12/11/2018
15:00
1419
| A A A
Əfran yenidən milliyə dəvəti haqda: "Çağırılacağımı gözləyirdim"

“Sumqayıt”ın yarımmüdafiəçisi Əfran İsmayılov Qol.az-a müsahibə verib.

Goal.az xəbər verir ki, müəyyən fasilədən sonra yenidən milliyə komandaya çağırılan təcrübəli futbolçu həm Qurban Qurbanovun dəvətindən, həm də dünən Topaz Premyer Liqasının 11-ci turunda “Keşlə” 1:4 hesablı məğlubiyyətdən danışıb.

- Qurban Qurbanovun UEFA Millətlər Liqasının Farer adaları və Kosovo ilə oyunlar üçün açıqladığı siyahıda sənin də adın var. Dəvət gözləyirdinmi?

- Hə, millinin siyahısına baxdım. Mənim də adım var. Təbii ki, sevindirici haldır. Hər bir futbolçu istəyər ki, milli komandada oynasın. Açığı, çağırılacağımı gözləyirdim. Elə bu cür də oldu. Komandaya xeyir vermək üçün əlimdən gələni edəcəyəm.

- Qarşıda milli komandamızı 2 çətin sınaq gözləyir. Əvvəlcə Bakıda Farer adaları, ardınca isə səfərdə Kosovo ilə qarşılaşacağıq. Həmin oyunlar haqda nə düşünürsən?

- Həqiqətən bizi 2 ağır görüş gözləyir. Hər ikisi finala bərabər oyunlardır. İlk matçımız evdə Farer adalarına qarşıdır. Həmin oyunda maksimum nəticə qazanmağa çalışacağıq ki, Kosovoya yüksək əhval-ruhiyyədə gedək. Qrupdan çıxmaq və xalqımızı sevindirmək üçün meydanda bacardığımız hər şeyin ən yaxşısını edəcəyik.

- Dünənə qayıdaq. Çempionatda “Keşlə”yə 1:4 hesabı ilə uduzdunuz. Bu məğlubiyyəti nə ilə izah edərdin?

- Futbolda belə məğlubiyyətlər olur. Amma doğrudan da gözlənilmədən böyük hesabla uduzduq. Kobud səhvlər buraxdıq. Artıq bu oyun geridə qaldı. Növbəti turda “Zirə” ilə oynayacağıq. Həmin matçı udmaq lazımdır. Milli komandanın düşərgəsinə gedirik. Ordan qayıdandan sonra yaxşı beyinlə çempinat oyunlarını düşünmək olar.

- Əvəzlənərkən Nazim Süleymanovun qərarına sərt reaksiya verdin...

- Hə, etirazımı bildirdim ki, oynamaq istəyirəm. Baş məşqçi (müsahibə Nazim Süleymanovun istefaya göndərilməsi ilə bağlı rəsmi qərar açıqlandıqdan əvvəl götürülüb – red.) isə yorğun olduğumu söylədi. Dedi ki, tam hazır deyilsən. Onu da başa düşdüm. Danışdıq, anlaşdıq. Amma halbuki, oynamaq istəyirdim.

- Baş məşqçi oyunsonrası mətbuat konfransında bu məsələyə toxunub və bildirib ki, futbolçu nə edir, özü bilər, mən belə şeyləri qəbul etmirəm. Buna münasibətini bilmək istərdim.

- Ola bilər, qəbul etməsin, başadüşüləndir. Yenə deyirəm, öz aramızda danışdıq, heç bir problem qalmadı.

- Mövsümə yaxşı başlasanız da, son turlardakı xal itkilərindən sonra 6-cı pilləyə kimi gerilədiniz. Bunun səbəbini nədə görürsən?

- Hər bir klubda eniş olur. Bu hal “Qəbələ”nin, “Keşlə”nin, “Zirə”nin də başına gəldi. Əsas odur, fasilədən maksimum yararlanaq. Məğlubiyyətlərdən nəticə çıxarmaq, tam başqa “Sumqayıt” olmaq və qarşıdakı turlara ciddi hazırlaşmaq lazımdır.