10/09/2019
15:52
1544
| A A A
"Klopp nənəmi qucaqladı, o da "evə getmək istəmirəm" dedi" - Veynaldum

Liverpool-un baş məşqçisi Yurgen Klopp matçın gedişində davranışları, mətbuat konfranslarında açıqlamaları ilə daim gündəmdə olur.

Goal.az xəbər verir ki,  Liverpool-un hollandiyalı yarımmüdafiəçisi Veynaldum Kloppla bağlı xatirələrini bölüşüb:

"Kiyevdəki Çempionlar Liqasının finalından (Real - Liverpool) əvvəl gərgin idik. Klopp köynəyini şalvarının, daha doğrusu, alt paltarının içərisinə salmağa çalışırdı. Bu an onun alt paltarının Kriştiano Ronaldonun brendi olduğunu gördük. Üzərində "CR7" yazılmış alt geyimi görünürdü və o, bu halda danışmağa davam edirdi... Özümüzü saxlaya bilmədik, hamımız gülməkdən yerə yıxılmışdıq. Bu yolla bizi rahatlatdı. Adətən, belə hallarda hər kəs ciddi olur, diqqətini toplamağa çalışır, amma o, rahat idi və bizi də sakitləşdirmək üçün belə bir gedişdən istifadə etdi.

Yüzlərlə belə zarafatını xatırlayıram. Məşqçi arxayın və rahatdırsa, bu, oyunçulara da təsir edir. Bu mənada Klopp bizim üçün əsl "ata fiquru"dur. Zarafatları və bədən dili sayəsində üzərimizdəki təzyiqi götürür.

Problemim olanda həmişə ona müraciət edə bilirəm. Bir-iki gün əvvəldən mesaj atıram və mənə zaman ayırmağını xahiş edirəm. Həmişə olub-bitənlə maraqlanır: "Yaxşı bir şeydir, yoxsa pis?; Nə olub?" Klopp özünü başqalarının yerinə qoymağa, onların nə hiss etdiyini anlamağa çalışır. O, mənim üçün xüsusi biridir. Klopp təkcə məşqçi deyil, onu "əsl dost" adlandırardım.

Bir dəfə meydanı tərk edəndə arxasında idim və çiyninə toxundum. Həmin tərəfə doğru baxdı, amma mən, əslində, digər tərəfdə idim. Tipik məktəbli zarafatı - ilk kontaktımız belə olub.

Hər kəs məndən Kloppun həyatda necə biri olduğunu soruşur: "Meydanın kənarında etdikləri saxta deyil?" - bu tip suallar verirlər. Yox, deyil, Klopp elə sizin gördüyünüz kimi biridir. Hətta məşqdə də eynidir. O, belə biridir.

Arada məni böyüdən nənəmi - Fransinanı ziyarət etmək üçün Hollandiyaya gedirəm. O, həmişə Klopp haqqında danışır: "Oyunlardan sonra çox xoşbəxt görünür. Futbolçulara təşəkkür etmək üçün onları qucaqlayır". Bir dəfə nənəmdən soruşdum: "Kloppla qucaqlaşmaq istəyərdin?" Sonra Fransinanı "Enfild"ə apardım və məşqçidən xahiş etdim ki, onunla görüşsün. Klopp nənəmi qucaqladı. Fransinanın o an dedikləri yadımdadır: "Evə qayıtmaq istəmirəm". İnanın, hələ də bu haqda danışır".

Rüfət Məcid

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
34161 səs