08/05/2019
15:57
5860
| A A A
Mahir Şükürov: "Bahalı maşın idmançılarda olmalıdır, çünki onlar əziyyət çəkirlər" - müsahibə

Azərbaycan milli komandasının sabiq futbolçusu Mahir Şükürovun AutoCity.az saytına müsahibəsi verib.

Goal.az həmin müsahibəni təqdim edir:

- Maşınlara həvəsiniz nə vaxtdan başlayıb?

- Maşınlara həvəsim uşaqlıqdan olub. Uşaq yaşlarından oyuncaq maşınlarla oynayırsan. Böyüyəndə isə insan istəyir ki, əziyyət çəkib istədiyi maşını alsın.

- İlk maşınınız hansı olub?

- Birinci maşınım hələ yeni çıxdığı vaxt tülkügöz" "QAZ 31" olub. Həmin vaxt Sumqayıtın "Gənclərbirliyi" komandasında çıxış edirdim. Sonra Türkiyə "Antalyaspor"unda çıxış etdiyim vaxt yeni "çeşka" aldım. Oradan gəldikdən sonra yeni çıxan 4,8 motorlu "BMW X5" aldım. "Qəbələ"də çıxış edəndə Dubaydan "Mersedes Benz S Class" gətirmişdim. Onu internetdə də paylaşmışdılar. 50 CB 500 nömrəli idi. Sonra "Neftçi"də oynayanda M-paket BMW aldım. Həmin maşın hələ də durur. Sonra da indiki maşınım "Mersedes Benz Gelandewagen"dir, onu da mənə futbolçu karyeramı başa vurduqdan sonra yaxşı qardaşlar hədiyyə ediblər. Almaniyanın Köln şəhərində qohumumuz var, bu maşını o məsləhət gördü. Yaxşı qiymətə düşmüşdü. Sürə-sürə gətirib çatdırdılar. 

- Maşın nömrələrinə xüsusi marağınız varmı?

- Hansı nömrə olursa-olsun. Mənim üçün heç vaxt fərq etməyib. Bunu vacib məsələ saymıram. Əsas maşındır, nömrəsi isə o qədər də önəmli deyil. Əsas odur ki, maşın olsun, işimin arxasınca gedim. Nömrə mənim üçün vacib deyil. Elə ara nömrəsi olsa da, yetər. 

- Maşın seçərkən əsasən, nəyə üstünlük verirsiniz?

- Mən əsasən BMW və "Mercedes Benz"i bəyənirəm. Almanların iki maşını var da. Deyiblər ki, "Mercedes" hər yer üçün, BMW özümüz üçün. "Mercedes" rahatdır, BMW isə əsasən idman üslubundadır, manevr etmə qabiliyyəti yaxşıdır. Həm də bu markalar Almaniyanındır deyə, keyfiyyətləri də yaxşıdır.

- Hazırda neçə maşınınız var?

- Özümün 2 maşınım var: BMW və "Gelandewagen". Dağa, səyahətə gedəndə əsasən "Gelandewagen" yaxşıdır. BMW isə şəhər içində rahatdır. Həm də BMW-də olan rahatlığı "Gelandewagen"də tapmaq olmur. Ona görə də bölürəm. 3 gün birini, 2 gün digərini sürürəm. Bəzən olur ki, heç birini sürmürəm. Hətta taksi və avtobusdan da istifadə edirəm. Camaat içində oluram (gülür). Olur ki, evdən çıxıb anamgilə, qardaşımgilə avtobusla gedirəm. Piyada gəzməyi də sevirəm. 

- Ən bahalı maşınınızı hansı klubda çıxış edəndə almısınız?

- Əvvəl "Qəbələ", sonra isə "Neftçi"də çıxış edəndə almışam.

- "Qəbələ"də çıxış etdiyiniz vaxt deyirdilər ki, Azərbaycanda ən bahalı maşın sizdədir...

- Bəli, bayaq danışdığımız "Mercedes S Class"ı deyirlər. Həmin maşının qiyməti 180 - 200 minə qədər idi. Daha sonra M-paket BMW-ni 150 minə almışdım. 

- Sizcə, Azərbaycanda ən bahalı maşın kimdədir?

- Dəqiq bilmirəm, yalan deyərəm. Bilirsiniz, bahalı maşın idmançılarda olmalıdır da... Çünki idmançılar əziyyət çəkirlər. Dünyanın hər yerində idmançılar bahalı maşın sürürlər. 

- Elə isə Azərbaycanda da idmançılar o cür bahalı maşın sürürlər?

- Nə bilim, vallah. Bunu özünüz yaxşı bilərsiniz. Çünki kimin hansı qiymətdə olan maşın sürdüyünü siz görürsünüz.

- Məsələn, Kriştiano Ronaldo yenicə 11 milyona maşın alıb… 

- Arzu edərdim ki, 100 milyonluğunu da alsın. İmkanı varsa, niyə də yox?! Mənim də pulum olsa, alaram. İnsan nə üçün yaşayır? Bir də gördün kimsə deyir ki, neynirsən o maşını, get ev al. Bilirsiniz, əziyyətinin qarşılığında istəyirsən ki, maşın alıb sürəsən. Necə sürməyəsən axı... 5 günlük dünyadır. İnsan bu gün var, sabah yox. Ona görə də imkanın varsa, bahalısını alıb sürə bilərsən. Amma maşını ağılla idarə etməlisən. Həm gələcəyini qur, həm də sür. 

- Amma Bakıda elə avtomobil idarə edən adamlar var ki, onlar bahalı maşın idarə edəndən sonra insanlara yuxardan aşağı baxırlar, qəza törədirlər...

- Bax, onun axırı odur da... Ataların məsəli var: "Ağac bar verəndə başını aşağı əyər". İnsan da belə olmalıdır. Yekəxanalıq nəyə lazımdır ki?! Bu həyatda Allah insanı yaradır ki, sakit həyat yaşasın, bir tikə çörəyini yesin və işinə davam etsin. Yekəxanalığın sonu yoxdur. Yəni, elə insanlar çox getmir, sonu elə də yaxşı olmur.

- Maşınla ən uzun getdiyiniz yol və ən yüksək sürətiniz nə qədər olub?

- "Anji"də çıxış etdiyim vaxtda özümə təzə "VAZ 2107" almışdım, Mahaçqala nömrəsi ilə. O, maşınla bazaya gedib qayıdırdım. Ən yüksək sürətim 120 - 130 km/saat olub. O qədər də sürətlə sürməyi sevmirəm. Almaniyadakı kimi limitsiz avtoban yol olsa, daha böyük sürətlə sürərəm. Düşünürəm ki, bizim yollarda sürət limiti də aşağıdır. 

- Yüksək sürətlə sürməyi heç yoxlamamısınız?

- Xeyr, qorxuram. Özümdən asılı deyil (gülür). 

- Deyəsən, Rail Məlikovun "305 km/saat sürətlə maşın sürmüşəm" açıqlamasını oxuyub özünüz üçün dərs çıxarmısınız...

- 305 km/saat sürətlə maşın sürmək real deyil. Rail o sürətlə harda sürüb axı... Elə yolumuz da yoxdur. Əgər sürübsə, ona halaldır. Şəxsən mən "Formula 1"ə baxanda görürəm ki, onların sürdüyü sürətlə maşın idarə edə bilmərəm. Onun üçün səbr, hövsələ və ürək lazımdır. 

- Yeri gəlmişkən, "Formula 1" üzrə Azərbaycan Qran-prisini izlədiniz?

- Yarışı izlədim. İnsana xoş gəlir ki, Azərbaycanda belə şərait yaradıblar.

- "Formula 1"də hansı pilotları tanıyırsınız?

- Fernando Alonsonu tanıyıram. Səhv etmirəmsə, o, Bakıya da gəlmişdi. Bu dəfə qalib gələn sürücünü tanımırdım. İlk 2 yeri "Mercedes" pilotlarının tutduğunu gördüm. Amma açığı, adları yadımda qalmayıb. Əvvəlki sürücülərdən isə Mixael Şumaxeri tanıyıram.

- Hazırda "Formula 1"də "Ferrari" və "Mercedes"in mübarizəsi gedir. Heç "Ferrari"yə marağınız olub?

- Əlbəttə, olub. Amma daha çox "Lamborghini"ni bəyənirəm. O, daha vahiməli görünür. Ona görə də ən çox ondan xoşum gəlir. Bu gün Bakıda hər cür maşın var. Zəhməti ilə pul qazanan hər kəs istədiyi maşını alıb sürə bilər.

- Maşınla bağlı indiyədək başınıza gələn hansısa əhvalat olub?

- Bir dəfə axşam vaxtı taksi ilə Mahacqalaya gedirdik. Qusara çatanda gördük ki, qar yağır. Yol sürüşkən idi. Sürücü dedi ki, idarə edəcəyəm, narahat olmayın. Mən qabaqda oturmuşdum, arxada da iki dostum. Sürücü birdən əyləci basdı, maşın sürüşdü. Gördüm ki, maşın üzüaşağı gedir. Qapını açıb özümü yerə atdım. Maşın sürüşüb dərəyə düşməyə az qalmış dayandı. Maşındakıların rəngi qaçmışdı. Səhər oyananda gördüm ki, bədənimin sağ tərəfi göyərib. Klubda da deyə bilmədim ki, özümü maşından atmışam. Həmin gün bizi Allah saxladı. Bir dəfə də yenə Mahacqalaya gedirdim. Səhərə yaxın - 4-5 arası idi. Bu dəfə maşını özüm idarə edirdim. Məni ani yuxu tutdu. Yaxşı ki, yanımda olan məni oyatdı, az qala "KamAZ"la toqquşacaqdım.

- Sürücüdə maşını yaxşı idarə etmək üçün əsas hansı keyfiyyətlər olmalıdır?

- Sürücü əvvəlcə səbrli olmalıdır. İkincisi, məsafə saxlamağı bilməli və manevr etmə qabiliyyəti yaxşı olmalıdır.

- Bundan sonra neçə avtomobil almaq fikriniz var?

- Açığı, maşına o qədər də həvəsim qalmayıb, yorulmuşam. Məndən olsa, bir dənə "Mersedes Viano" alıb sürücü tutaram, o da məni gedəcəyim  yerə aparıb gətirər. Ən yaxşısı budur. Bir qədər yaşlaşandan sonra elə maşına keçmək olar. 

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
36282 səs