01/01/2018
10:15
1334
| A A A
Təmkin Xəlilzadə: "Qəbələ"nin mənimlə maraqlandığını eşitmişdim" - MÜSAHİBƏ

"Qəbələ" klubunun yeni transferi Təmkin Xəlilzadənin müsahibəsi:

- İlin son günlərində klubunu dəyişdin. Necə oldu ki, bu transfer gerçəkləşdi?

- "Qəbələ" klubundan təklif gəldi. "Zirə" ilə müqaviləm daha 6 ay qüvvədə idi. Öz klubumun rəhbərliyi ilə oturub danışdıq. Sağ olsunlar, onlar da məni anlayışla qarşıladılar. İkitərəfli razılıq əsasında "Zirə" ilə müqaviləmə xitam verildi. Nəticədə "Qəbələ" ilə anlaşdım. Artıq irəli baxmaq lazımdır. Görək, bundan sonra necə olacaq.

- "Qəbələ" sənin transferin üçün "Zirə"yə heç bir məbləğ ödəmədi?

- Düzü, bunu bilmirəm. Yəqin ki, klublar arasında da danışıqlar olub. Özüm də "Zirə" rəhbərliyi ilə danışdım. Onlar da mənə maneçilik törətmədilər. "Qəbələ" ilə "Zirə" arasındakı danışıqların detallarından məlumatsızam.

- Hamı gözləyirdi ki, "Zirə"də qalacaqsan, komandanı dəyişsən belə, "Qarabağ"a keçəcəksən. Bu mənada düşünmürsən ki, "Qəbələ"yə keçidin sürpriz oldu?

- Düzü, bu, mənim üçün də gözlənilməz oldu. Açığı, mövsümün ilk yarısının gedişində - qış fasiləsindən iki ay əvvəl "Qəbələ"nin mənimlə maraqlandığına dair söz-söhbətlər qulağıma çatırdı. Amma ortada rəsmi bir şey yox idi. Rəsmi təklif qış fasiləsi zamanı gəldi. Daha dəqiqi, danışıqlar dekabrın 25-dən sonra başladı. Necə deyərlər, oturduq, dəyərləndirdik.

- "Zirə" və "Qəbələ" fərqli taktikalarla oynayır. Yeni klubunda özünü sol cinah müdafiəçisi, yoxsa eyni mövqedə yarımmüdafiəçi mövqeyində görürsən?

- Mənim üçün hər iki mövqe yad deyil. Həm müdafiədə, həm də yarımmüdafiədə oynadığımdan, bunların mənə problem yaradacağını düşünmürəm. Məncə, çətinliklə üzləşməyəcəyəm. "Qəbələ"nin də "Zirə"yə oxşar taktiki sxemlə oynadığı qarşılaşmalar olurdu. Üstəlik, rəqabətdən də qorxmuram. Biz futbolçuyuq. Kimlərlə rəqabət aparacağımızı gözəl bilirik. Mən oynayacağam deyə bir şey yoxdur. "Qəbələ"yə uğur qazanmaq üçün keçmişəm. Hədəflərim, düşüncələrim böyükdür. İnanıram ki, hər şey yaxşı olacaq və "Qəbələ"də böyük uğurlara imza atacağam.

- Səni "Qəbələ"yə buraxmaqla, "Zirə"nin zəifləyəcəyini düşünmürsən?

- Xeyr, heç vaxt belə fikirləşmərəm. Çünki "Zirə" deyəndə Təmkin yada düşmür, bu komanda təkcə məndən ibarət deyil. Orada yetərincə yaxşı oyunçular, legionerlər var. Yaxşı kollektivimiz var idi. Məncə, "Zirə" yenə öz oyununu ortaya qoyacaq. "Təmkin yoxdursa, "Zirə" də olmayacaq" kimi bir deyim yoxdur. Komandanı məndən başqa da tərk edənlər olub. Amma onların yerinə yeni oyunçular gələcək. Digər tərəfdən, artıq "Qəbələ"nin oyunçusu kimi danışsam, əsas rəqiblərimizdən biri kimi "Zirə"ni qeyd edərdim. Aramızda cəmi 1 xal fərq var. Bizi çox ağır mübarizə gözləyir.

- Maliyyə şərtlərində hansı dəyişikliklər var?

- Təbii ki, "Qəbələ" daha yaxşı şərtlər təklif edib. Amma məbləği açıqlaya bilmərəm.

- 2017-ci ili özün üçün necə dəyərləndirərdin?

- Karyeram baxımından, uğurlu dəyərləndirmək olar. Çünki "Zirə" ilə Avropa Liqasına vəsiqə qazandıq, avrokuboklarda debüt etdim. İlk dəfə milli komandaya çağırıldım və yığmada debüt etdim. Nəhayət, ilin son günlərində "Qəbələ" ilə müqavilə bağladım. (report)