02/12/2018
14:53
1294
| A A A
"Gələn dəfə bizi dayandırmaq üçün 3 qırmızı vərəqə verməlidirlər" - Dabo

"Yaxşı qələbə oldu, komanda meydanda əla iş gördü. Hər kəs öz komanda yoldaşına görə meydanda döyüşməyə hazır idi və bunu edirdi".

Goal.az xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Baqali Dabo səfərdə "Sabah"a 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XIII tur matçından sonra jurnalistlərə açıqlamasında deyib. Fransalı hücumçu 83-cü dəqiqədə ikinci sarı vərəqəni alaraq, meydandan qovulduğu epizoddan da danışıb:

- Gözünüzün birinə qan gəlib. Matç zamanı baş verib, yoxsa qarşılaşmadan əvvəl belə idi?

- Bu, oyunda baş vermədi. Bundan əvvəlki turda olub. Yaxşılığa dorğu gedir.

- Qırmızı vərəqə aldığınız epizoda etiraz edirdiniz. O epizodda hakimi aldatmağa cəhd etmişdiniz, yoxsa həqiqətən də müdaxilə olmuşdu?

- Deyə bilmərəm ki, penalti var idi, yoxsa yox. Ancaq 100 faiz əminliklə deyə bilərəm ki, orada simuliyasiyadan söhbət gedə bilməz. İlk sarı vərəqəni alandan sonra oyun ərzində hiss edirdim ki, baş hakim Rəhim Həsənov mənə qırmızı vərəqə vermək istəyir.

- Bunu hiss edirdinizsə, niyə baş məşqçiyə demədiniz ki, sizi əvəzləsin?

- Elə davranırdım ki, ikinci sarı vərəqəni almayım. Orada simuliyasiya etmədim. Qərar doğru deyildi.

- Qırmızı vərəqə aldıqdan sonra gah su içdiniz, gah da hakimi ironiya ilə alqışladınız və meydanı tərk etmək istəmədiniz. Səhv hərəkət etdiyinizi düşünmürsünüz?

- Deməzdim ki, səhv etmişəm, bunu bilərəkdən etdim. Azarkeşlərimizi də salamladım. Onlara dəstək üçün təşəkkür etdim. Bu, səhv addım deyildi. Qırmızı vərəqədən sonra nə desən edə bilərdim. Onsuz da qovulmuşdum.

- Final fitindən sonra olduqca çılğın şəkildə meydana qaçıb qələbəni qeyd etdiniz. Bu, hakimin qərarlarına görə idi?

- Çox yaxşı oynamışdıq. Üstəlik, iki qırmızı vərəqə almağımıza baxmayaraq, qələbə qazandıq. Belə qələbələr emosiyalara səbəb olur. Bizim üçün heç də asan olmadı. Qalib gəlmək üçün hər şey etdik. Göstərdik ki, bizə nə qədər qırmızı vərəqələr versələr də, qələbə qazana bilərik. Yəqin ki, gələn dəfə bizi dayandırmaq üçün 3 qırmızı vərəqə verməlidirlər.