28/12/2016
12:04
735
| A A A
"Zirə"nin yeni məşqçisi: "Qol vura bilmirsənsə, demək böyük problem var"

"Zirə" futbol klubunun yeni baş məşqçisi Ayxan Abbasovun "Report"a müsahibə verib.

Goal.az sizi müsahibə ilə tanış edir:

- Adətən baş məşqçi istefaya göndəriləndə, o, komandanı köməkçiləri ilə birgə tərk edir. Ancaq Siz, əksinə, Adil Şükürov gedəndən sonra baş məşqçi olmağa razılaşdınız...

- Bəli, bir məşqçinin öz heyəti varsa, onlar da gedir. Amma bizdə tam fərqli vəziyyətdir. Biz həm də aşağı yaş qrupları ilə işləyirik. Yəni, böyük məşqçi heyətimiz yoxdur. Bir ailə kimi fəaliyyət göstəriririk. Adil müəllimin komandada sırf belə heyəti yoxdur ki, onlar da getsin. Amma dünya praktikasında siz dediyiniz kimi olur. Biz 4-5 nəfər bir komanda olaraq işləyirik.

- Klub Adil Şükürovun istefasının komandanın uğursuz nəticələri ilə əlaqədar olduğunu bildirir. Amma Şükürov klubda başqa vəzifədə işləyəcək...

 - O, klubdan getməyib. İki ildir birgə işləyirik. Premyer Liqa, ondan əvvəl I Divizionda çalışmışıq. Dünən Adil müəllimlə rəhbərlik arasında iclas oldu. Razılaşdılar ki, uğursuz çıxışa görə o, akademiyada çalışsın. Yenə də bir yerdəyik.

- Yeni baş məşqçi kimi hansı dəyişikliklərə hazırlaşırsınız?

- Komanda pis deyil. Ötənilki heyətlə müqayisədə ən azı 8-9 nəfər indi də oynayır. Hamı deyir ki, keçən il çempionat zəif idi. Amma mən bu fikirlərlə razı deyiləm. Komandada sütun var. Düzdür, yeni futbolçular da gəldi. Ola bilsin, onların uyğunlaşma prosesində bəzi problemlər yaşandı. Komandanın nəticələrini, məğlubiyyətlərini götürsək, futbolçularda inamsızlıq, psixoloji gərginlik yaranmışdı. Futbolçuları uğurlu nəticələr qazanmağa inandırmaq lazımdır. Təbii ki, hər məşqçinin futbola baxışı eyni deyil. Yanaşmalar da fərqli olur. Amma böyük dəyişiklik olmayacaq.

- Ötən mövsüm komandada salvadorlu Nelson Bonilya vardı və hücum xəttində problem yaşanmırdı. Ancaq indi Bonilya yoxdur...

- Hücumçu məsələsi ilə razıyam. Uğur qazanmaq istəyirsənsə, rəqib qapıya gəlib, qol vurmalısan. Qol vura bilmirsənsə, demək böyük problem var. Ötən mövsüm Bonilya qışa qədər cəmi 3 qol vurmuşdu. Amma komandanın turnir cədvəlindəki mövqeyi və oyunu yaxşı idi. Oyunu üzərinə götürən futbolçular vardı. Amma qışdan sonra Bonilya yaxşı çıxış etdi, özünə inamı artdı. O futbolçunun qol vurma keyfiyyəti vardı. Buna baxmayaraq komandanın uğurunu sırf Bonilya ilə bağlamıram. Çünki ona qədər olan proseslər var. Hücum qurmaq, ötürmə etmək. Yəni, bütün komanda çıxış edirdi.

- Bonilyanın yenidən "Zirə"də çıxış etməsi mümkündür?

- Onun Portuqaliyanın "Nasional" klubu ilə müqaviləsi var. Orada çıxış edir. Bonilyanın "Zirə"yə qaytarılması söhbəti yoxdur.

- Hücumda problemlər var. Üstəlik qış transfer pəncərəsində də yüksək keyfiyyətli oyunçu tapmaq çətindir. Bu məsələni necə həll edəcəksiniz?

- Düzdür, qışda futbolçu tapmaq çətindir. Yaxşı oyunçu deyəndə, biz futbolçunun istədiyimiz keyfiyyətdə olmasını istəyirik. Çalışacağıq ki, oyunçu tapaq. Futbolda asan deyilən bir şey yoxdur. Nəsə əldə etmək istəyirsənsə, əziyyət çəkməlisən.

- Hansı mövqelərdə gücləndirmə işləri aparılacaq?

- Bu, bir günə verilən qərar deyil. Rəhbərliklə görüşümüz olacaq. Hər mövqeyə bir futbolçu olsa, xeyrimizə olacaq.

- O zaman kimlərlə yola davam edilməyəcək?

- Müdafiəçi Cəmil Hacıyev və və hücumçu Yasin Həmid komandadan ayrılıb. Başqa heç kim yoxdur. İstədiyimiz 2-3 futbolçunu tapmağa çalışacağıq. Boşuna transfer etmək lazım deyil. Bu, məsuliyyətli işdir. İstədiyimiz keyfiyyətdəki oyunuçunu görsək, o zaman transfer edə bilərik. Komandaya böyük inamım var.

- Sabiq futbolçunuz Sadiq Quliyev "Qəbələ"dən ayrılıb. Onu komandada görmək istəyərdiniz?

- Sadiq gənc, perspektivli futbolçudur. Oyun baxımından bir az problemi var. Çünki əsas heyətdə yer almırdı. O, xarakterli oyunçudur və həmişə oynamaq istəyir. Ancaq burada başqa məsələlər də var. Əsas gücü hücum xəttinə vermək, lakin balanslı iş görmək istəyirik. 

- "Zirə"nin qış toplanışı dəqiqləşməyib?

- Yəqin ki, Bakıda yığışacağıq. Rəhbərliklə görüşdən sonra hər şeyə aydınlıq gələcək.

Ən çox fanatı olan yerli klub?

QARABAĞ
%
QƏBƏLƏ
%
KƏPƏZ
%
SUMQAYIT
%
ZİRƏ
%
İNTER
%
NEFTÇİ
%
AZAL
%
1305 səs