21/09/2021
10:10
1384
| A A A
"Yaxşı komandaya qarşı oynadıq və qalib gəldik" - Qurban Qurbanov

"Futbolçuları təbrik edirəm. Vacib 3 xal qazandıq. Oyunçular çox əziyyət çəkdilər. Bəziləri idman formasından uzaq idi. Bu az matça çıxmaqla bağlıdır. Yaxşı komandaya qarşı oynadıq və qalib gəldik. Oyundan və nəticədən razı qaldım".

Goal.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Sumqayıt"a 2:0 hesabı ilə qalib gəldikləri Premyer Liqanın 6-cı tur oyunundan sonra mətbuat konfransında deyib.

49 yaşlı mütəxəssis Qaspar Panaderonun formada olmadığını bildirib: "Onun növbəti avrokubok görüşünə kimi tam hazır olacağını deyə bilmərəm. Bugünkü formasından razı deyiləm".

Təcrübəli baş məşqçi Ramil Şeydayev haqqında da danışıb: "Bəzən futbolçuda inamsızlıq olur. Belə şey yoxdur ki, bir qol vursa, hər şey qaydasına düşəcək. İstəyindən əl çəkməməlidir. Hər futbolçudan faydalanmağa çalışırıq. Şeydayev qarşıda daha yaxşı olacaq. İstəklidir, bəlkə də onun haqqında danışmaq Ramilə təsir edir. Rəqibləri də nəzərə almalıyıq. Düşünürəm ki, hər oyunçumuz növbəti görüşlərdə daha yaxşı olacaq. Filip Ozobiç isə millidə 3 oyun oynadı. Biz Kadi Borgesi də həmin mövqedə oynatdıq. Kimsə iki oyun oynamırsa, bu uzun müddət hesab olunur. Ozobiç ritmdən düşmüşdü. Rəqiblər də belə oyunçulara qarşı daha diqqətli oynayırlar. Hazırda qol epizoduna girirsə, daha da yaxşı ola bilər. Ozobiç çatışmazlığı öz təcrübəsi ilə aradan qaldırır".

Qurbanov Bəhlul Mustafazadənın oyunundan razı qaldığını sözlərinə əlavə edib: "Neçə oyun meydana çıxmadığı üçün ayağında ağrı oldu. Çox çalışır, məşq edir. Zədəsi ciddi deyil". (Report)