dir. Yıxılmanın imitasiyasını əhatə edir. Döyüşdə kaskadyorluq ola və olmaya bilər. Məsələn, sirkdə akrobatik hərəkətlərin icrası zamanı bundan istifadə edilir. Döyüş xoreoqrafiyası isə döyüşün kompozisiyası, qurulması ilə məşğul olur. Qeyd etdiyim iki termin barədə uun danışmaq mümkündür. Qısa olaraq onu deyim ki, döyüşdə yıxılma yoxdursa, kaskadyorluq da yoxdur.

- Bildiyimə görə, son vaxtların uğurlu ekran işlərindən olan "Əli və Nino" (2015) filmində yaradıcı qrupda olmusan...

- Həmin filmin məşqlərində aktyorlara döyüş səhnələrində necə davranmağı, hücum və müdafiəni öyrədirdik. Atışmalar, güllələrin imitasiyası, kaskadyorluq işlərini aparırdıq. Bakıda, Gədəbəydə çəkilişlərimiz oldu.

- Döyüş aktyorlarından ibarət şəxsi truppan var?

- Truppamız böyük deyil. Məndən başqa Emin Abışov və Tural Şirməmmədov burda yer alır. Lazım olanda əlavə idmançılar cəlb edirik. Hal-hazırda Azərbaycanda bizə ehtiyac olmadığından komandanı genişləndirə bilmirik.

- Azərbaycanda bu sahəyə sərmayə qoymağa nə imkan vermir?

- Maliyyə cəlb etmək üçün, gərək, investoru inandırasan. Bu isə döyüşə komediya qatmağı tələb edir. Sırf döyüşün gəlir gətirəcəyinə inanmırlar. O vaxta qədər ki, özümüz əmək sərf edib bundan pul qazanaq. Hamı birinci kimin risk edəcəyini gözləyir. Azərbaycanda "Obyekt 77" filminə baxanların sayı 1 milyondan artıq oldu. Bunu sponsor cəlb etmək üçün çəkmişdik. Düzdür, bəyənildi. Amma risk etməyə gələndə heç kimdən səs çıxmadı.

- Özünü hansı flimin qəhrəmanı kimi görürsən?

- Döyüş filmlərini çox izləyirəm Amma elə film var ki ona bir neçə dəfə baxmışam. Məsələn, baş rolda Jerar Lanvenin çəkildiyi "Toxunulmazlar" ("Les Lyonnais", 2011) filmi. Film real hadisələrə əsaslanır, kriminal janrındadır. Həmin ekran işinin baş qəhrəmanı timsalında daha ciddi rollar oynamaq istərdim. Ümumilikdə yapon və Koreya kinolarına üstünlük verirəm. Çünki ordakı aktyorların xarakteri mənə daha yaxındır. Az pafos, gizli xarakter, gözlənilməz emossiyalar...

- Bəs, hansı musiqilərə qulaq asırsan?

- Buna çox da aludə deyiləm. Əsasən nəyinsə həllini tapmaq istəyəndə o motivə uyğun musiqi dinləyirəm. Məşqlərin xarakteri, döyüş səhnəsini canlandırmaq üçün ayrıca musiqi seçirəm. "Poem of the atoms" musiqi parçasını bəyənirəm.

"İnsanlıqdan çıxan birini əvvəlcə əhliləşdirmək lazımdır"

Döyüşməyi bacaran, idmanla məşğul olanların real heyətdə tez-tez konfliktlərə cəlb olunub-olunmaması həmişə maraqlı məsələ kimi qalıb. S.F. Fərmanlının bu suala cavabı da diqqətəlayiqdir. Şərq fəlsəfi cərəyanına bağlılığı bundan da hiss olunur.

- Səni özündən çıxarmaq asandır?

- Əvvəl tez-tez olurdu. Bunun da əziyyətini çəkirdim. Gözəl bir kəlam var: "Qəzəbin əvvəli ağılsızlıq, sonu peşmançılıqdır". İndi özümü idarə etməyi bacarıram. Döyüşçü ölümünü axtarmır, istənilən vaxt döyüşə girişir. Yəni ölümünə istənilən səbəb yol açar. Samuray yolu isə şərəf, yüksək dəyərlər üçün ölməkdir. Namusa toxunulmayana qədər qarşımdakını "yola verməyə" çalışıram. Amma elə səhvlər var ki, bağışlamaq olmaz.

- Belə anladım ki, əvvəllər konfliktlərə çox girmsən...

- Elə olub, kimisə vurmuşam, mənə fiziki baxımdan cavab qaytarmayıb. Buna görə özümü pis hiss etmişəm. Həmin insanın zəifliyini qəbul etməsinə görə etdiyimə peşman olub könlünü almağa çalışmışam. Bəzən də, könlünü almaq istədiyim şəxs məni səhv başa düşüb və üstümə gəlib. Əlbəttə ki, yenə cavabını alıb (gülür).

- Narazılığı sözlə həll etmək lazımdır, yoxsa qol gücü ilə?

- Bir var tərbiyələndirmə, bir də var əhliləşdirmə. İnsanlıqdan çıxan birini əvvəlcə əhliləşdirmək lazımdır ki, sonra sözlə başa salasan. Nəsihət özü də tərbiyələndirmə metodudur. Elə insanlar var ki, onları əhliləşdirməyə ehtiyac var. Ümumilikdə səbrli olmaq, sözü yerində işlətmək lazımdır. İdmançı döyüşü ona görə öyrənmir ki, kimisə vursun. Bu, həyat tərzidir. Əksinə, gücünü faydalı işlərə yönəltməlidir. Təsəvvür edin ki, kimsə yüksək mənsəb əldə edir və ətrafdakılara zülm etməyə başlayır. Döyüşçünün bacarığından yersiz istifadə etməsi də buna bənzəyir.Şərq döyüş növlərində fəlsəfə, intizam, mədəniyyətin olması məni həmişə cəlb edib. Qərbdə meydana gələn bəzi növlər isə sırf fiziki zədə yetirməyə hesablanır. Yaxşını pisdən ayırmaq mühümdür.

- Belə görünür ki, fəlsəfəni sevirsən. Kitab oxuyursan?

- Maraqlı bir ifadə var: "Kitab oxumaq vacib deyil, vacib kitabı oxumaq lazımdır". Məktəbdə məni oxumağa məcbur edirdilər. Çünki mənə lazım olmayan informasiyaya vaxt ayırmaqdan xoşum gəlmirdi. Real həyatda mənə kömək edən kitablar oxuyuram. Poema, roman və s. mənlik deyil. Fikrimcə, belə əsərlər əbidlərin sənin beyninə yerləşdirdiyi fərqli ideyalar, bəzən lazımsız məlumatlardır. Kitabı oxumaq üçün ona ruhən bağlanmalısan. Hər kitab isə insan kimi sənin üzərində öz təsirini qoyur. O danışır, sən dinləyirsən. Əks halda, kitabı bağlayıb kənara qoyardın. Oxuduğun əsərin personajları isə bəzən sənə özün kimi olmağa maneçilik törədir.

- Ümumiyyətlə, idmançı kitab oxumalıdır?

- İdmançının kitab oxumaqda konkret məqsədi olmalıdır. Şərq döyüş növlərində fəlsəfə və din böyük önəm daşıyır. Orda Buddizmi qəbul etməyən, bu dinin qaydalarını gözləməyənə döyüşün incəliklərini öyrətmirlər. Ona görə idmançı oxumağa, özünü kamilləşdirməyə çalışır. Bu yolu seçən idman haqqında ədəbiyyatdan yararlana bilər. Amma SSRİ dövründə yazılan qalın və faydasız idman kitablarını mütaliə etməyə zərurət yoxdur. Elə kitab oxumaq lazımdır ki, özünüdərkə kömək etsin və səni şəxsiyyət kimi formalaşdırsın.

- Özünü bu sahədə sınamaq istəyənlərə məsləhətin nədir?

- Əvvəlcə özlərinə sual versinlər, bunu nə üçün edirlər. Çoxları özünü sınamaq üçün çəkilişə təşrif buyurub. Lakin günün axırıda deyiblər ki, daha gəlməyəcəyik. Çünki məqsədləri olmayıb. Müvəqqəti ehtiras sönəndən sonra çətinliklər ağır görünüb. Ona görə birinci düşünsünlər ki, döyüş aktyoru olmaq onların nəyinə lazımdır.

 

 

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
66370 səs