26/12/2016
12:44
9517
| A A A
Emin Mahmudov: "Boavista"ya gələn kimi "qara siyahı"ya düşdüm"

Azərbaycan millisi və "Boavista"nın futbolçusu Emin Mahmudov "Sovestski Sport" nəşrinin suallarını cavablandırıb.

Goal.az həmyerlimizin müsahibəsini təqdim edir.

- "Boavista" asan yol keçməyib. Klub yenidən peşəkar statusunu 2014-cü ildə alıb...

- Hər şeyin böyük korrupsiya qalmaqalı ilə bağlı olduğundan xəbərim var. Klubda bu barədə danışmırlar. Amma "Boavista"ya transfer olunanda bu barədə oxumuşdum.

- Klubun tarixi barədə sənə məlumat verilməyib?

- Verilib və qazanılan kubokları da göstəriblər. Tarixin xoşagəlməz hissələrini xatırlatmağa ehtiyac yoxdur.

- "Boavista"nın Portuqaliyada ən titullu klublardan biri olduğunu, yəqin ki, bilirsən.

- Əlbəttə, gəldiyim ilk gündə klubun muzeyində oldum. Səhv etmirəmsə, titul baxımından ölkənin 4-cü komandasıdır.

- Klubun muzeyi genişdir?

- Bəli, xeyli kubok vardı. Həm də həndbolla bağlı mükafatlar diqqətimi cəlb etdi. "Boavista" güləşə qədər bir sıra idman növlərini özündə birləşdirir.

- "Boavista" variantının necə meydana çıxmışdı?

- Agentim dedi ki, portuqal klubuna keçmək variantım var. Hətta onların sayı 2 idi. "Boavista"nın daha uyğun olduğunu dedilər. Dərhal razılaşdım. Başqa ölkədən də təklif vardı, amma Portuqaliya çempionatının səviyyəsi daha yüksəkdir.

- Həmin vaxt "Krılya Sovetov" klubu ilə müqavilən vardı?

- Bəli. Amma baş məşqçinin planlarına daxil deyildim. Düşündüm ki, gözləməyə gərək yoxdur. Rəhbərlikdən məni buraxmağı xahiş etdim. Portuqaliya klublarının oyunçu almaq üçün kifayət qədər pulu yoxdur. Həm də Azərbaycan millisində oynamağıma icazə verildiyi üçün Rusiyada legioner hesab olunacaqdım.

- "Krılya Sovetov"la müqaviləyə xitam verilməsində problem olmadı?

- Xeyr, klub rəhbərliyinə təşəkkürümü bildirirəm. Xüsusilə zədəli vaxtlarımda köməklərini məndən əsirgəmirdilər.

- Samara təmsilçisində çox oyun keçirmisən. Sonra niyə əsas heyətə düşə bilmirdin?

- Frank Verkautern baş məşqçi təyin olunanandan sonra müntəzəm meydana çıxırdım. Sonra ayağım sındı və 1 il oynaya bilmədim. Ola bilsin, baş məşqçi optimal formamı yığa bilməyəcəyimi düşündü. Buna görə başqa futbolçulara güvənməyə başladı. Amma bu mövzuda mənə heç nə demirdi.

- "Bessa" stadionu səndə hansı təəssürat oyatdı?

- Əla stadiondur. Düzdür, indi Rusiyada daha yaxşı arenalar inşa edilir. "Bessa"da yaradılan atmosfer gözəldir.

- Stadiona çox azarkeş gəlir?

- Yerli çempionat oyunlarına 5-6 min azarkeş normal hesab olunur. Yaxşı komanda ilə oynayırıqsa, 15 minə qədər tamaşaçı olur. "Benfica" kimi rəqiblərlə görüşdə isə stadionun yarısı dolur.

- İlk vaxtlar niyə oynamırdın?

- Baş məşqçiyə görə. "Boavista"ya gələn kimi "qara siyahı"ya düşdüm. Məşqçi dəyişikliyindən sonra çox şey dəyişdi. O cümlədən mənə qarşı münasibət.

- Hazırki çalışdırıcı Miqel Leal hələ "Moreirense"də olduğu vaxtlardan gənclərlə yaxşı işləməyi bacaran məşqçi kimi tanınır...

- O, yaxşı motivatordur. Ruhlandırıcı sözlər deyir, futbolçunun psixologiyasından yaxşı baş çıxarır. Onun rəhbərliyi altında taktika və pressinq üzərində daha çox işləyirik.

- O, komandanı ruhlandırmaq üçün nə deyir?

- Həmişə deyir ki, bizim arzumuz olmalıdır və durumun necə olmasından asılı olmayaraq ona doğru can atmalıyıq.

- Portuqalca danşa bilirsən?

- Sadə dildə deyilənləri başa düşürəm. Mürəkkəb cümlələri sona qədər anlaya bilmirəm. Portuqaliyada olduğum cəmi 5 aydır. Amma deyirlər ki, bu dili sürətlə öyrənirəm.

- Yəqin ki, "Nacional" - "Boavista" matçının ən yaxşısı seçilməyin xoş oldu...

- Elədir. Amma belə oyunların çox olması üçün üzərimdə işləməliyəm. Komanda yoldaşlarım da mənə kömək edir.

- Mövsümün ən yadda qalan oyunlarından biri "Vitoria Guimaraes"ə qarşı (1:2) kubok oyun idi ki, nəticədə bir neçə futbolçu diskvalifikasiya olunmuşdu. Meydanda nə baş vermişdi?

- "Vitoria" bizim üçün ən prinsipial rəqibdir. Bu rəqiblə oyunlar çox gərgin keçir. Məlum görüşün sonlarında onların qapıçısı bizim azarkeşlərə nəsə göstərməyə, tullanıb-düşməyə başladı. Sözsüz, onun hərəkətləri xoşumuza gəlmədi. Məsələni aydınlaşdırmağa getdik. Hakim nəzarəti əldən vermişdi, rəqibə çox güzəşt etmişdi. Portuqaliyada bütün oyunlarda idarəçilik baxımından problemlər olur.

- Porto şəhərində yaşayırsan?

- Bəli, şəhərin mərkəzində. Qədim hissədə olmasa da, ora yaxındır.

- Portonun məşhur şərab anbarlarında olmusan?

- Mən müsəlmanam, şərab içmirəm. Ona görə ora getməmişəm.

- Portuqaliyada ən çox nəyi bəyənirsən?

- Hava istidir, yaşamaq rahatdır. Şəhər təmiz və gözəldir. Futbol baxımından stadion xoşuma gəlir. Məşq bazarlarında isə problem var. Burda oyun və məşqlərin intensivliyi yüksəkdir. İndvidual cəhətdən güclü futbolçular çoxdur.

- "Boavista"da diqqəti cəlb edən futbolçular kimdir?

- Mənə qol ötürməsini verən hücumçu - Şembri. Sonra həmyerlim Karman Ağayev. Bir də sağ cinah oyunçusu Yuri Medeyruş.

- Şembri qeyri-adi legionerdir. Çünki Malta millisinin üzvüdür...

- Bəzən aramızda zarafat edirik ki, hətta Malta və Azərbaycandan da Portuqaliyada legioner var.

- Azərbaycan millisini seçməyinə nə səbəb oldu?

- Uzun zaman fikirləşdim və sonda qərar verdim. Hələ 1-2 il əvvəl Azərbaycan millisində oynamaq istəyirdim.

- Rusiyada artıq legioner sayılırsan. Nə vaxtsa ora qayıdacaqsan?

- Avropada mümkün qədər çox qalmaq istəyirəm. Aparıcı çempionatlara yol tapmağa çalışacam. İngiltərə Premyer Liqasını bəyənirəm. Amma orda oynamaq mənim üçün ağır olardı. Oyun tərzimə görə ispan futboluna yaxınam.

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
54103 səs