14/11/2018
12:00
3681
| A A A
Federasiya rəsmisi: "Öz şəxsiyyətimə böyük hörmətim var" - MÜSAHİBƏ

Azərbaycan Vinq Çun Federasiyasının 1-ci vitse-prezidenti Jalə Əhmədova Goal.az saytının suallarını cavablandırıb. Müsahibəni təqdim edirik. 

-Sizi daha yaxından tanımaq istərdik

- Əhmədova Jalə Fərhad qızı. Bakı şəhərində anadan olmuşam. Bakı Dövlət Universitetinin Hüquq fakultəsini bitirmişəm. Hal-hazırda hüquq mühafizə orqanında baş hüquqşünas vəzifəsində çalışıram. Vinq Çun döyüş sənəti federasiyasının təsisçilərindən biri və I- vitse prezidentiyəm. Ailəliyəm. İki övladım var. Hal-hazırda xaricdə Diplomatiya üzrə təhsil alırlar.

-Daha öncə hansı döyüş növləri ilə məşğul olmusuz?

- İdmanla həmişə sağlamlıq məqsədilə məşğul olmuşam. Düzü, Vunq Çuna qədər hər hansısa bir döyüş növündə özümü sınamamışdım. Ailəmizdə atamın döyüş sənətlərinə, xüsusilə də bu döyüş növünə böyük rəğbəti və marağı var. Gənc yaşlarında karate, aykido ilə məşqul olub və ölkə daxili turnirlərdə nəticə göstərib. Vinq Çuna marağı da məndə elə atam yaradıb. Sonra bu döyüş sənətini araşdırmağa başladım və Vinq Çunun fəlsəfəsinin mənim həyat prinsiplərimə uyğun gəldiyini gördüm. Adətən bizdə bir sıra hallarda valideynlər çalışır ki, övladlarını elə bir döyüş növünə yönləndirsinlər ki, orada beynəlxalq turnirlərə çıxsın, nəticə göstərsin, tanınsın, ad qazansın. Bu, təbii prosesdir. Lakin, Vinq Çun sırf rinq üçün, qazanc üçün nəzərdə tutulmayıb. 300 il bundan öncə Çində bu döyüş sənətini yalnız zadəganların ailələrinə tədris edirdilər və kənara çıxmasına icazə verilmirdi. Vinq Çunun fəlsəfəsi aqressiyanı deyil, səbrli, təmkinli olmağı, döyüşü döyüşmədən bitirməyi bacarmağı, qarşısındakını şikəst etməməyi, müdrikliyi, hücum etməyi deyil real gündəlik heyatda sırf özünü müdafiəni təbliğ edir. Bu döyüş sənətində məni cəlb edən məqamlardan biri də yaş və cins məhdudiyyətinin olmamasıdır. Bu maraqla Azərbaycanda Vinq Çunun tədris olunduğu məktəbi axtarmağa başladım. Axtarışlar məni 4 qat dünya çempionu, Respublikanın Əməkdar Məşqçisi, beynəlxalq dərəcəli idman ustası, beynəlxalq Vinq Çun assosiasiyasının ölkəmizdəki səlahiyyətli nümayəndəsi, “Dünya Döyüş Sənətləri Birliyi”nin Azərbaycan üzrə konsulu Asif Sayadovun məktəbinə gətirib çıxardı. İlk əvvəl zala gəldim və burda keçirilən Respublika turnirini tamaşaçı kimi izlədim. Həyatda hər bir işə çox peşəkarcasına yanaşdığım üçün Asif müəllimin şəxsiyyəti, peşəkarlığı, tələbələrə münasibəti çox xoşuma gəldi.

-Ailənizdə sizdən başqa döyüşlə məşğul olan varmı?

- Hal-hazırda bacımın oğlu Vinq Çunla məşğul olur. Övladlarımın da böyük həvəsi və marağı var bu döyüş sənətinə. Universitetə qəbul olmamışdan öncə Cido ilə məşğul olublar. Ümid edirəm vətənə qayıdandan sonra mənimlə birgə Vinq Çun ilə məşqul olacaqlar.

-Tələbə kimi ilk dəfə zala gələndə hansı hissləri yaşadınız?

- Düzü, xüsusi bir gözləntim yox idi. Nə dərəcədə qavraya biləcəyim maraqlandırırdı məni. Hər nə qədər deyilsədə ki, bu döyüş sənətinin sadə və effektli texnikaları var, hər insanda yiyələnə bilmir, qabiliyyət də olmalıdır. Təbii ki, tədris edənin peşəkarlığıda ilk növbədə vacibdir. Ustam Asif Sayadov həm öz şəxsiyyəti ilə, həm insanlığı ilə, zalda məşqçilərlə, tələbələrlə yaratdığı ailə abu havası ilə məndə bu zala və bu döyüş növünə daha da güclü həvəs yaratmağı bacardı. Və ustamın dediyinə görə yaxşıda alınır məndə (gülür).

-Vinq Çunu digər döyüş növlərindən fərqləndirən cəhətlər nədir?

-Bayaq qeyd etdim, demək olar kı, çoxunu. Əlavə olaraq da deyə bilərəm ki, burda aqressiya yoxdur. Vinq Çun döyüşü tez başa vurmağa üstünlük verir. Sadə texnikalardan istifadə etməklə qarşısında kı, insanı zərərləşdirə və ona təhlükəli zədə vurmaya bilirsən. Vinq Çunun ilk yaradıcılarından biri, yəgin ki bilirsiniz, qadındır. Bu da qadınlar üçün texnikaların asanlaşdırılması deməkdir. Çünki bir qadın beynini və gücünü nəzərə alıblar. Çox zaman qadınlar döyüş deyəndə biraz ehtiyat edirlər. Ağır çəki qaldırmaq, quruluşca kobudlaşmaq, ağır fiziki gərginlik deyə düşünürlər, Lakin Vinq Çunun ən boyük üstünlüyü də məhz bundadır ki, 70 yaşında insanda, 5 yaşında uşaqda, zərif bir qadında rahatlıqla bütün bu sadaladığım çətinliklər olmadan bu texnikalara yiyələnə bilir. Vinq Çunun döyüş sənəti dərin bir fəlsəfəyə malikdir, Vinq Çun tək döyüş sənəti deyil, o həm də bir həyat tərzidir! Bir insanda güclü şəxsiyyət, təmkin, ədalət və hər işdə peşəkarlığın olması önəmlidir diyə düşünürəm!

- Vinq Çunda bir neçə ustalıq dərəcəsi var. Siz burda nə qədər irəli getmək istəyirsiniz?

- Ustamın səviyyəsinə qədər irəliləmək məqsədim var. Düzdür, yarışlara çıxmaq fikrim yoxdur, lakin sağlamlıq, özünümüdafiə və həyat tərzi kimi Vinq Çunla daim məşğul olmağı düşünürəm.

-Döyüş sənəti öyrənmək digər işlərinizə mane olmur?

- Fikrimcə, insan istədiyi hər bir şeyə zaman tapır. İnsanlardan tez-tez “Vaxtım yoxdur” “ imkan tapa bilmirəm” kimi ifadələri eşidirik.Bunlar sadəcə bəhanədir. İşləri rejimə uyğun nizamlamaqla hər bir işə müəyyən qədər vaxt ayırmaq mümkündür deyə düşünürəm. Məsələn əvvəl həftədə 3 dəfə məşq edirdim, hazırda sıx qrafikim səbəbindən 1 dəfə məşqul oluram. Ən azından çalışıram ki, tamamilə uzaqlaşmayım.

-İyulda Azərbaycan Vinq Çun Federasiyası rəsmən fəaliyyətə başladı. Bu qurumda hansı vəzifəni icra edirsiniz?

- Federasiyanın təsisçilərindən biri və 1-ci vitse –prezidentiyəm. İdarə heyətinin üzvlərinin hər birinin üzərindəki bütün öhdəliklər birbaşa mənə də aiddir. Hər kəs hansısa istiqamətdə fəaliyyət göstərirsə, mən bütün istiqamətlər üzrə fəaliyyət göstərirəm və işlərin gedişinə nəzarət edirəm. Beynəlxalq əlaqələr qurmaq, Azərbaycan Vinq Çun döyüş sənəti federasiyasını həm ölkəmiz daxilində həmdə xaricdə ən yüksək səviyyədə tanıtmağa çalışıram. İlk öncə ölkə daxili məktəblərimizin sayını artırmağa çalışırıq. İstədiyim budur ki, necəki biz xarici ölkələrin ustalarının seminarlarına qatılırıq, onlardan öyrənirik, artıq Azərbaycan Respublikasının ustadlarından gəlib bizim öz vətənimizdə dərs alsınlar, öyrənsinlər. Hesab edirəm ki, tək Vinq Çunda deyil, həm də bir çox idman növləri üzrə Azərbaycanda yetərincə peşəkar və dünya çapında olan idmançılarımız, ustalarımız var. Qoy artıq dünya bizim ustalarımızdan seminar alsın. Bizim ustalarımız xaricdə seminarlar verməyə dəvət olunsunlar, onlar buna çoxdan layiqdirlər! Biz hələ klub çərçivəsində fəaliyyət göstərəndə belə hallar yaşanıb. Asif Sayadovu Türkiyə, Portuqaliya, Almaniya kimi ölkələrə seminar vermək üçün dəvət ediblər və o da layiqincə bunun öhdəsindən gəlib. Şəxsən mənim üçün qürur verici haldır bu. Tək Asif Sayadov deyil Respublikamızın hər hansı idman ustasının bu kimi nəaliyyətlərinə ürəkdən sevinirəm və fəxr edirəm. Federasiya rəsmisi olaraq, özüm üçün fərqli bir missiya da müəyyənləşdirmişəm. Bilirsiz ki, gəncləri düzgün yola yönəltməyin iki güclü yolu var, idman və təhsil. Idman sektorunda olduğum üçün bundan istifadə edib yeniyetmələrimizin, azyaşlılarımızın cəmiyyətə, vətənə yararlı şəxsiyyət kimi yetişməsinə çalışıram. Hər fərdin formalaşmasında ilk növbədə ailə və yaşadığı mühit, çevrə rol oynayır. Biz də valideyinlərə dəstək olmaqla onlara həyatın yaxşı tərəfini, düzgün tərəfini göstərməyə çalışırıq. Tələbələrimizə vətənpərvərlik, torpağa sevginin mahiyyətini, insanlığa, düzgünlüyə dəyər verməyi, hər birinin bir vətəndaş olaraq dövlətimizin onlar üçün yaratdığı şərəitin müqabilində vətəndaşlıq borclarının olduğunu, onları layiqincə yerinə yetirilməsini aşılamağa çalışıram. İnanın səmimiyyətimə ki, söz xətrinə demirəm, əməldə bunu edirəm. Məni kifayət qədər tanıyan insanlar nə qədər vətənini sevən, xalqını sevən, kökünə bağlı bir insan olduğumu bilirlər. Düşünürəm ki, hər şeyi hökümətimizdən gözləmək olmaz. Dövlət rəhbərlərinin kifayət qədər daha mühüm işləri var. Hər bir Azərbaycan respublikasının vətəndaşı gücü yetən sahədə yeni nəslə dəstək olmalıdır, düzgün yol göstərməlidir. Bir dövləti çökdürmək üçün onun gənclərini pis vərdişlərlə məhv etmək kifayətdir. Bizdə çalışırıq ki, gənc nəsli neqativlərdən, düzgün olmayan yönlərdən uzaqlaşdıraq. 100 nəfərdən 60-nı düzgün yola yönəltsək, az iş görmüş sayılmarıq.

-Gənc nəslin indiki həyat tərzi sizi qane edirmi?

- Əslində, müəyyən çatişmamazlıqlar var. Müasirləşmək daim inkişaf etmək çox yaxşıdır və mütləqdir. Lakin soykökə bağlılıq, adət-ənənələrimizi itirməmək şərtilə. Mən dünyanın bir sıra ölkərində olmuşam. Bizdə olan böyüklərə, qadınlara hörmət, ailəyə bağlılığı oralarda görməmişəm. Bunları hələ də qoruyub saxlaya bilmək bizim xoşbəxliyimizdir. Xaricdən gələn qonaqlar da adətlərimizi, Azərbaycan ailəsində valideynlərin övladlarına və övladlarının valideynlərinə olan munasibəti, həyat yoldaşlarının bir birinə olan hormətini, ailə dəyərlərinin olmasını, böyük kiçik yerinin bilinməsini çox bəyənirlər. Müassir dövürdə qadınlarımıza çalışmaları üçün gözəl şəraitlər yaradılıb, istənilən işdə çalışır, fəaliyyətlə məşğul olurlar. Gələcəyin anası olaraq, övlad, vətəndaş yetişdirmək üçün, düşünürəm ki, qadınlarımız mutləq şəkildə təhsilli olmalı, geniş dünya görüşünə malik olmalıdırlar. Lakin ailə, övlad, həyat yoldaşı birinci növbədə önəmli olmalıdır. Bu, subyektiv fikrimdir. Mən zalda tələbələrimizə verdiyim seminarlarda çalışıram qizlarımıza ailə məhfumunun, əxlaq normalarının ən öndə olmasını aşılayım. Qızların tərbiyəsi düzgün olmalıdır ki, gələcəkdə cəmiyyətə lazımi vətəndaş yetişdirə bilsinlər. Təbii ki, tək qızlara aid deyil bu kimi şeylər, oğlanlarımız da üzərlərinə düşən məsuliyyəti həm ailə başçısı kimi həm də vətən oğlu kimi dərk etməlidirlər. İstərdim gənclərimiz təhsilə də xüsusi önəm versinlər və bu yöndə də əlimdən gələni edirəm. Yaxşı olardı sosial şəbəkə və internetdən faydalı işlər üçün istifadə edilsin. Azərbaycan xalqı çox bacarıqlı, istənilən sahədə uğur qazana bilən bir xalqdır.

-Azərbaycanın Qərb ölkələrindən üstünlüyünü qabartdınız. Bəs onlar bizi nədə qabaqlayır?

- Bizim xalqımızda dövlətimizdə hər bir şey var (gülür). Əskikliyimiz yoxdur deyə düşünürəm. Tarix də göstərir ki, Avropaya mədəniyyət Şərqdən inteqrasiya olunub.

-Ölkəmizdə Vinq Çun federasiyasının təsis olunmasına qədərki dövrü necə xarakterizə edərdiniz?

- Asif Sayadov 10 ildən çoxdur ki, Vinq Çunu Azərbaycanda tədris və təbliğ edir. Zalda hər zaman yetərincə tələbəsidə olub. Özü də bir fərd olaraq reklamdan, gözə çox giməkdən uzaq olan bir tipajdır. Asif müəllim gördüyü işi necə görürdüsə, indidə eləcə görməyə davam edir: səssiz, qalmaqalsız, vicdanla. Federasiyanın təsis olunması sadəcə bəzi işləri görməkdə bizə daha geniş imkanlar açdı. Klub olaraq müəyyən miqyaslı işlər var ki, onları görməy ixtiyarında deyildik. Federasiya kimi dünya arenasına çıxa və beynəlxalq əlaqələr qura bilirik, beynəlxaq yarışları öz vətənimizdə təşkil edə bilirik və bu kimi başqa işləri görməyimizə səlahiyyət verir federasiya statusu. Fikrimin təsdiqi kimi, federasiya nümayəndələrinin ötən ay Moskvada keçirilən beynəlxalq seminarda iştirakını qeyd edərdim. Məşhur ustalarda etiraf edir ki, orda təmsil olunan 35 ölkə arasında ən maraqlı və dəqiq texnikalar məhz Azərbaycan Vinq Çun federasiyasının nümayəndə heyətinə məxsusdur. Bunu sözdə demirəm, video çəkilişlərdə bu dediyim sözlərin təsdiqi var. Yəni verilən qiymətləri ustaların öz dillərindən eşitmək olar. Seminarda dünya döyüşünün əfsanəsi Qrandmaster Stiven Siqal Asif Sayadovun ustalığına heyranlığını dəfələrlə dilə gətirib. İnşallah, 24-26 noyabr tarixlərində Qrandmaster Samuel Kvokun iştirakı ilə anoloji seminarı Bakıda da təşkil etməyi planlaşdırırıq.

-Samuel Kvokun Azərbaycana gəlişi haqqında məlumat verdiniz. Başqa hansı döyüş əfsanələri ilə əməkdaşlıq etməyi düçünürsüz?

-Bu istiqamətdə planlarımız çoxdur. Federasiyamız bir neçə aydır fəaliyyətə başlayıb. İndidən çox böyük vədlər vermək istəmirik. Amma bu istiqamətdə və bir çox istiqamətlərdə işlərlə məşqul oluruq, gələcəkdə özünüzdə görəcəksiniz. Hazırda əsas məqsədimiz məktəblərimizin sayını artırmaq, Vinq Çunu ölkə daxilində yetərincə və düzgün tanıtmaq, təbliğ etməkdir. Bu döyüş sənətinin təməlini möhkəmləndirmək prioritet məsələmizdir. Yaxın vaxtlarda gənclər birliklərinə Vinq Çun üzrə seminarlar keçməyi planlaşdırmışıq və bu istiqamətdə artıq danışılıb həll olunub müəyyən işlər. Xüsusən xanımları bu növə yönəltmək istəyimiz var.

-Sözügedən seminarları Azərbaycanın hansı bölgələrində təşkil etmək fikriniz var?

- Lənkəran, Mingəçevir, Qax, Zaqatala, Quba, Qusarda seminar keçirməyi planlaşdırmışıq. Eyni zamanda Bakı şəhərinin müxtəlif yerlərində də oxşar tədbirlər baş tutacaq.

-Vinq Çunun məhşurlaşmasında, şübhəsiz, Brüs Linin müəllimi İp Manın həyatından bahs edən bədii filmlər böyük rol oynayıb. Bu filmlərdə ən çox nəyi bəyənirsiz?

- Adətən əksər insanlar İp Man filmini izləyəndən sonra Vin Çunla maraqlanmağa başlayırsa, məndə tam tərsi olub. Artıq Vinq Çun haqqında məlumatım olandan sonra həmin filmlərə baxmışam. Filmdə İp Manı canlandıran aktyora (red. Donni Yen) böyük rəğbətim var. Onun təmkinli, müdrik davranışları, tələbələri ilə münasibəti, onlara göstərdiyi bir növ ata qaygısı təqdirəlayiqdir. Ən çox bəyəndiyim nüanslardan biri də filmdə həyat yoldaşının ona bütün çətinliklərində dəstək durmasıdır.

-İdeal döyüşçü obrazı deyəndə təsəvvürünüzdə kim canlanır?

- Azərbaycan Respublikasının kifayət qədər ideal döyüşçüləri var. Lakin mənim üçün ideal döyüşçü, təbii ki, öz ustam Asif Sayadovdur. Öz şəxsiyyətimə böyük hörmətim olduğu üçün ümumiyyətlə şəxsiyyətini həmişə qoruyan insanlara hörmətim sonsuzdur. Asif Sayadovu özümə ideal müəllim seçməyimin səbəbi təbii ki onun usta kimi peşəkarlığıdır. Lakin bundan da önəmli olan səbəb isə onun şəxsiyyətinə həm özümün həm ailəmin həmdə onun ətrafına toplaşan hər kəsin ona bəslədiyi böyük hörmətidir.

-Bəs dünya çapında tanınmış hansı məşhurla görüşmək istərdiniz?

- Çox istərdim Ceki Çanla görüşüm. Aktyor və döyüşçü kimi məharəti bir kənara, olduqca pozitiv, yaxşı bir insan təsiri bağışlayır.

Mourinyo hansı klubu çalışdırsın?

REAL MADRID
%
MILAN
%
BAYERN MUNICH
%
INTER
%
11 səs