12/08/2019
18:44
1236
| A A A
Qurbanov narahatdır: "Məşqçi dəyişikliyi bizə problem yarada bilər" - MÜSAHİBƏ

 “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Çempionlar Liqasının III təsnifat mərhələsində APOEL-lə cavab oyunu öncəsi mətbuat konfransı keçirib. Goal.az-ın məlumatına görə, o, əvvəlcə görüş barədə fikirlərini bildirib.

- Vacib oyuna çıxacağıq. Diqqətli olmalıyıq. Rəqibdə baş məşqçi dəyişikliyi olub. Ümumiyyətlə, APOEL daim fərqli sistemdə oynayır. Sabah futbolçularımıza meydanda daha çox düşünmək lazım olacaq. Komandanı bacardığımız qədər məlumatlandırmışıq. Hər bir halda, istəyirik ki, azarkeşlərimizi sevindirək. Yaxşı oyun göstərib, mübarizə aparmaq və yaxşı nəticə qazanmaq istəyirik.

- Kipr mətbuatı yazır ki, rəqibdə baş məşqçi dəyişikliyi sizi çox narahat edir...

- Narahatlıq mütləq var. Dəyişiklik olanda, xüsusilə bu, məşqçi ilə bağlıdısa, narahatlıq olur. Çünki ilk oyundan öncə fərqli hazırlaşmışdıq, indi isə tam fərqli sistem olacaq. Oyunçular eyni olsa da. Belə hallar əvvəl də olub.  Əvvəl də qeyd etdim ki, sabah çox düşünməli və ehtiyatlı olmalıyıq. Narahatlıq deməzdim, sadəcə, belə dəyişiklik bizə problem ola bilər.

- İlk oyunda cərimə zərbəsi zamanı Almeydanın canlı səddin arxasında uzanması maraqlı görüntü idi...

- Belə hallar olur. Biz bilirdik ki, rəqib futbolçu belə epizodlardan yaxşı istifadə edir. Yaxın məsafədən olanda belə bir şeyin baş verməsi normaldır. Hər bir futbolçu qol buraxmamaq üçün əlindən gələn hər köməyi etməlidir. Gələcəkdə yenə belə hallar ola bilər.

- Uduzan komandaya təyin olunan baş məşqçi yəqin ki, növbəti mərhələ sözü verməyib. Bu, sizin xeyrinizədir, yoxsa rəqib daha rahat olacağı üçün onlara üstünlükdür?

- Bizim fərqli fikirlər söyləməyimiz düzgün çıxmaz. Əlbəttə, yeni baş məşqçi gəlirsə, məsuliyyəti də olur. Hətta onun uğurlu nəticələri olsa belə. Eyni böyük məsuliyyət məndə də var. Yeni baş məşqçinin nə etmək istədiyi və qələbə üçün hansı variantlara əl atacağı vacibdir. Məsuliyyət bizim üçün daha çoxdur. Ancaq inanmıram ki, onun qarşısına mütləq qələbə tələbi qoyublar. Lakin qələbəyə köklənəcəklər. Hər ikimiz üçün məsuliyyət çox böyükdür.

- Zədəlilərin durumu necədir?

- Hər şey yaxşılığa doğru gedir. Bədavi komandaya qoşulmayıb. Belə oyunlarda futbolçu sayının çox olmasının önəmi böyükdür. Digər futbolçularda vəziyyət normaldır. İndi 10-15 gün əvvələ nisbətən daha yaxşıyılq. Mikrozədələr də olur. Amma həftəboyu hamı komanda ilə birgə məşq edib.

- APOEL-in oyununda böyük dəyişikliklərin olacağı deyilir. Kipr mətbuatı yazır ki, 3-lü müdafiədən imtina edəcəklər...

- Ola bilər rəqibdə sistem dəyişikliyi olsun. İndi bunu bilmirik. Komandalarda baş məşqçi dəyişikliyi olanda daha aqressiv olurlar. Öz oyunumuza köklənməliyik.

- İlk oyunun son saniyələrində buraxılan qol planlarınızı nə dərəcədə dəyişdi?

- Təcrübə göstərir ki, ilk oyundakı nəticələr heç bir komandanı arxayınlaşdırmamalıdır. Hər bir komandanın sona kimi ümidi olur. Bəlkə də, 2:0 daha yaxşı idi. Bəzən buraxılan qol komandanın ziyanına olur, bəzən isə xeyrinə. Bilmək olmaz. Ola bilər ki, daha da ciddi olacağıq. Bu, bir daha göstərdi ki, futbol son saniyəyə kimi oynanılır. Diqqətli olmalıyıq ki, belə vacib anlarda qapımızda qol görməyək.

- Heyətdə dəyişikliklər olacaq?

- Səhər yenə məşqimiz olacaq. Qərarı həmin vaxt verəcəyik.

- Maqaye Qaye sabah start heyətdə başlayacaq?

- Düşünürəm ki, yox. Bir qədər ideal fiziki formasından uzaqdır. Ancaq hər şey yaxşılığa doğru gedir. Amma meydana çıxmaq ehtimalı böyükdür.

- Mahir Emreli ilk oyunda qol vurdu. Bu hal və transfer xəbərləri ilə bağlı onunla fərdi söhbətiniz olub?

- Daim futbolçularla fərdi söhbət edirik. Düzdür, biri 2, digəri 5 ildən sonra böyüyür. İstər-istəməz hər futbolçunun yaxşı oyunundan sonra söhbətimiz olur ki, bunu davam etdirsin. Bir futbolçu yaxşı çıxış edirsə, rəqib futbolçular da ona daha çox diqqət edirlər. Ona görə də futbolçunun ilk düşüncəsi cavab oyununda daha yaxşı oynamaq olmalıdır. O, getdikcə böyüməyə başlayır. Daha diqqətli olmalıdır. Ancaq insan nəfsi fərqlidir, üzdə bir cür görünə bilər, daxildə isə başqa cür fikirləşməsi mümkündür. İnanıram ki, sabah daha aktiv olacaq.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
27139 səs