10/01/2017
13:22
827
| A A A
"Zairovun 2-ci olması şərti xarakter daşıyır"

Ağırlıqqaldırma Federasiyasının (IWF) prezidenti Tamaş Ayanın müsahibəsi:

- Azərbaycan ağırlıqqaldıranı İntiqam Zairov 2012-ci il London Yay Olimpiya Oyunlarında 6-cı yeri tutsa da, 94 kq çəki dərəcəsində özündən əvvəlki yerləri tutanlardan 4-nün diskvalifikasiya olunması səbəbindən 2-ci pilləyə yüksəlib. Buna əsasən demək olarmı ki, Zairov olimpiadanın gümüş medalını qazanıb?

- Müəyyən işlərlə əlaqədar 3 həftədir Asiyada idim. Məni elə hava limanında yaxaladınız. Bildiyim qədərilə bu məsələ biz tərəfdən qapanıb. Lazımi analizlər və məlumatlar Beynəlxalq Olimpiya Komitəsinin (IOC - red.) göndərilib. İndi biz IOC-un yekun qərarını gözləyirik. Məsələ ondadır ki, IOC idmançılar üzrə fərdi, ayrı-ayrı bəyanat yaymır. Hazırda bir neçə idmançı üzrə araşdırma aparılır. Güman ki, onların hamısı ilə bağlı vəziyyətə aydınlıq gələndən sonra IOC rəsmi məlumat yayacaq. Biz də ona uyğun "Pekin-2008" və "London-2012" olimpiadalarında atletlərin sıralamalarında müvafiq dəyişiklikləri həyata keçirəcəyik. Zairovun federasiya saytındakı cədvəldə 2-ci olması isə hələlik şərti xarakter daşıyır. Yəni, heç bir qərar qüvvəyə minməyib. IWF IOC-un qərarı əsasında addımlar atır.

- Zairova qarşı da intizam işinin açıldığı xəbəri yayılmışdı. Amma hələ də cəza açıqlanmayıb. Buna əsasən, demək olarmı ki, işə xətm verilib?

- Hazırda gözləmə mövqeyindəyik. IOC-un yekun qərarını gözləyirik.

- Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF - red.) da 2015-ci il dünya çempionatında 6 idmançısının dopinq-testdən keçə bilməməsi səbəbindən cəzalandırılması gündəmdə idi. Bu məsələ nə yerdədir?

- Bu məsələdə yenidən müzakirələrə ehtiyac duyuldu. Təkcə AAAF deyil, ümumilikdə 9 milli federasiya cəza ilə üzləşə bilər. Bütün bunlara yanvarın ikinci yarısında keçiriləcək görüşdən sonra aydınlıq gələcək.

- AAAF-da gedən son dəyişikliklərdən məlumatlısınızmı?

- Xeyr, xəbərim yoxdur. Amma onu da deyim ki, bu, federasiyanın daxili işidir.

- Bu yaxınlarda Budapeştdə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovla görüşünüzdə nələri müzakirə etdiniz?

- Maraqlı görüş oldu. Azad Rəhimovu çoxdan tanıyıram. Əla münasibətlərimiz var. Ümimiyyətlə, ölkənizi və insanlarınızı sevirəm, çox mehribansınız. Görüşdə müzakirə olunanlara gəlincə, azərbaycanlı nazirlə əsasən, bu il Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları, yarışlara hazırlıq səviyyəsi, görülən işlər və s. barədə fikir mübadiləsi apardıq. Eşitdiklərimdən razı qaldım. (Report.az)

Ən çox fanatı olan yerli klub?

QARABAĞ
%
QƏBƏLƏ
%
KƏPƏZ
%
SUMQAYIT
%
ZİRƏ
%
İNTER
%
NEFTÇİ
%
AZAL
%
10662 səs