03/11/2017
15:42
1714
| A A A
Elxan Məmmədov: "Hazırda, bu təyinat üçün ən düzgün vaxtdır" - MÜSAHİBƏ

AFFA-nın baş katibi Elxan Məmmədov jurnalistlərin suallarını cavablandırıb.

Goal.az müsahibəni təqdim edir. 

- Qurban Qurbanovun milli komandanın baş məşqçisi vəzifəsinə təyinatı ilə bağlı nə düşünürsüz?

- Bütün futbol ictimaiyyəti bu təyinatı gözləyirdi, sürpriz olmadı. Müzakirələr zamanı Qurban müəllimdən etik cəhətdən otaqdan çıxmasını xahiş etdik. İcraiyyə Komitəsinin üzvləri öz fikirlərini sərbəst şəkildə bildirdilər. Daha sonra Qurban müəllimi otağa dəvət etdik və qərar elan olundu. Səsvermədə 100 faizlik nəticə əldə etdi. Bu çətin işdə ona uğurlar arzulayırıq. Uzunmüddətli layihə olacaq. 3 seçmə mərhələdə komandanın başında olacaq. Müqaviləsi dekabrda qüvvəyə minəcək. Paralel olaraq “Qarabağ”da da fəaliyyətini davam etdirəcək.

- Bu posta digər namizədlər də var idimi?

- Var idi, amma onlar müzakirə olunmurdu. Çünki biz ilk olaraq İcraiyyə Komitəsinin üzvlərinin fikirlərini eşitmək istəyirdik. Gördük ki, digər namizəd axtarmağa ehtiyac yoxdu.

- Təyinatdan əvvəl “Qarabağ” rəhbərliyi ilə danışığınız olmuşdumu?

- Bəli, olub. Onlardan müsbət cavab aldıq.

- 10 illik baş katibliyiniz dövründə ilk dəfə baş məşqçi yerli olacaq. Sizə elə gəlmir ki, bir qədər gec oldu?

- Robert Prosineçkinin təyinatından əvvəl də qeyd olunmuşdu ki, hələlik təcrübə qazanmaq daha yaxşıdı. Bugünkü gündən yaxşı təyinat müddəti ola bilməzdi. “Qarabağ” Madriddə “Atletiko” ilə heç-heçə etdikdən sonra heç kimdə şübhə qalmadı. Biz istəyirik ki, “Qarabağ”ın indiki nəticələrini də itirməyək. Baş məşqçidən soruşduq və bildirdi ki, buna müsbət baxır. Demokratik şəkildə müzakirə apardıq. Çünki iki yerdə işləmək yükünü o üzərinə götürür. Qurban müəllim bunu qəbul elədi. Əslində, sirr deyil ki, hazırda milli üzvlərindən 50 faizindən çoxu “Qarabağ”da oynayır. Üstəlik, Çempionlar Liqasında iştirak edirlər. Bu, sevindirici haldı. Çünki təcrübə toplayırlar. Bizim futbolumuzda bu çatışmırdı. Onlar güclə rəqiblərə qarşı oynayırlar. Mənim şəxsi fikrimdi ki, 3-4 il əvvəl bu təyinat gerçəkləşsəydi, bəlkə də, tez olardı. Çünki həmin vaxt baş məşqçi hələ təhsil alırdı. Son illərdə 2 PRO lisenziyalı kurslar keçirdik. Orda Qurban müəllim də iştirak etmişdi. İmtahanlardan sonra UEFA ilə müzakirə aparırıq. Əvvəl bunu deyə bilmirdim, indi isə açıqlaya bilərəm. Qurban müəllimlə birlikdə həmin kursda səhv etmirəmsə, 12 məşqçi oxuyurdu. Almaniyada təhsil sistemini yaradan şəxs mənə bildirdi ki, bu qrupdan 4 nəfər Azərbaycanı beynəlxalq səviyyədə təmsil edə bilər. Xüsusən də, Qurban müəllimi qeyd etdi. Vurğuladı ki, bu insan hər dərsdə yeni ideyalarla sual verdi. Baş katib olaraq mənim borcum idi ki, bu barədə AFFA rəhbərliyinə məruzə edim. Hazırda məncə, bu təyinat ən düzgün vaxtdı. Çünki Avropanın futbol ailəsi bu gün “Qarabağ”dan və Qurban Qurbanovdan danışır. Bakıdakı heç-heçə zamanı bəziləri bunu bəxtlə əlaqələndirmişdilər. Amma səfərdəki matç göstərdi ki, bu, bəxtlə əlaqəli deyil.

- Eyni anda iki komandada çalışmaq Qurban Qurbanov üçün çətin olmayacaq? Düşünmürsüz ki, gələcəkdə bütün gücünü yalnız bir komandaya cəmləsə, yaxşı olar?

- Əziyyəti o çəkəcək, yükü o daşıyacaq. Qurban müəllim elə insandı ki, nəsə çətinlik olsa, gəlib deyəcək. Təəssüf ki, bu gün çempionatımızda 16 komanda iştirak etmir, cəmi 8 komanda var. Bu isə maksimum 200 futbolçu deməkdi. Seçim çox azdı. Rövnəq müəllimin də qeyd etdiyi kimi, artıq baza komandamız olacaq. Bu da normal haldı. İrəlidə gedən ölkələrə baxanda görürük ki, əksər millilərin üzvləri bir klubda oynayırlar və uğurlu nəticə göstərirlər. İngiltərənin çox güclü çempionatı var. Amma futbolçular ayrı-ayrı klublardan dəvət olunduğu üçün yığmaları uğursuz çıxış edir. İspaniya və Almaniyada isə əksinədi. Türkiyədə yığmanın ən yaxşı dönəmində heyətin böyük hissəsi “Galatasaray” oyunçuları idi.

- Prosineçkinin məşqçilər korpusuna ayrılan maddi vəsait çox idi, yoxsa Qurban Qurbanovun?

- Bu, heç müzakirə olunmayıb. Maliyyə şərtləri ilə bağlı məsələni nə Qurban müəllim qaldırdı, nə də biz. İnanıram ki, bu, problemsiz həll olacaq.

- Qurban Qurbanov həm də Bernhard Lippertin funksiyasını yerinə yetirəcək?

- Bəli. İstəyirik ki, vahid sistemlə gedək, bir fəlsəfə olsun. Fəlsəfənin konsepsiyası hazırdı. İdman direktoru hazırlayıb, təyinatı gözləyirdik. Çünki hər məşqçinin taktiki olaraq öz fəlsəfəsi var. Konsepsiya bütün klublara göndəriləcək.

- Bu vaxta kimi Türkiyəli və digər millətdən olan futbolçuları milliləşdirsək də, heç bir xeyirləri dəyməyib. Buna son qoyulacaqmı?

- Baş məşqçidən asılıdı. Türkiyə yığmasına düşməyən futbolçular hazırda da bizə müraciət edir. Təbii ki, adlarını çəkən deyiləm. Bu məsələ indiyə qədər ancaq baş məşqçinin tövsiyəsi ilə yerinə yetirilib. Hansısa baş məşqçi deyə bilməz ki, rəhbərlikdən kimsə ona hər hansı bir futbolçunu yığmaya dəvət etməyi istəyib. Ramil Şeydayevlə danışıq aparanda da baş məşqçinin münasibətini öyrəndik.

- Renat Dadaşovun U-21 yığmamıza gəlmək istəməməsi doğrudumu?

- Onunla əlaqə saxlanılıb. Çünki baş məşqçi Samir Ələkbərov onu çağırmaq istəyirdi. Renatdan belə cavab gəldi ki, həmin anda ola bilər ki, “Ayntraxt”ın U-19 komandasında oynasın. Cavabı bu oldu. Təbii ki, biz klubunda oyunu yoxdusa, gəlib iştirak etməsini istərdik. Oynamasa, onunla ayrıca danışacağıq.

- Vahid sistemə keçid kütləvi islahatlara səbəb olacaqmı?

- Ola bilər ki, vahid sistemə uyğun olaraq hansısa milli komandanın futbolçusu digər klubda oynayırsa, orda məşqçi tamamilə ayrı yükləmə verir. Təbii ki, bununla bağlı dəyişiklik olacaq. Biz istəyirik ki, “Qarabağ” Çempionlar Liqasında builki oyunları bitirsin. Ümid edək ki, komanda çıxışını Avropa Liqasında davam etdirsin. Bundan sonra bütün məşqçilərlə görüş keçiriləcək və konsepsiyanı onlara təqdim edəcəyik. Müvafiq qərarlar qəbul olunacaq.

- Bəs administrativ dəyişikliklər gözlənilirmi?

- Administrativ heyətdə böyük dəyişiklik gözlənilmir. Hazırda millidə işləyən fizioterapevt “Qarabağ”da da eyni vəzifəni daşıyır. AFFA-nın baş həkimi yığma ilə birlikdə işləyir. Bütün klublarla sıx əlaqədədi. Əsas odu ki, hər kəs işini peşəkar səviyyədə görsün, maneçilik törətməsin. AÇ-2020-yə vəsiqə qazanmağı qarşımıza məqsəd qoymuşuqsa, hamı bir-birinə dəstək olmalıdı. Baş məşqçi köməkçilərini özü seçəcək. Aşağı yaş qruplarına da hansısa təyinatlar Qurban müəllimin tövsiyəsi ilə olacaq. Lippertin müqaviləsi 2019-cu ildə bitir. Ona hamı idman direktoru kimi baxır. Amma funksiyasına təhsil sistemi də daxildi. 2019-cu ilə qədər PRO lisenziyası UEFA-nın nəzartindədi. Amma həmin vaxt bunu bizə təhvil verəcəklər. Biz öz məşqçilərimizi də hazırlayırıq və bu da Lippertin vəzifələrindən biridi. PRO lisenziyasını Azərbaycana gətirməyə bizə Lippert kömək etdi. Qurban müəllim eyni sistemi bütün aşağı yaş qrupu yığmalarına da tətbiq etməlidi. İlin sonuna qədər onunla bütün məsələləri müzakirə edəcəyik. Qurban müəllimin gəlişindən sonra artıq tərcüməçiyə ehtiyac qalmayacaq. Buna baxmayaraq, çalışacağıq ki, AFFA-da qalsın, çünki, təcrübəli insandı. Demirəm ki, gələcəyin Mourinyosudu, ancaq təcrübəsi var. Adminstratorlar arasında Riad Rəfiyev də var. Bu barədə Qurban müəllimə məlumat verəcəyik və o öz fikrini bildirəcək. İdarə heyəti isə eyni qalacaq. Katiblik İcraiyyə Komitəsi tərəfindən təsdiqlənir və Rövnəq müəllim tərəfindən tövsiyə olunur. Baş katib katibliyini yığır və AFFA prezidenti başda olmaqla, İcraiyyə Komitəsinin üzvləri katibliyin işlərinə qarışıb, müvafiq qərar qəbul edə bilər.

Apasport

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
66306 səs