10/11/2017
22:00
1043
| A A A
"Problem ondadır ki, futzalımızda gənclər çox azdır" - MÜSAHİBƏ

Futzalının canlı əfsanəsi Ağatahir Əzimov Azərbaycan Futza Federasiyasının rəsmi “Facebook” səhifəsinə müsahibə verib. “FK.İD.Futsal” komandasının kapitan sarğısını daşıyan təcrübəli oyunçu ilə “Yasamal” üzərindəki qələbədən fikirlərini bölüşüb:

- Cari mövsümdə ilk dəfə bir komanda bir oyunda 10 qol vurdu. Bu rəqibin zəif çıxışından irəli gəlirdi, yoxsa hücum xətti üzərinə düşən işi layiqincə yerinə yetirdi?

- Rəqib zəif deyildi. Bu komanda bütün iştirakçılarla oynayıb. Sadəcə, “Xəmsə” ilə oyundan sonra komanda olaraq yığışdıq, söhbətləşdik. Həmin oyunda da qələbə qazanmalı idik, amma heç-heçə etdik. Bu dəfə məsuliyyətli yanaşdıq işimizə və nəticəsi ortadadır. “Xəmsə” ilə oyunda fikirləşirdik ki, asanlıqla qalib gələcəyik. Amma final fitindən sonra anladıq ki, zəif komanda yoxdur. Hazırkı çempionatda iştirakçıların səviyyəsi bir-birinə yaxındı. “Araz” hamıdan güclüdü, bu danılmazdı. Qalanları bir-biri ilə oynayacaq gücdədir.

- “Yasamal” 5-ci topu buraxdıqdan sonra sanki oyundan qopdu..

- İkinci hissədə ardıcıl qollar vurduqdan sonra onlar dayandı, bizdə isə oyun daha yaxşı alındı. Bu cür oyunların qırılma nöqtəsi həmin epizodlardır ki, gərək ardıcıl 2-3 top vurasan. Bunu edə bildinsə, rəqib yavaş-yavaş oyundan qopur.

- Debütant Yüksək Liqanın nəbzini tuta bilirmi?

- Yavaş-yavaş düzəlirik. Komanda üçün lazımi şərait yaradılıb. Rəhbərlik bütün ehtiyaclarımızı qarşılayır. Nə deyirik, dərhal yerinə yetirirlər. Hansısa problemin yaranmasını, qalmasını istəmirlər. Komanda yeni yığıldığından, uyğunlaşmaq üçün vaxt lazımdı. Birinci Liqada oynayan heyətdən cəmi 2-3 nəfər qalıb. Üstəlik, zədəli oyunçularımız da çoxdur.

- Sizin üçün I dövrə başa çatdı. Ümumi mənzərə necədir?

- Builki çempionat maraqlı keçir. Yeni komandaların gəlişi də rəqabəti artırıb. Ötən il Birinci Liqada təxminən 10-a yaxın komanda var idi ki, rəqabət aparırdılar. İndi həmin proses Yüksək Liqada gedir. “Araz” səviyyə baxımından hamıdan güclüdür. Qalan komandalar bir-birinə yaxındı. Misal üçün, “Xəmsə” bizdən xal alır, biz “Neftçi”ni uduruq.

- Komandanın təchizatı da göz oxşayır. Bəs məşq keçmək üçün lazımi şərait varmı?

- Rəhbərlik komandanın yaxşı çıxış etməsində maraqlıdır. Ona görə də hər cür şərait yaradılıb. Yalnız “Araz” bizi üstələyir. Digər komandaların heç birindən geri qalmırıq. Hər şeyimiz var, hər gün məşq keçirik, saunamız var.

- Bəs hədəfiniz nədir?

- Bu gün bizə çempion olun, demirlər. Əlbəttə, mükafatçılar sırasına düşə bilsək, lap yaxşı. Amma “3-lüy”ə düşməsək, bu, faciə olmayacaq. Əsas odur ki, klub olaraq formalaşaq. Bundan sonra nəticə tələb olunacaq.

- Tək-tük klublardansız ki, Birinci Liqada da təmsilçiniz var. Orada əsasən gənclər qərarlaşıb?

- Bəli, gənclərə şans verilir. Əbdülqəni Nurməmmədov adətən gənclərlə işləməyi sevir. İkinci komandanı da o, yığıb. Həmin gənclərdən biri – Eşqin Tağıyev bu oyunda bizə kömək etdi. Qapıçımız da ikinci komandadan dəvət olunub. Çünki əsas qolkiperimiz olan Ramil Həsənzadə zədəlidir.

- Məşqçiliyə başlamaq barədə necə, düşünürsən?

- Bu işə çoxdan hazıram. Gərək dəvət olsun. Bu gün bizdə uşaq məktəbləri yoxdu. Klublar indi-indi bu sahəyə diqqət ayırmaq istəyir.

- Bu illər ərzində parket üzərində yığdığın təcrübəni gənclərlə bölüşə bilirsənmi?

- Nə bilirəmsə, öyrətməyə çalışıram. Problem ondadır ki, futzalımızda gənclər yoxdu, çox azdı sayları. Bunun üçün məktəblər olmalıdır ki, gənclər ordan hazır gəlsinlər. Daha çox böyük futboldan kimlərisə dəvət edirik. U-17-nin heyəti də belə quruldu. Böyük futbolda oynayan gəncləri komandaya dəvət etdilər, nəticəsi isə acınacaqlı oldu. Heyətdə olanlardan yalnız qapıçı futzalda oynayır. Fuad Rzayev qısa vaxtda onlara nə öyrədə bilərdi ki?

- Bu işdə klublar daha çox maraqlı olmalı deyilmi?

- İnkişaf istəyiriksə, uşaq komandaları yaradılmalıdır. Əvəzedici komandalar formalaşdırılmalı, onların çempionatı keçirilməlidir. Əgər bu gün Rusiyanın U-17 komandası bizi 20:0 hesabı ilə udursa, deməli, fərq çox böyükdür. Onların məktəbləri çox güclü işləyir ki, ortaya bu mənzərə çıxır.

- Bəs veteranlarla necə, görüşüb, ötən günləri xatırlayırsınız?

- Hərdən görüşürük, yığışıb futzal oynayırıq.

Ən baxımlı liqa hansıdır?

İNGİLTƏRƏ P.L
%
İSPANİYA L.L
%
AZƏRBAYCAN P.L
%
TÜRKİYƏ S.L
%
ALMANİYA B.L
%
FRANSA L.1
%
İTALİYA A.S
%
RUSİYA P.L
%
66306 səs