07/03/2020
15:25
1559
| A A A
Adaşların duelindən kim qalib çıxacaq?

Adaşların duelindən kim qalib çıxacaq?

Eyni adlı futbol klubları arasında baş tutan matçlar hər zaman öz prinsipiallığı ilə yadda qalıb. Bəzi fanatlar bunu azarkeşi olduğu komandanın bu ada daha çox layiq olmağı ilə əlaqələndirir. Eynən SRRİ dövrünün ən böyük futbol rəqabətlərindən olan Moskva və Kiyev Dinamolarının görüşü kimi…

Əzəli rəqabət

Bu axşam Almaniya Bundesliqası çərçivəsində baş tutacaq Borussia Monchengladbac - Borussia Dortmund matçı da bu qəbildəndir. Almaniyanın ən böyük futbol qarşılaşmalarından biri hesab olunan Borussia Monchengladbac - Borussia Dortmund oyunları zamanı hətta digər klubların azarkeşlərinin də diqqəti bura yönəlir.

Almaniya Bundesliqasının 25-ci turu çərçivəsində baş tutacaq Borussia Monchengladbac - Borussia Dortmund oyunu turnir cədvəlində liderliyə yüksəlmək istəyən hər iki klub üçün böyük əhəmiyyət kəsb edir. Ümumilikdə, Münhenqladbax və Dortmund təmsilçiləri arasında baş tutan görüşlər daim öz prinsipiallığı ilə yadda qalıb.

Dortmundluların üstünlüyü

Bu günə kimi Borussia Monchengladbac - Borussia Dortmund klubları arasında 113 rəsmi oyun baş tutub. Bunların 49-da Borussia Dortmund, 33-də isə Borussia Monchengladbac qələbəyə sevinən tərəf olub. 31 qarşılaşma isə bərabərliklə yekunlaşıb. Bu günə kimi sözügedən matçlarda 390 top vurulub ki, bunun 212-si Borussia Dortmund-un payına düşür. Münhenqladbaxlılar isə 178 dəfə rəqibini məyus edib.

İlk və son oyunlar

İki klub arasındakı ilk rəsmi qarşılaşma 1955-ci ilin 16 oktyabrına təsadüf edir. Almaniya çempionatının güclülər dəstəsində baş tutan həmin matçda Borussia Monchengladbac və Borussia Dortmund 1-1 hesablı bərabərliyə razı olublar. Sonuncu qarşılaşma isə ötən ilin oktyabr ayına təsadüf edib. 2019-cu il oktyabrın 30-da Almaniya Kubokunun II turu çərçivəsində baş tutan matçda Borussia Dortmund qalib gələn tərəf olub. Arılar Münxenqladbaxlıları 2-1 hesabı ilə məğlub edib.

Bundesliqada son 10 oyun

Komandalar arasında baş tuta son 10 rəsmi matça nəzər yetirsək, dortmundluların aşkar üstünlüyünü görərik. Belə ki, arılar son 10 matçın 10-da da qalib gəlməklə maksimum nəticə göstərib. Sözügedən matçlarda Borussia Dortmund 28, Borussia Monchengladbac isə 7 qol vurub:

1. Borussia Dortmund 2-1 Borussia Monchengladbac (2019-2020)

2. Borussia Dortmund 1-0 Borussia Monchengladbac (2019-2020)

3. Borussia Monchengladbac 0-2 Borussia Dortmund (2018-2019)

4. Borussia Dortmund 2-1 Borussia Monchengladbac (2018-2019)

5. Borussia Monchengladbac 0-1 Borussia Dortmund (2017-2018)

6. Borussia Dortmund 6-1 Borussia Monchengladbac (2017-2018)

7. Borussia Monchengladbac 2-3 Borussia Dortmund (2016-2017)

8. Borussia Dortmund 4-1 Borussia Monchengladbac (2016-2017)

9. Borussia Monchengladbac 1-3 Borussia Dortmund (2015-2016)

X. Borussia Dortmund 4-0 Borussia Monchengladbac (2015-2016)

Ən böyük hesablı qələbələr

Borussia Monchengladbac-ın rəqibinə qarşı ən böyük hesablı qələbəsi 29 aprel 1978-ci ilə təsadüf edir. Həmin görüşdə münhenqladbaxlılar Borussia Dortmund-u 12-0 hesabı ilə darmadağın edib. Borussia Dortmund isə adaşını 28 oktyabr 1956-cı ildə səfərdə 7-0 hesabı ilə məğlub edib. Sözügedən matç Borussia Dortmund-un Borussia Monchengladbac üzərində ən böyük hesablı qələbəsi hesab olunur.

2 xallıq fərq...

Cari mövsüm Borussia Monchengladbac və Borussia Dortmund çempionata o qədər də yaxşı start verməsə də, sonrakı turlarda ardıcıl qələbələr həm münhenqladbaxlıları, həm də dortmundluları turnir cədvəlinin yuxarı pillələrinə qaldırdı. Hazırda 24 turdan sonra Borussia Dortmund 48 xalla 3-cü, Borussia Monchengladbac isə 46 xalla 4-cü pillədə lövbər salıb. Qeyd edək ki, Borussia Monchengladbac-ın ehtiyyatda hələ təxirə salınmış 1 oyunu var. Bu mövsüm Borussia Monchengladbac-ın heyətində ən sərrast futbolçu 8 topla fransız Alassane Plea-dır. Borussia Dortmund-da isə İngiltərə millisinin üzvü Ceydon Sanço 14 dəfə fərqlənməklə komandasının ən yaxşısıdır.

Maraqlı faktlar

Borussia Monchengladbac-Borussia Dortmund matçlarında ən çox fərqlənən futbolçular arıların heyətində çıxış etmiş Yurgen Şultz və müxtəlif vaxtlarda hər iki klubun şərəfini qorumuş Frenk Mill və Marko Roysdur. Hər 3 futbolçu Borussia Monchengladbac-Borussia Dortmund rəqabətində 10 qolla yadda qalıb. Hazırda Borussia Dortmundun heyətində çıxış edən Marko Roys bugünki oyunda fərqləndiyi halda bu kateqoriyada liderliyi ələ keçirə bilər.

Xatırladaq ki, Borussia Parkda baş tutacaq Borussia Monchengladbac-Borussia Dortmund matçı bu gün Bakı vaxtı ilə 21:30-da başlayacaq. Görüşü Sascha Stegeman-ın başçılıq etdiyi hakimlər briqadası idarə edəcək.

Həmidağa Məcidov