13/10/2019
10:44
1490
| A A A
Hacı Əliyev uğursuzluqlardan dərs alacaq

Rusiyanın Yakutsk şəhərində Dmitri Korkinin xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə beynəlxalq turnir keçirilir. 

Goal.az xəbər verir ki, yarışda ölkəmizi yığmamızın böyük məşqçisi Zəlimxan Hüseynovun rəhbərliyi altında təmsil edən güləşçilərdən biri də Hacı Əliyevdi.

Bir müddət öncə dünya çempionatında uğursuz çıxışı ilə yadda qalan güləşçimiz bu turnirdə də uğur qazana bilməyib. 65 kq-da yarışan yığmamızın üzvü bununla əlaqədar yerli sportyakutia.ru saytına açıqlama verib:

“Təəssüf ki, Yakutskda ən yaxşı güləşimi göstərə bilmədim. Yerli güləş həvəskarlarını razı sala bilmədiyim üçün məyusam. Bəhanə gətirmək istəmirəm, Qazaxıstanda keçirilən dünya çempionatında uğursuz çıxış etdim, daha sonra Dmitri Korkin turnirində məğlub oldum. Ardıcıl iki turnirdə uğursuzluqla üzləşdiyimi hələ xatırlamıram.

Rəşidovla görüşə toxunmayaq, Şarastepanovla qarşılaşmadan danışaq. Hesabda üstün idim, ancaq çox tez rahatlaşdım. Bəli, Daşa yaxşı güləşçidir, amma səhv etməsəydim, ona rahat qalib gələ bilərdim. O, son saniyələrdən məndən xal alarkən elə zənn etdim ki, vaxt bitib. Bu, mənim üçün yaxşı bir dərs olacaq. Deməli, hətta üçqat dünya çempionu da çox şey öyrənməlidi. Buna görə daha da səylə məşq etməlisiniz. Hərdən belə olur. Sən ardıcıl qələbə qazanırsan, hamı sənə yaxşı olduğunu deyir və tərif yağdırır. Və bütün bunlar səni rahatlaşdırır, hər şeyin yaxşı olduğunu düşünməyə məcbur edir.

Yakutskdakı turnir səhvlərimi göstərdi, hansı ki, onların üzərində işləməliyəm. İstənilən yarışdan – qələbə qazandığın və ya uduzduğun, fərqi yoxdur – faydalanmaq lazımdır.

Ancaq bu ilin mənim üçün uğursuz olduğunu söyləmək olmaz. Çünki bu il Avropa çempionu və Avropa Oyunlarının qalibi oldum. Dünya çempionatındakı uğursuzluğu Olimpiadada qələbəylə əvəzləyəcəyəm. Tokiodakı Oyunlardan sonra isə mütləq Yakutskdakı növbəti Dmitri Korkin turnirində iştirak edəcəyəm. Sizə söz verirəm!”

money.az currency

Noyabrın ən yaxşı futbolçusu?

PEYMAN BABAYİ
%
DAVİT VOLKOV
%
RİÇARD QADZE
%
JOZEF MONROZ
%
1060 səs