30/12/2016
13:10
1062
| A A A
Təbriz Həsənov: “Hücumçularla bağlı çox böyük problemimiz var” - MÜSAHİBƏ

19 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Təbriz Həsənovun müsahibəsi:

- U-19 təlim-məşq toplanışı çərçivəsində keçirdiyi üçüncü yoxlama oyununda “Səbail”ə 0:5 hesabı ilə uduzdu. Qarşılaşma haqda nə deyə bilərsiz?

- 1 həftəlik təlim-məşq toplanışında bu, sayca üçüncü yoxlama oyunumuz idi. Bildiyiniz kimi, yanvarda Sankt-Peterburqda beynəlxalq turnirdə çıxış edəcəyik. Həmin yarışın təqviminə uyğun olaraq, hazırlıq dönəmində də yoxlama oyunlarını iki gündən bir keçirdik. I divizion təmsilçiləri “Səbail” və “Şərurspor”la qarşılaşdıq. Belə oyunlar uşaqlara lazımdı. Təbii ki, yoğunluq fonunda meydana çıxırlar. İşimiz oyunçular arasında əlaqəni gücləndirmək idi. Yoxlama oyunlarında nəticə önəmli deyil. Əsas odur ki, bu oyunlarda üzə çıxan səhvlərimizi düzəldək. Bu oyunların hamısını təhlil edəcəyik ki, Sankt-Peterburqdakı matçlara hazır çıxaq.

- Yorğunluğu qeyd etdiz. “Səbail”lə matçda komandanız ilk hissədə qapısında qol görməsə də, fasilədən sonra 5 dəfə məyus oldu. Bunu məhz yorğunluqla əlaqələndirmək olar?

- Tam deməzdim. Qollar zamanı səhvlərimiz də oldu. Birinci hissədə komandanın oyunu xoşuma gəldi. Çünki futbolçular verilən tapşırıqları yerinə yetirmişdilər. Oyunçularımız cavanlardı, tez ruhdan düşürlər. Ona görə də rəqib 1-2 qol vurduqdan sonra hesab arasındakı fərq daha da artdı. Çalışmalıyıq ki, gələcəkdə qol buraxdıqdan sonra komanda ruhdan düşməsin.

- 3 yoxlama oyununda komandanız qol vura bilmədi. Demək olar ki, hazırda U-19-un əsas problemi hücum xəttidir?

- Hücumçularla bağlı çox böyük problemimiz var. Bu dəfə heyətə yeni forvardlar cəlb etmişdik. Lakin onların heç birinin oyunundan razı qalmadım. 3 oyunda özlərini yaxşı tərəfdən göstərə bilmədilər. Həmçinin, zədəli futbolçular da var, hansılar ki onlara dəvət göndərə bilməmişik. Çalışacağıq yenə də əlimizdən gələni edək və çatışmazlıqları aradan qaldıraq.

- Digərlərindən 1 yaş kiçik olmasına baxmayaraq, ötən il həm Sankt-Peterburqdakı yarışda, həm də Avropa çempionAtında Almaniyada oynayan Murad Mahmudovu heyətə cəlb etmişdiniz. Bu dəfə isə onun adı heyətdə yoxdu. Özünüz dəvət göndərməmisiz, yoxsa Murad millimizdən imtina edib?

- Biz ona dəvət göndərmişdik. Lakin klubundan cavab gəldi ki, təlim-məşq toplanışları, oyunları olduğu üçün Muradı yığmaya buraxa bilməzlər.

- Bəlkə birdəfəlik Azərbaycan millisindən imtina edib? Çünki ötən il müsahibəsində yığma ilə bağlı yekun seçim etmədiyini söyləmişdi...

- Yox, gələcəkdə milliyə cəlb olunacaq. Yalnız bu toplanışda iştirak edə bilmir. Halbuki hücumda problemlərimizin olduğu bir zamanda ona ehtiyacımız var idi.

- Sankt-Peterburqdakı ilk oyununuza təxminən 10 gün vaxt qalıb. Komanda turnirə nə dərəcədə hazırdır?

- Tam hazır deyilik. Qalan günlərdən maksimum faydalanmağa çalışacağıq. Uşaqlar uzun müddət biryerdə olmayıblar. Bu da özünü göstərir. Çalışacağıq ki, səfərə optimal vəziyyətdə yollanaq.

- Ötən il Qranatkin turnirində əsas məqsəd Avropa çempionatı öncəsi hazırlıq idi. Bu dəfə necə, Rusiyaya təcrübə, yoxsa nəticə qazanmaq üçün yollanırsız?

- Aşağı yaş qruplarının əsas məqsədi futbolçu hazırlamaqdı. Digər tərəfdən də Avropa çempionatının seçmə mərhələ oyunları bizim üçün mühüm əhəmiyyət kəsb edir. Hər zaman çalışırıq ki, yüksəksəviyyəli turnirlərdə nəticə qazanaq. Bu turnir də istisna olmayacaq. İlk hədəfimiz qrupdan 1/4 finala yüksəlməkdir. Bunun üçün də ilk 2 yerdən birini tutmalıyıq. İnanıram ki, uşaqlar özlərini yaxşı tərəfdən göstərsələr, istəyimizə çatacağıq. (futbolxeber.az)

Ən çox fanatı olan yerli klub?

QARABAĞ
%
QƏBƏLƏ
%
KƏPƏZ
%
SUMQAYIT
%
ZİRƏ
%
İNTER
%
NEFTÇİ
%
AZAL
%
1306 səs