05/04/2018
20:09
4575
| A A A
Anar Nəzirov: "Ən yaxşı oyunumuzu sərgiləməliyik"

"Zirə" futbol komandasının qapıçısı Anar Nəzirov müsahibə verib. Goal.az onun müsahibəsini təqdim edir. 

- "Zirə" qış fasiləsindən sonra zəif çıxış edir. Komanda bu il qələbə qazana bilməyib. Bunu nə ilə əlaqələndirirsiniz?

- Futbolda hər şey ola bilər. III dövrədə istədiyimiz nəticəni əldə edə bilmirik. Halbuki, oyunlarımız yaxşı keçirdi. Qol epizodlarından istifadə edə bilmirik. Komandaya yeni cəlb olunan oyunçular da oldu. Onlar hələ də kollektivə uyğunlaşmayıblar, adaptasiyada bəzi problemlərlə üzləşirlər. Baş məşqçimizin taktikasına da uyğunlaşmaqda çətinlik çəkirlər. Bunların hamısının toplamında istədiyimiz nəticələrə nail ola bilmədik. Amma komanda ruhdan düşmür. Çox çalışırıq. "Qara zolaq"dan çıxmaq istəyirik.

- "Kəpəz"lə son matçda da qələbə qazana bilmədiniz...

- Elə oyunlarımız çox olub. "Sumqayıt" və "Keşlə" ilə matçlarda da eyni hal təkrarlandı. Bütün komponentlərdə rəqiblərdən üstün idik. Buna baxmayaraq, qələbə qazana bilmirik. Əlimizə düşən qol şanslarını boşa veririk. Bu, tək hücumçularla deyil, bütün komandada gedən proseslə bağlı haldır. Oyunlarda son nöqtəni qoya bilmirik. Ona görə istədiyimiz xallardan məhrum olduq.

- Komandada qolları ən çox hücumçular vurmalıdır. Amma onlar da qış fasiləsindən sonra fərqlənə bilmirlər. Bunun səbəbini nədə görürsünüz? 

- Bizim komandada da yaxşı hücumçular var. Birinci dövrə ilə müqayisədə heyətdə çox da dəyişiklik olmayıb. Həmin dövrədə yaxşı təsir bağışlayırdıq. İkinci dövrədə isə bəzi çətinliklərlə üzləşdik. Bu da futbolun içində olan hadisədir. Çalışıb, daha da yaxşı çıxış etmək istəyirik.

- Uzunmüddətli zədəyədək son çempionat oyununuzu 2017-ci ilin oktyabrında keçirmişdiniz. Bu il isə artıq 2 oyunda iştirak etmisiniz. Bu görüşlərdəki çıxışınızı necə dəyərləndirirsiniz?

- Düşünürəm ki, son 2 turda normal çıxış etdim. Öz üzərimdə də daim işləyirəm. Çalışıram ki, məşqçilərin verdiyi tapşırıqları yerinə yetirim. 5 ay futboldan kənarda qaldım, 3 dəfə əməliyyət olundum. Hələ ki, tam hazır olduğumu deyə bilmərəm. Əvvəlki duruma qayıtmaq çox çətindir. Bir neçə dəfə əməliyyat olunmuşam.

- Uyğunlaşma prosesini hələ keçməmisiniz?

- Mənim üçün çox çətin idi. Yavaş-yavaş uyğunlaşmağa çalışıram.

- Növbəti turda "Qəbələ" ilə qarşılaşacaqsınız. Bu oyun barədə nə deyə bilərsiniz?

- "Qəbələ" çox güclü komandadır. Bunu deməyə ehtiyac da yoxdur. Azərbaycandakı iki güclü komandadan biri "Qəbələ"dir. Onlara qarşı mübarizə aparacağıq. Xal və yaxud xallar qazanmaq üçün əlimizdən gələni etməliyik.

- "Qəbələ" ilə oyunda heç-heçəni sərfəli nəticə hesab edəcəksiniz?

- Bu qarşılaşmadan yaxşı nəticə ilə ayrılmaq istəyirik. Əsas məqsədimiz budur. Amma futbolda hər şey mümkündür. Yaxşı oynayanda da nəticə qazanmaya bilərik. "Kəpəz"lə matçda da belə oldu. Həmin oyunda çox yaxşı çıxış etdik. Amma qələbə qazana bilmədik. Bir oyuna da köklənmək düzgün deyil. Fikirləşə bilərik ki, qarşıdakı oyunda mütləq qələbə qazanmalıyıq. Xarakter də göstərərək, ən yaxşı oyunumuzu sərgiləməliyik.

- Nəzərə alaq ki, çempionatın bitməsinə 7 tur qalıb. "Zirə" avrokuboklardan da məhrum ola bilər...

- Bunların hamısını nəzərə almışıq. Komandada əhval-ruhiyyə yüksək səviyyədədir. "Qəbələ" bizimlə oyuna əlini-qolunu sallayıb gəlmir. Onlar da nəticə üçün oynayacaqlar. Bunu da nəzərə almalıyıq. 

Report

Mourinyo hansı klubu çalışdırsın?

REAL MADRID
%
MILAN
%
BAYERN MUNICH
%
INTER
%
357 səs