11/07/2018
15:35
2236
| A A A
"Messi ona qol vura bilməyibsə, biz vurarıq" - MÜSAHİBƏ

Qarabağ-ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Olimpiya"nın yeni transferi Matiç Çrniç Sloveniya mətbuatına geniş müsahibə verib. Goal.az xəbər verir ki, sloveniyalı yarımmüdafiəçi Ağdam klubu ilə bu gün keçiriləcək oyun barədə də danışıb.

- Bu gün sizi vacib oyun gözləyir. Çempionlar Liqasının seçmə mərhələsində mübarizəyə "Qarabağ"la oyunla start verəcəksiniz. Bundan əvvəl oynadığınız "Riyeka", "Maribor" və Domjale" kimi klublardan kifayət qədər avrokubok təcrübəniz var. Bugünkü qarşılaşmada şansları necə dəyərləndirirsiniz?

- Şanslar bərabərdir. Əslində biz maliyyə imkanlarımızı onlarınkı ilə müqayisə edə bilmərik. Amma futbolda nəticə bu nöqteyi-nəzərdən müəyyənləşmir. Kim ən yaxşı günündədirsə, kim daha çox enerji sərf edəcəksə, o da qalib gələcək. Bilirik ki, bu, cütlük arasında ilk oyundur. Bizim hələ Bakıda cavab matçımız da var. Ona görə də Lyüblyanada olduqca ağıllı oynamalıyıq.

- İslandiya millisi ilə dünya çempionatında iştirak edən qapıçı Hannes Halldorsson da "Qarabağ"la birlikdə Lyüblyanaya gəlib...

- Halldorssonun transferindən aydın olur ki, "Qarabağ"ın yüksək hədəfləri var və avrokuboklara ciddi yanaşır. Onların büdcəsi bu cür oyunçu almağa imkan verir. Messi ona qol vura bilməyibsə, biz vurarıq (gülür).

- "Olimpiya" ilə "Qarabağ" arasındakı oyun dünya çempionatının yarımfinal mərhələsinin Xorvatiya - İngiltərə matçı ilə eyni vaxtda başlayacaq. Bu, hər iki komandada çıxış edən xorvatiyalı futbolçular - Dina Ştiqleka və Filip Ozobiçə əlavə problem yaratmayacaq?

- Fikrimcə, oyunların eyni vaxtda keçirilməsi təəssüf doğurur. Eybi yox, oyundan sonra icmala baxarlar. Ya da finalı gözləyərlər (gülür).