22/02/2018
15:54
12886
| A A A
Asif Sayadov: "Məşhur aktyor Stiven Siqalın zəngini açanda çox təəccübləndim" - MÜSAHİBƏ

Azərbaycanda idmanın inkişafına paralel olaraq müxtəlif döyüş növlərində gənc ustalar yetişməkdədir. Bu ustalardan biri də Ving Çun-Kunqfu Döyüş Sənəti İdman Klubunun rəhbəri Asif Sayadovdur. 2011-ci ildə “Şərq döyüş növləri üzrə Respublikanın Əməkdar məşqçisi” fəxri adına layiq görülən usta Goal.az saytının suallarını cavablandırıb.

- Şərq döyüş növlərinə marağınız necə yarandı?

- 6-7 yaşımdan Brüs Linin filmlərini izləməyə başlamışam. Filmə baxandan sonra həyətə çıxıb Brüs Linin hərəkətlərini yamsılayırdım. Şərq döyüş növlərinə marağım belə yarandı. 8 yaşımda yaşadığım rayonda valideynlərim məni karate məktəbinə apardılar. Həmin illər ölkəmizdə digər döyüş sənətləri o qədər də geniş yayılmamışdı. Bir müddət karate ilə məşğul olduqdan sonra Qax rayonu Olimpiya idman məktəbində sərbəst güləş bölməsində idman fəaliyyətimi davam etdirməyə başladım.

- İlk dəfə zala ayaq basanda hansı hissləri keçirmişdiniz?

- O zaman 8 yaşım vardı. Çox sevinirdim. Eyni zamanda peşəkarlar arasında məşq etmək həyatımda yeni təcrübə olduğundan biraz da qorxu və həyəcan hiss edirdim. Amma təlim məşqlərində istedadım ortaya çıxdıqca bu mənə stimul verir və daha da həvəslə öyrənirdim.

- Uşaq və yeniyetməlik dövründə çətinlikər çox görmüsüz. Keçdiyiniz çətin günlər xatirinizdə necə qalıb?

- Düzü, ən çətin zamanlarım tələbəlik dövrünə, 1994-1999 illərə təsadüf edib. Hər gün o keçdiyim çətin günləri xatırlayıram. Həmin vaxtlar ölkəmiz də çətin dönəmini yaşayırdı. Yenicə müstəqillik əldə etmişdik. Müharıbə şəraitində yaşayırdıq. Təhsil və idmanda problemlər vardı, iqtisadi durğunluq hökm sürürdü. Valideynlərim rayonda, özüm isə Bakıda kirayədə qalırdım. Gecə saat 3-də çörək növbəsində durur, səhər dərsə və axşam isə məşqə gedirdim. Bəzən məşqdən evə gələndə yeməyə heç nə tapmırdım. Lakin 1 gün də məşqlərimdən qalmamışam. Hərdən tələbələrimə də həmin dövrün çətinliklərindən danışıram. Şükür Allaha, Azərbaycan indi hər sahədə inkişaf edir. Gənclər istədikləri zalda, idman ustasının yanında məşq edə bilir.

- İdmanla məşğul olmaq dərslərinizə mane olmurdu?

- Əksinə, orta məktəbdə yaxşı oxumuşam və universitetdə bacardığım qədər tədris materiallarını mənimsəməyə çalışmışam. Bilirsiz ki, zehni yüklənməni fiziki məşqlərlə aradan qaldırmaq daha effektlidir.

- Vin Çun döyüş sənətini Azərbaycana gətirməyinizdən danışardınız.

- İdman fəaliyyətimin əvvəlində Şaolin- Kung fu və Sanda ilə məşğul olurdum. 2007-08-ci illərdən sonra isə Vin Çun döyüş sənətinə daha çox maraq göstərməyə başladım. Bu döyüş sənəti üzrə Çin, Rusiya, Türkiyə, Almaniya, Portuqaliya və bir çox ölkələrdə böyük usta Samuel Kvok və başqa tanınmış ustalar tərəfindən keçirilən beynəlxalq seminarlarda və təlim məşqlərində iştirak etdim. 2008-ci ildə “Azərbaycan Vin Çun döyüş Sənəti İdman Klubu”nu təsis etdim. 2012- ci ildə Beynəlxalq İp Man Vin Çun Assosiasiyasına rəsmi üz olaraq, ölkəmizdə bu döyüş sənətinin səlahiyyətli nümayəndəsi təyin olundum. Beləliklə, o vaxtan başlayaraq ölkəmizdə bu döyüş sənətinin inkişafı və tədrisinə başladım. Həmin illər ölkəmizdə insanlar heç Vin Çun sözündən xəbərdar deyildi. Bu növün məşqlərinə 1 nəfərlə başladım. İndi yüzlərlə tələbəmiz var. Vin-Çunla maraqlananların sayı da gündən-günə artır. 2014-cü ildə isə Beynəlxalq Vin Çun Assosiasiyasının prezidenti Böyük Usta Samuel Kvokun özü Bakıda qonaq oldu və tələbələrimə 2 gün seminar keçdi.

- Dünyada tanınan başqa hansı döyüş ustaları ilə münasibətiniz var?

- Döyüşçü aktyor, məşhur Aykido ustası Stiven Siqalla əlaqəmiz yaranmağa başlayıb. Onunla bir neçə dəfə telefonla danışmışıq. Bu yaxınlarda Azərbaycanda Siqalın iştirakı ilə şərq döyüş növləri üzrə beynəlxalq seminar keçirməyi planlaşdırırıq. Bu seminarın Vin-Çun hissəsində Bakının məşhur məkanlarında çəkilişlərimiz gözlənilir. Stiven Siqal hazırda mənim də müəllimim olan Samuel Kvokdan Vin-Çun dərsləri alır.

- Məhz bu döyüş sənəti üzərində durmanıza səbəb nə oldu?

- İlk öncə bu döyüş sənətinin dərin fəlsəfəsi məni özünə cəlb etdi. Bu döyüş sənətinin nə qədər praktiki bir döyüş sənəti olduğunu gördükcə daha da marağım artdı. Hər zaman bir döyüşçü olaraq düşünür və analiz edirdim ki, elə bir sistem varmi ki, insan özünü onda həm fiziki, həm zehni və həm də mənəvi tamamlasın?. Bu suala cavabı Vin-Çunda tapdım. Vin-Çun elə böyük sistemdir ki, insanı fiziki və mənəvi baxımdan həyata hazırlayır. Universal və praktik döyüş sənəti olması özünəinamı artırır. Küçədə 20 nəfərin hücumuna məruz qalsan, əlbəttə, səni döyəcəklər. Amma Vin-Çunun mənəvi ruhu bu cür ekstremal hallarda belə duruşunu saxlamağa imkan verir.

Vin-Çun döyüş sənətinin tarixi əsrlər öncəyə aid olsa da, dünyada bu növə maraq əfsanəvi İp Man haqqında silsilə filmlərin çəkilməsindən sonra geniş vüsət aldı. Bu filmlər dərin dramatizmi, Şərq döyüşlərinə məxsus rəngarəngliyi sayəsində tamaşaçıları özünə cəlb etməyi bacardı. Brüs Li kimi şəxsiyyətin mənəvi zənginliyini artıran İp Man artıq çoxlarının kumirinə çevrilib. Müsahibimiz də Vin-Çunla maraqlanan insanların, hətta özünün də bu ekran işindən təsirləndiyini etiraf edir.

- Bu növlə maraqlanan insanların ən çox verdiyi sual nədir?

- Gənclər və yeniyetmələrdə Vin-Çuna həvəs Brüs Li və xüsusən İp Man haqqında çəkilən filmlərdən sonra yaranıb. Klubumuza müraciət edənlər daha çox Vin-Çunu hansı müddətə öyrənə biləcəkləri, nə zaman 5-6 nəfərə qarşı döyüşmək iqtidarında olacaqları barədə suallar verirlər. İp Man filmi o qədər gözəl çəkilib ki, orda döyüş texnikaları izləyicini dərhal cəlb edir. Amma onların çətin tərəflərini görə bilmirlər. Bu səbəbdən insanlarda elə təsəvvür yaranır ki, Vin Çun texnikalarını öyrənmək rahatdır. Düzdür, qısa müddətdə müəyyən dərəcəyə çatmaq mümkündür. Amma usta səviyyəsinə yetişmək 5-6 il vaxt tələb edir. Onu da qeyd edim ki, Vin-Çun qızların özünümüdafiəsi üçün ən etibarlı döyüş sənətidir. Onun əsasının çinli rahibə tərəfindən qoyulması təsadüfi deyil. Sürət və ağıla əsaslandığına görə qızlar Vin-Çunu rahat öyrənə və tətbiq edə bilərlər. Bizim klubumuzda qızların sayı da artmaqdadır. Bu, məni çox sevindirir. Müasir dövrdə qadınlara özünü müdafiə, bəlkə də, kişilərdən daha çox lazımdır.

- Vin Çun haqqında sənədli və bədii filmləri izləyənlərin əsas iradlarından biri budur ki, burda ayaq zərbələri yoxdur...

- Əslində ən təsirli ayaq zərbələri məhz bu növdədir. Sadəcə Vin-Çunda ayaq zərbələri real, küçə şəraitində döyüş üçün nəzərdə tutulur. Bel nahiyəsindən aşağı ayaqla zərbələr çox olduğundan, buna diqqət yetirmək asan deyil. Məsələn, aşağı ətraflara 5 zərbə, yoxsa başa 1 ayaq zərbəsi daha nəzərəçarpan olur? Əlbəttə, zərbə nə qədər yuxarı qalxırsa, diqqəti cəlb edir. Nəzərə alın ki, küçədə heç kim rahatı buraxıb çətinə qaçmır. Küçədə konflikt həmişə peşəkar döyüşçülər arasında düşmür ki. İnsan özünü müdafiə etmək üçün gücünə inandığı əldən istifadə edir. Küçədə əl hərəkətlərinə üstünlük verildiyindən Vin-Çun texnikalarına zərurət özünü göstərir. 

- Söhbət bu döyüş sənəti haqqındakı filmlərdən düşmüşkən, İp Man filmi sizdə hansı təəssüratları oyatmışdı?

- Bu filmə bir gündə 7-8 dəfə baxdığım vaxtlar olub. Ümumilikdə izləmə sayını artıq unutmuşam. Filmdə böyük usta İp Manın döyüş bacarığından çox onun daxili zənginliyi, əsl insanlığı və bir usta kimi də tələbələri ilə rəftarı məndə xoş təəssürat yaratmışdı.

- İp Man ekranizasiya işində baş qəhrəmanın karate və boksu təmsil edən idmançılarla döyüşlərini görürük. Siz necə, bu cür sparrinqlərdə qüvvənizi sınamaq istərdinizmi?

- Film çəkiləndə tamaşaçıları cəlb etmək məsələsi də nəzərə alınır. Hər döyüş filmində müəyyən qədər şou olur. İp Man haqqında ekran işində də həmçinin. Real həyatda özünə hörmət edən peşəkar döyüşçü, demək olar ki, yeri gəldi-gəlmədi dava etmir. Mən də bunun həvəsində olmamışam. Amma dünya çempionatına birgə hazırlaşdığım və kifayət qədər peşəkar idmançı dostlarım var ki, bəzən məşq zamanı onlarla döyüşdə qüvvəmi sınadığım hallar olur. Mən Vin-Çun, onlar da öz stillərində döyüşüb. İnandırım ki, bu döyüşlər 30 saniyədən çox çəkməyib. Çünki bu bir döyüş sənətidir, heç bir qayda yoxdur və insan bədənindəki həssas nöqtələrə zərbələrin sürətlə vurulması və eyni anda müdafiəsi bu döyüş sənətini fərqləndirən cəhətdir. Eyni zamanda Vin-Çun dərin fəlsəfədir, sanki bir dəryadır. Onu da deyim ki, pis idman növü yoxdur, pis döyüşçü var.Vin-Çunun digər növlərdən güclü və ya zəif olduğunu iddia etmirəm.


Asif Sayadov döyüşçü karyerası ərzində Kunq- fu və Sanda üzrə 3 qat dünya çempionu, dəfələrlə beynəlxalq turnirlərin qalibi olub. Onun yolunu tələbələri - Elşən Hacızadə, Arzuman Rəsulzadə, Urxan Orucov da davam etdirərək dünya və Avropa çempionatlarında Azərbaycan bayrağını dalğalandırıb. Sevindirici haldır ki, 40 yaşlı Asif müəllimin tələbələri də beynəlxalq arenada sözünü deyən tələbələr yetişdirib. Usta öz tələbələrini ailə üzvlərindən ayırmadığını deyir.

- Bir müəllim kimi tələbələrə qarşı sərt, yoxsa mülayim davranmağın tərəfdarısınız?

- Əlbəttə, təlim məşqlərində sərt və tələbkar olmasam nə nizam-intizam olar nədə ki inkişaf. Tələbələrim arasında tələbə, iş adamı, həkim və müxtəlif peşələrin nümayəndələri və hətta müxtəlif ölkələrin vətəndaşları da var. Bu cür insanlar sağlam həyat tərzi və özünümüdafiə məqsədilə idmanı seçib. Onlarla işləmək çox rahatdır. Bilirsiniz, Vin-Çun zəka və sürət üzərində qurulmuş sistemdir. Döyüş bacarığını yerli-yersiz başqaları üzərində sınaqdan keçirmək istəyənlər bura gəlmir. Onlara bizim aramızda yer də yoxdur. Bizim məşqlərə əsasən savadlı, intellektual səviyyəsi yüksək olan insanlar qatılır. Biz onlara başa salırıq ki, öyrəndikləri döyüş texnikalarını yalnız xeyirxah məramlara görə istifadə etsinlər. Çünki bəzi zərbələr öldürücü ola bilər. Öz gücünü zəif üzərində yoxlamaq yolverilməzdir. Tələbələrimə məsləhət görürəm ki, başqa döyüş növlərinin təmsilçiləri ilə konfliktə girməsinlər. O ki qaldı aramızdakı münasibətə, biz bir ailəyik. Vin-Çun ailəsi öz üzvlərinə həmişə kömək edir. Vin-Çunun qapıları yaşından asılı olmayaraq hər bir insana açıqdır. Yaş 50 olsun, 60 olsun, fərq etməz. Vin-Çun fəlsəfəsi həyat tərzini də formalaşdırır. Sadə və praktik olduğundan insanı fiziki baxımdan çox yükləmir. Əksinə yaşlı nəslin nümayəndələrində çeviklik, gümrahlıq və enerji yaradır.

- Azərbaycan gənclərinin fiziki hazırlığı sizi qane edir?

- Açığı, o qədər də yox. Ölkəmizdə kifayət qədər idman qurğuları, məşq zalları fəaliyyət göstərir. Düzdür, gənclərimiz idmana vaxt ayırmağa çalışır. Lakin əksər gənclərimizin fiziki hazırlığında müəyyən problemlər müşahidə edirəm. Bizimdə kluba yaxınlaşan gənclərimizdə bu çatışmazlıqları aradan qaldırmaq üçün onların üzərində işləyirik. Fiziki hazırlıq bizə gündəlik həyatda, hərbidə çox lazımdır. Tələbələrimizi, ilk növbədə bu aspektdən hazırlamağa çalışırıq.

- Vin-Çun İdman klubunun filialları varmı?

- Əhmədli, Ramana qəsəbəsi, Yasamal rayonu, Neftçilər və Elmlər akademiyası metro stansiyaları yaxınlığında filialımız var. Sumqayıtdan gələn müraciətləri nəzərə alaraq, orda da yeni zalımızı açmağa hazırlaşırıq.

-Azərbaycanda Vin Çun döyüş sənəti federasiyasının təsis olunması ilə bağlı nə kimi işlər görürsünüz?

- Qeyd etmək istəyirəm ki bu il klubumuzun yaranmasının 10 illi tamam olur. Bu illər ərzində inkişafımız və görülən işlər göz qabağındadır. Bu müddətdə az iş görməmişik. Artıq mətbuat, televiziya kanalları da Vin-Çuna maraq göstərir, bizim işlərimizi işıqlandırmağa çalışırlar. Artıq federasiyanın yaranmasına ehtiyac duyulur. Bu yaxınlarda Gənclər və İdman naziri cənab Azad Rəhimovla görüşümüz oldu. Federasiya təsis olunması ilə bağlı uzun söhbətimiz oldu. İnşallah, bu məsələ yaxın vaxtlarda öz həllini tapacaq.

- Brüs Linin belə bir sözü var: "Əgər sizi tənqid edirlərsə, demək, siz doğru yoldasız". Sizi tənqid edənlər çoxdur?

- Çalışıram işimdə nöqsanlara yol verməyim ki, tənqid də olmasın. Əsas məsələ sağlam tənqidin olmasıdır. Çirkab atmaq, yoldan saxlamağa naminə edilən tənqidləri mənim üçün qeyri-ciddi xarakter daşıyır.

- Gələcəklə bağlı hansı planlarınız var?

- Azərbaycanda Vin-Çun federasiyasının təsis olunması, klublarımızın sayını artırmaq əsas prioritetdir. Vin-Çunun praktik, özünümüdafiə üçün nə qədər effektli növ olduğunu gənclərimizə çatdırmaq istəyirik.Bu yolda mənimlə birgə zəhmət çəkən məşqçilərimizə və Klubumuzun vitse prezidentləri İlqar Mustafayev və Jalə xanım Əhmədovaya dərin minnətdarlığımı bildiriəm. Bu insanların əməyi danılmazdır.

Oxşar xəbərlər

Asif Sayadov: "Bu döyüş sənətini Azərbaycana mən gətirmişəm"

Vin Çun döyüş ustaları beynəlxalq seminardan Vətənə döndülər

Azərbaycanın Vin Çun idman klubu Dünya çempionatında 1-ci oldu

Ukraynada uğurla çıxış edən idmançılarımız vətənə qayıdıb