13/12/2016
16:28
24585
| A A A
Qurban Qurbanov üçün tamam, yoxsa davam?

Azərbaycanda son 3 mövsümün çempionu "Qarabağ"ı artıq Avropada da yaxşı tanıyırlar. Ağdam klubu ardıcıl 3 dəfə UEFA Avropa Liqasının qrup mərhələsinə düşən ilk klubumuzdur. Bu turnirdə 60 top vuran "Qarabağ" qapısında 66 qol görüb. "Köhlən atlar"ın Avrokuboklarda uğurlu sayıla biləcək çıxışında baş məşqçi Qurban Qurbanovun rolu danılmazdır. Q.Qurbanov son dönəm futbolumuzda yetişən ən yaxşı mütəxəsislərdən biridir. Xarizması, oyuna özünəməxsus yanaşması ilə fərqlənən Qurbanov futbolsevərlərin rəğbətini qazana bilib. Eyni zamanda nəzərə almaq lazımdır ki, "Qarabağ"ın məqsədi Avropa kuboklarında daha irəliyə getməkdir. Avroliqada ağdamlıların kifayət qədər təcrübəsi var. Amma hər dəfə qrup mərhələsi səddini adlamaq üçün nəsə çatışmır. Bunun komandanın həlledici oyunlarda psixoloji təzyiqə dözməməsi, baş məşqçinin oyuna səhv müdaxiləsi və ya sadəcə bəxtsizliklə əlaqədar olduğunu demək çətindir. 2014/15 mövsümündə Milan "İnter"inə qarşı qrupun son matçında hakimin səhv qərarı Ağdam klubunun pley-off arzularını puç etmişdisə, sonrakı 2 mövsümdə "Anderlecht" və "Fiorentina" ilə həlledici oyunlarda məğlubiyyət komandanın çıxışını başa vurması ilə nəticələnmişdi. Fakt budur ki, son 3 mövsüm Avropa Liqasında hər 3 amil özünü göstərib. Görəsən, "Qarabağ" rəhbərliyi növbəti mövsüm  beynəlxalq arenada qarşıya qoyulmuş hədəfə çatmaqda Qurban Qurbanovun işinə güvənəcək? Yoxsa, "atalar üçdən deyib" prinsipini əsas götürərək başqa çalışdırıcını komandanın sükanı arxasına gətirəcək? Bəlkə də, komandada yeni nəfəsə ehtiyac özünü daha qabarıq göstərəcək. İstənilən halda Qurban Qurbanov "Qarabağ"ın indki səviyyəyə çatmasında əsas pay sahiblərindən biridir.