22/06/2019
14:52
2520
| A A A
"Bakı Saloniki şəhərinə bənzəyir" - Platellas

"Neftçi”nin futbolçusu Vanqelis Platellas klubun rəsmi saytına müsahibə verib.

 

"Report" xəbər verir ki, Bakıda keçirdiyi yarım ili və təlim-məşq toplanışını dəyərləndirən yunanıstanlı yarımmüdafiəçisi azarkeşlərin də dəstəyilə məqsədə çatacaqlarını deyib.

- Artıq yarım ildir "Neftçi”nin şərəfini qoruyursan. Təəssüratların necədir?

- İlk dəfə Azərbaycana gələndə nə ölkəni tanıyırdım, nə dostlarım var idi, nə də dili yaxşı bilirdim. Buna görə də əvvəllər bir az çətinliyim oldu, amma komanda yoldaşlarımın, klubda çalışanların sayəsində tez uyğunlaşa bildim. Artıq bir-birimizi həm meydanda, həm də meydandan kənarda çox yaxşı başa düşürük. Bu da gözəl kollektivimizin olmasından xəbər verir. Bu amillərin hamısı mənim komandaya, çempionata, ölkəyə adaptasiya olmağıma çox kömək etdi. Bura gəlməzdən əvvəl Azərbaycanı, paytaxtı bu cür təsəvvür etmirdim. Amma gəlib görəndən sonra deyə bilərəm ki, Bakı çox gözəl şəhərdir. Qonaqpərvər millətiniz var. İnsanlar çox gülərüzdülər. Hara gedirəmsə, çox xoş qarşılanıram. Bu da məni çox sevindirir. Deyərdim ki, Bakı Yunanıstanın Saloniki şəhərinə bənzəyir. Bu şəhərlərin oxşarlıqları çoxdur.

- Yeni mövsümə hazırlıq necə gedir?

- Hazırlıq keçdiyimiz baza çox yaxşıdır, hər cür şəraiti var. Oyun və məşq meydançaları yüksək səviyyədədir. Hava şəraiti də yaxşıdır. Məşqlərimiz həm yaxşı, həm də yorğunluq fonunda keçir. Təlim-məşq toplanışında olduğumuz üçün bu da normaldır. Bilməliyik ki, orqanizmimiz neçə faiz hazırdır. Hazırlığı yaxşı qiymətləndirərdim.

- İlk yoxlama oyununda qələbə qazandınız...

- Toplanış çərçivəsində ilk sınaq matçımız idi. Şadam ki, qalib gəldik, amma yoxlama görüşlərində nəticə çox vacib olmamalıdır. Oyunumuzu yaxşılaşdırmalıyıq. Hər oyunda buraxdığımız səhvlərdən nəticə çıxarmalıyıq ki, gələn dəfə eyni səhvlərə yol verməyək. Yaxşı oyun oldu. Fasilədən sonra gənc futbolçulara da şans verildi. Onlar da özlərini yaxşı tərəfdən göstərdilər. Bunların hamısı sevindirici haldır.

- Qısa müddətdə azarkeşlərin sevimli futbolçularından birinə çevrildin. Onlara nə demək istərdiniz?

- Mənim üçün çox xoşdur ki, qısa müddətdə azarkeşlərin rəğbətini qazanmışam, onların sevimlisi olmuşam. Həm azarkeşlərin, həm də klub rəhbərliyinin, "Neftçi”də çalışanların dəstəyini hiss edirəm. Onlara təşəkkürümü bildirirəm. Bizdən çox şey gözləyirlər. Çalışacağıq, onları qələbələrlə sevindirib, etimadı doğruldaq. Qarşıdan Avropa Liqasının oyunları gəlir. Bununla belə, ölkə çempionatına da çox ciddi hazırlaşacağıq. Keçənilki səhvləri təkrarlamayıb, "Neftçi”ni layiq olduğu yerə – çempionluğa gətirməyə çalışacağıq. İstərdim ki, Avropa Liqasına qələbə ilə başlayaq. Azarkeşlərimizi bizi dəstəkləməyə çağırıram. İnanıram ki, onların da dəstəyi ilə məqsədimizə nail olacağıq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
21581 səs