09/01/2017
11:40
1228
| A A A
Firdovsi Umudov: "Yanımda olub, pisliyimi arzulayan dostları çox gördüm"

Bu gün sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudovun 40 yaşı tamam olub. Baş məşqçimizlə söhbət zamanı bir daha əmin olduq ki, 40 yaşa təsadüfən ömürün hesabat dövrü, bəzən də zirvəsi demirlər. Bu yaş dövrü doğrudan da elə bir mərhələdir ki, insan həm keçdiyi yola, həm də gələcəyə doğru baxa bilir. Odlu- alovlu gənclik illərini arxada qoyan insan ancaq bu yaşda artıq müdrikləşdiyini, həyatın gedişatını, atdığı addımlarını dərk etməyə başlayır. Əslində, onun yaşadığı ömür tarixçəsini vərəqləməsinə ehtiyac da yoxdur. Çünki onun gəncliyi xalqın gözü qarşısında, yarış arenalarında keçib. İdmanla maraqlanan hər kəs onu yaxşı tanıyır. Hətta bir çoxlarının "kumiri”dir də deyə bilərik. Nə çoxdur, Azərbaycanda Firdovsi Umudov olmaq, ən azından onun yolu ilə getmək istəyən oğlan uşaqları... haqsız da sayılmazlar. Axı, o öz sahəsinin peşəkarıdır. Idman sahəsində çox uğurlar qazanıb, dəfələrlə ölkə birinciliyinin, dünyanın və Avropanın müxtəlif şəhərlərində keçirilən beynəlxalq çempionatların, turnirlərin, yarışların, dünya kubokunun qalibi, spartakiadaların iştirakçısı və mükafatçısı olub. Həmçinin də məşqçisi olduğu yığma komandamız dünya kuboku yarışlarında, dünya və Avropa çempionatlarında mühüm nailiyyətlər qazanıb.



Qeyd edək ki, Firdovsi Umudov 5 yanvar 1977 –ci ildə Qazax rayonunun Aslanbəyli kəndində dünyaya göz açıb. 40 yaşını qeyd edən müsahibimiz sərbəst güləş üzrə gənclər arasında Avropa birinciliyinin, tələbələr arasında dünya çempionatlarının mükafatçısı, Dünya kubokunun qalibidir. Həmçinin o 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Fəxri Diplomu və Polkovnik-leytenant hərbi rütbəsi ilə təltif edilib. "Şöhrət" ordeni (Azərbaycan) "Tərəqqi" medalına layiq görülüb. 2016-cı ilin noyabrından sərbəst güləş üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandasının baş məşqçisidir.
Baş məşqçi ilə müsahibəni təqdim edirik:

- Keçilən bu ömür yoluna nəzər saldıqda gözünüzün önünə daha çox nələr gəlir, nələri xatırlayırsınız ?

- Qazaxın Aslanbəyli kəndində doğulub boya- başa çatmışam və bir müddət orta təhsilimi elə bu kəndin orta məktəbində almışam. Sonradan Qazaxa köçdüyümüzə görə, təhsilimi Qazax şəhəri 1 nömrəli orta məktəbdə davam eydirdim və elə bu məktəbi də bitirdim.
Uşaqlıqdan güləş idman növünə böyük marağım olub. Lakin ona qədər futbola da marağım vardı. Həmin dövr eləvaxta təsadüf etdi ki, əzablı-əziyyətli müharibə günləri başladı. Sərhəd bölgəsində yaşadığımıza görə, müharibənin sərt üzünü gördük. Buna baxmayaraq gənc yaşımızda qorxmadan çəkinmədən düşmənlə üzbəüz dayanırdıq. Biz də Qazaxda aldığımız tərbiyə və o mühitdə böyüdüyümüzə görə, düşmənlə üz-üzə gəlməkdən və müharibədən heç zaman qorxmamışıq. 1992-1993-cü illərdə keçirilən ölkə çempionatının qalibi oldum və ölkə yığma komandasına cəlb edildim. 
Bundan sonra şəhərə gəlməyimlə həyatın və insanların bir çox üzünü görmüş oldum. Namərd insanlar, ətrafımda satqın dostların dolanması və həyatımızın enişli- yoxuşlu günləri bizi sınağa çəkməyə başladı. Bu gün isə Allaha şükür edirəm ki, o sınaqlardan üzüağ, cəsarətlə çıxa bildim. İdman nailiyyətlərimi daha da artırdım. Güləş üzrə ölkə çempionu və Avropa, dünya birinciliyinə nail oldum. Bundan əlavə bir sıra beynəlxalq yarışların qalibi oldum.

-Necə oldu ki, məşqçi təyin olundunuz? Həmkarlarınızdan hansı məziyyətlərinizə görə fərqlənirdiniz?
-2004-cü ildən etibarən məşqçiliyə başladım və həm yeniyetmələr, həm də gənclərdən ibarət yığma komandaların baş məşqçisi kimi fəaliyyət göstərdim. Hazırda da baş məşqçi kimi xalqıma, millətimə xidmət edirəm. Bir idmançı kimi dövlət rəhbərinin yürütdüyü siyasəti dəstəkləyirəm. Mən də öz növbəmdə xalqımı dünya arenasında layiqincə təmsil etməyə çalışıram. Güləşçi olduğum müddətdə doğma diyarım Qazax rayonunu layiqincə zirvələrə qaldırmağa, ölkə hüdudlarından kənarda isə Azərbaycan himninin səsləndirməyə çalışmışam.

- Azərbaycanda baş tutan İlk Avropa Oyunlarında və digər beynəlxalq yarışlarda müşahidə etmişəm ki, təmsilçilərimiz tatami üzərinə çıxıb, güləşdikdə sanki Firdovsi müəllim onlarla bərabər güləşir. Kənardan, bağırıb- çığırır, qan-tərə batır. Bu emosiya və həyəcanınız nədən irəli gəlir?
- Vətənpərvərlik hissi olan hər bir insanda bu həyəcan və emosiya olmalıdır. Sahəsindən asılı olmadan hər kəs vətəni, xalqı təmsil edib, bu hissləri yaşamalıdır. Dediyim kimi, müharibə zonasında düşmənin hər cür həmləsinə cavab verməyə hər zaman hazır olmuşuq. Bu gün də tatami üzərindəki rəqib kənarda dost da olsa, döşək üzərində düşməndir. Bizim idmançımızın adi bir səhv hərəkəti onun məğlubiyyətinə gətirib çıxarar. Sözsüz ki, iki rəqibdən biri qazanmalı, digəri isə uduzmalıdır. Lakin həmin vəziyyətdə var qüvvəni o döyüşə qoyursan.
Məşqçi olmaq isə döyüşməkdən daha çətindir. Mən hər zaman vətənpərvər olduğumu fəxrlə demişəm və idmançılarımıza da bu hissləri aşılayıram. Hazırda yığma komandanın yarısından çoxu 90-cı illərdə anadan olan gənclərdir. Çempionlarımız, Hacı Əliyev 1991-ci ildə anadan olub, dünya çempionudur, Toğrul Əsgərov 1992-ci il təvəllüdlüdür, aparıcı güləşçilərimizdən Cəbrayıl Həsənov 1990-cı ildə dünyaya gəlib. Bu güləşçilər ölkəmizdəki həmin çətin dövrü görmədiyinə görə, həmin ağrılı-acılı dövrün onlara aşılanmasına çox ehtiyac var. 
Mən hər zaman onlara nəsihət edirəm ki, hazırda yaşadığımız sabitlik, əmin-amanlıq dövründən səmərəli şəkildə faydalanmalıyıq. Bu sahədə ən böyük yük isə gənclərin üzərinə düşür. Bu mənada bayrağımızı hər zaman yüksəyə qaldırmalıyıq. Cənab prezidentimizin idman sahəsinə ayırdığı diqqət və qayğının nəticəsi olaraq Azərbaycan idman ölkəsi kimi tanınır. Mən də hər zaman məşqçisi olduğum gənclər döşək üzərində güləşərkən var gücümü sərf edərək, onlara düzgün istiqamət verməyə, həvəsləndirməyə çalışıram. Yalnız qələbəyə köklənməyimizə diqqət edirəm. Qalib gəldikdən sonra isə ənənəvi şəkildə üçrəngli bayrağımızı başımızın üzərinə qaldırıb, komandamızla birlikdə dövrə vururuq.

-Gürcüstanın tanınmış futbolçusu Kaxa Kaladze və dünya şöhrətli bir çox idmançılar idman həyatından sonra aktiv siyasi səhnəyə atıldılar. Siz də nə vaxtsa, aktiv siyasi sahəyə atılmağı düşünürsünüzmü?
-İndiki məqamda dövlətimi təmsil edirəm. Dövlət Sərhəd Xidmətinin Sərhəd qoşunlarının zabiti, polkovnik-leytenantam. Sərbəst Güləş üzrə Milli yığma komandanın baş məşqçisiyəm. Yenə deyirəm ki, mən dövlətimin, xalqımın əsgəriyəm. Gələcəkdə hər hansı sahədə dövlətim üçün qulluq etməyim lazım gələrsə, canla-başla bunu etməyə hazıram. Hazırda məqsədim odur ki, xalqımı idman sahəsində təmsil edim, idmançılarımızın yanında olub, texniki-taktiki, fiziki hazırlıqda yardım edib, psixoloji ruh yüksəkliyi yaradım. İdmanın özü də əslində bir siyasətdir. 
Biz də bu siyasətlə dövlətimizi təmsil edirik. Hələ belə bir fikrim yoxdur, lakin gələcəkdə məsləhət olarsa, xidmət etməyə hazıram. Bircə, Allah bizi hər zaman adını dost qoyub, namərdlik edən insanlardan qorusun. Yanımda olub, yaxşılığıma sevinməyən, pisliyimi arzulayan dostları çox gördüm. Şükürlər olsun ki, hazırda onlardan təmizlənmişik, ətrafımızda elə insanlar yoxdur. Bu gün cənab prezidentimizin rəhbərliyi və güclü ordumuzun müdafiəsi ilə dövlətimizi təmsil edirik. Bundan sonra da buna çalışmalıyıq.

- Beynəlxalq arenalarda idmançılarımız qələbə qazananda onu və onun da başının üstündə üçrəngli şanlı bayrağımızı qaldırıb, tatamidə dövrə vurursunuz. Bəs çəkinmirsinizmi ki, erməni lobbisi bundan qıcıqlanıb, sizə qarşı xoşagəlməz əməllər törədə bilər?
- Qələbə anında insanın gözünə heç nə görünmür. Müharibədə döyüş gedən vaxtı, qələbə anında silah əlində hücuma keçərkən, hansısa həmləyə tuş gələcəyini heç kim hiss etmir. Döyüşə ancaq qələbə niyyətilə atılırsan. Mən də qələbə sevinci ilə həmişə bu addımı atıram. Arzu edirəm ki, hər zaman idmançılarımız qalib gəlsin, mən də onları bu şəkildə çiyinlərimə qaldırım.

-Bilirik ki, Qazaxda sizə güləşi öyrədən ilk müəllimiz Ramiz Tağıyev olub. Ramiz müəllimə baş çəkirsinizmi?
-Fəxr edirəm ki, R.Tağıyev kimi müəllimim olub. Onun mənim üzərimdə əməyi çoxdur. Sumqayıta, yığma komandaya gəldikdən sonra isə atamın dostu, adını daşıdığım Firdovsi Ömərovun rəhbərliyi altında məşqlərimi davam etdirmişəm. Bu gün isə artıq özüm məşqçi kimi çalışıram. Ustadlarıma isə hər zaman borcluyam və indiyə qədər də onların üzərimdəki əməyini unutmuram. R. Tağıyevin də F. Ömərovun da üzərimdə zəhməti çoxdur. Məşqçiliyə başladıqdan sonra da onlardan hər zaman məsləhət almışam. Aşıq Ələsgərin belə bir hikmətli, ibrətamiz kəlamı var: "Bir şəyid ki, ustadına kəm baxır, onun gözlərindən qan damar-damar" Bu mənada ustadlarımızı və müəllimlərimizi hər zaman sevməli, onların hörmətini saxlamalıyıq.

-Qeyd etdiniz ki, ətrafınızda özünü dost göstərib, düşmən münasibətində olanlar olub. Niyə sizə qarşı belə qərəzli mövqedə dayanıblar?
Bunu özləri daha yaxşı bilər. Mən onu bilirəm ki, bəzən insanın haqqında mənfi rəy yaradan insanlar olur. Allah o insanlardan qorusun bizi Siz də sağolun ki, bizi olduğumuz kimi tanıdırsınız. Tələbələrimə də deyirəm ki, həyatda qorxduğum şey namərd insanların pis niyyətinə tuş gəlməkdir. Mən gəncliyimdə elə insanlarla çox rastlaşmışam. Bu gün də hər birimiz çalışmalıyıq o cür namərd insanları özümüzə yaxın buraxmayaq, ətrafımızdan aralayaq.

Şərq.az

Ən çox fanatı olan yerli klub?

QARABAĞ
%
QƏBƏLƏ
%
KƏPƏZ
%
SUMQAYIT
%
ZİRƏ
%
İNTER
%
NEFTÇİ
%
AZAL
%
17914 səs